16 avqust 2022 02:34
941

Ən böyük məhsuldarlıq məhz işğaldan azad edilmiş torpaqlarda olacaq

Dövlət başçısı İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bir daha bu əminliyi ifadə etdi ki,  ən böyük məhsuldarlıq məhz işğaldan azad edilmiş torpaqlarda olacaq

“Mənim bölgələrə səfərlərim müntəzəm xarakter daşıyır, həm vəziyyətlə tanış olmaq, həm də əlavə göstərişlərin verilməsi üçün. Gedən işlərə, bildiyiniz kimi, özüm nəzarət edirəm və son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət almışdır. Bu gün Ağsu, İsmayıllı rayonlarına səfərim çərçivəsində burada görülmüş və görüləcək işlər haqqında həm göstərişlər verilmişdir, eyni zamanda, məruzələr edilmişdir.” Dövlət başçısı İlham Əliyev İsmayıllı və Ağsu rayonlarına səfəri çərçivəsində Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində adları çəkilən rayonların timsalında bölgələrin inkişafı istiqamətində atılan addımlardan, həyata keçirilən infrastruktur layihələrindən geniş bəhs etdi.

Görülən və görüləcək işlərin fonunda bir daha bu reallıq öz təsdiqini tapır ki, ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasının  böyük rola malik olduğu bugünkü reallıqlarımızdan daha aydın görünür. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən qeyri-neft sektorunun inkişafını qarşıya mühüm vəzifə kimi qoyaraq, regionların malik olduğu  potensial imkanlardan səmərəli istifadə etmək məqsədilə regional inkişaf proqramlarının icrasını diqqətdə saxlayır.  Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır.

İqtisadiyyatın inkişafında üç mühüm sahənin inkişafı əsasdır: enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi. Bugünkü iqtisadi inkişafın təməlində  ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası və hazırda onun Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi dayanır. “Əsrin müqaviləsi” Azərbaycana iqtisadi və siyasi dividendlər qazandırdı, böyük investisiyalar məkanına çevirdi, sabitlik diyarı kimi mövqeyini möhkəmləndirdi. Son 19 ilə yaxın dövrdə  ölkə iqtisadiyyatına 280 milyard dollara yaxın investisiyanın yatırılması “Əsrin müqaviləsi”nin və onun davamı olaraq imzalanan «Yeni əsrin müqaviləsi»nin  uğurlu nəticələrindəndir. “Əsrin müqaviləsi”ndən sonra onlarla neft və qaz müqaviləsinin, Anlaşma Memorandumunun imzalanması ölkəmizə olan inamın  göstəricisidir.  İqtisadiyyatın hərtərəfli inkişafında daşıma, çatdırma və təchizat kimi məsələlərin həlledici rolunu nəzərə alsaq,  nəqliyyatın dünya standartları səviyyəsində olması daim prioritetliyini qoruyub. Təbii ki, buna geniş imkan yaradan əsas amillərdən biri də 2003-cü ildən etibarən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan davamlı addımlar və onların uğurlu nəticələridir. Neft gəlirlərinin  istifadəsində şəffaflığın yüksək səviyyədə təmin olunması qeyri-neft sektorunun inkişafına geniş yol açdı. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində  yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması istiqamətində  mühüm tədbirlər həyata keçirilir, Prezident Fərman və sərəncamları imzalanır.  İmzalanan sənədlərə uyğun olaraq  çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunmuş və olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə  müasir standartlara  uyğun qurulub. Yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Bir sözlə, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası  ölkənin geosiyasi maraqlarına, malik olduğumuz enerji resurslarının səmərəli istifadəsinə yol açan enerji layihələrinin uğurlu icrasına,  qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin  təminatına  xidmət edib və bundan sonra da edəcək. Dövlət başçısı İlham Əliyev 2003-cü ildə “İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır” tezisini irəli sürərək, son 19 ilə yaxın dövrdə  bu istiqamətdə əhəmiyyətli uğurların əldə olunmasına, ən əsası günümüzün əsas tələbi olan güclü sahibkarlar sinfinin formalaşmasına nail olunub. Ölkə Prezidentinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclaslarında daim bu məsələyə diqqət yönəldilir, konkret tapşırıqlar verilir. 

Atılan bu addımlarda əsas məqsəd təbii ki, bölgələrin inkişafına nail olmaqla      yanaşı, sahibkarlara dəstəkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha  yüksək səviyyədə qurmalarını şərtləndirir. Bu gün ailə təsərrüfatlarının inkişafından bəhs edirik. Asan dəstək funksiyasını yerinə yetirən ABAD mərkəzlərin normal fəaliyyətində bu amillərin rolu böyükdür. Həmçinin son illərdə ölkə Prezidenti  İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi ortaya qoyur. “Kənd təsərrüfatı qarşısında  duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir” söyləyən ölkə Prezidenti bildirir ki, ən müasir texnologiyalar tətbiq edilməlidir. Xarici mütəxəssislər cəlb edilməlidir.  Cənab İlham Əliyevin  sədrliyi ilə  müxtəlif sahələr üzrə müşavirələr keçirilmiş, pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq, çəltikçilik, sitrusçuluq, çayçılıq - bütün bu məsələlər çox geniş müzakirə edilmişdir. Dövlət proqramları hazırlanmış, təsdiq olunmuş və bütün hədəflər müəyyən edilmişdir. Bu proqramlar  konkret xarakter daşıyır. Orada həm icra mexanizmləri, maliyyə vəsaiti nəzərdə tutulur.” Əsas məqsəd budur ki,  ölkənin hərtərəfli inkişafı təmin olunsun, ən əsası insanların sosial rifah halı daha da yaxşılaşdırılsın. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə daha da artırılması, daxili investisiyaların xarici investisiyaları  üstələməsi ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin bariz nümunəsidir.  Cənab İlham Əliyev çıxışlarında bildirir : «Əlbəttə, bütün bu işləri görərkən, bir daha qeyd etmək istəyirəm ki, biz bir neçə məqsədi güdürük. Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı  məhsullarının ixracını artırmaq. Hesab edirəm ki, biz kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilərik. Bu, real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq.» Bu məqam hər zaman önə çəkilir ki,  əgər  sovet vaxtına nəzər salsaq görərik ki,  o vaxt bölgü aparılırdı.  Azərbaycanda üzüm, pambıq, gül, meyvə, tərəvəz istehsal edilirdi, ancaq yağ, ət, un başqa respublikalardan gətirilirdi. Bu da vahid ölkə üçün məqbul variant idi. Ancaq biz indi müstəqillik dövründə yaşayırıq və əlbəttə ki, çalışmalıyıq öz ərzaq  təhlükəsizliyimizi tam şəkildə təmin edək.  Təbii ki, rayonlar üzrə aparılan ixtisaslaşma dövlət başçısı İlham Əliyevin sədrliyi ilə həmin sahələrin inkişafına dair müşavirələrin keçirilməsi, prioritetlərin açıqlanması qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olacağımıza  əsas yaratdı.

  Qeyd etdiyimiz kimi, özəl bölmənin əsas sahələrindən olan aqrar sektorun inkişafına xüsusi diqqət yetirilir.  Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac  potensialının artırılması məqsədilə  ölkədə müasir  aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Aqroparkda  fermer artıq   satışın təşkili, saxlanma, təkrar istehsal kimi  məsələlərdən azad olur.  Dövlət başçısı İlham Əliyev İsmayıllı və Ağsu rayonlarına səfəri zamanı «Ağsu Aqropark»ın fəaliyyət ilə tanış oldu. Məlumat üçün qeyd edildi ki, respublikamızın 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılıb. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb. İndiyədək aqroparklara 1,3 milyard manat özəl investisiya qoyulub. Bununla yanaşı, dövlət tərəfindən aqroparklara müvafiq dəstək tədbirləri görülüb. Belə ki, investisiya təşviqi sənədi almış 27 aqroparkdan 26-sına texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 43,7 milyon manat dəyərində güzəşt tətbiq olunub, 25 aqroparkın yaradılması və ya fəaliyyətinin genişləndirilməsi üçün 184,2 milyon manat güzəştli kredit verilib. Həmçinin aqroparklar üçün infrastruktur təminatı dövlət vəsaiti hesabına həyata keçirilir. Aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayır. Hazırda aqroparklarda ümumilikdə 4491 işçi daimi, 6303 işçi isə mövsümi işlə təmin olunub. Gələcəkdə əlavə 4672 iş yerinin yaradılması nəzərdə tutulur. Artıq ölkədə 44 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır.

   Onu da qeyd edək ki,  son illərdə  əksər kənd təsərrüfatı  məhsulunun istehsal həcminin artım tempi ölkədə kənd əhalisinin sayının artım tempini dəfələrlə üstələyib.  Ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmlidir. İlk gündən  “Əlbəttə, Azərbaycanın bəzi ərzaq məhsullarını xarici bazarlardan idxal etməsinə baxmayaraq biz çalışmalıyıq ki, öz daxili istehsalımızı maksimum artıraq, fövqəladə hallardan özümüzü qoruyaq” çağırışını edən  cənab İlham Əliyev bildirir ki,  özümüzü təmin etmək üçün daxili bazarların daxili resurslar hesabına təmin edilməsi prosesi davam etdiriləcək.

  Dövlət başçısı Azərbaycan Televiziyasına müsahibəsində bu mühüm məqamı da xüsusi qeyd etdi ki, hazırda işğaldan azad edilmiş ərazilərdə də əkin-biçin işləri həyata keçirilir. «Mənim göstərişimlə vaxt itirmədən əkin işləri aparılmışdır, minalardan təmizləmə işləri aparılmışdır. Hesab edirəm ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcək» söyləyən ölkə Proezidenti bu məqama da diqqəti yönəltdi ki, azad edilmiş torpaqlarda kənd təsərrüfatının müasir planlı şəkildə ixtisaslaşma əsasında təşkili bizə imkan verəcək ki, oraya qayıdacaq insanlar əkin-biçinlə məşğul olmaqla öz güzəranını özləri təmin edəcək, eyni zamanda, ölkəmizin ərzaqla təminatı və ixrac imkanları böyük dərəcədə artacaq.  Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etməlidir.  Fermerlərə, oraya qayıdacaq vətəndaşlara həm dəstək göstəriləcək, subsidiya veriləcək, eyni zamanda,  onların yetişdirdikləri məhsulu bazarlara çıxarmalarına imkanlar yaradılacaq.  Şərqi Zəngəzur və Qarabağ bölgələrində kənd təsərrüfatının inkişafı ən müasir əsaslar üzərində qurulmalıdır. Dövlət başçısı bildirir: «Çünki biz faktiki olaraq işlərə sıfırdan başlayırıq, ona görə səhvə yol verə bilmərik. Vaxtilə Azərbaycanda aparılmış kənd təsərrüfatı islahatı zamanı buraxılan səhvlərə yol verə bilmərik. Hər şey düzgün, şəffaf olmalıdır və əminəm ki, bunun nəticəsində ən böyük məhsuldarlıq məhz işğaldan azad edilmiş torpaqlarda olacaq.»

Dövlət başçısı İlham Əliyev daim çıxışlarında, keçirilən müşavirələrdə bu məqama diqqəti yönəldir ki,  1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində  bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətimizdən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurmuşuq və  müstəqil ölkə kimi yaşayırıq. Gələcəkdə daha da böyük işlər görüləcək.

Davamlı inkişafın əsası olan strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Sözsüz ki, müsbət göstəricilərimiz  verilən tapşırıqlar və onların icrası nəticəsində mümkün olmuşdur. “Əgər biz oturub gözləsəydik ki, kimsə gəlib bunu bizim əvəzimizə edəcək, hansısa investor gəlib pul qoyacaq, bunların heç biri mümkün olmazdı” söyləyən dövlət başçısı bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafının bütün dövrlər üçün aktual olduğunu bildirir. Ölkəmizdə keçirilən biznes forumlar, həmçinin ölkə Prezidentinin bu və ya digər xarici ölkəyə səfəri zamanı iş adamları ilə  görüşləri iqtisadi imkanlarımızın təqdimatında əhəmiyyətli rol oynayır.

Artıq iki ilə yaxındır ki, ölkəmizin həyatında yeni mərhələ-işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması uğurla həyata keçirilir.  Həmçinin iqtisadi rayonların yeni bölgüsü, «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiqlənməsi də qarşıdakı dövrün aydın mənzərəsini yaradır. Tezliklə Qarabağımız və Şərqi Zəngəzur böyük investisiyalar məkanına çevriləcək.

Yeganə Əliyeva, «İki sahil»