16 avqust 2022 21:51
572

İşğaldan azad olunmuş ərazilər ölkənin ərzaq təhlükəsizliyinə töhfələr verəcək

Qarabağ və Şərqi Zəngəzur Cənubi Qafqazın ən məhsuldar torpaqlarına malikdir

İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdən sonra Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri sürətlə davam edir. Yeni avtomobil və dəmir yolları, körpülər, tunellər, hava limanları, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su elektrik stansiyaları tikilir, tarixi-mədəni, dini abidələrimiz bərpa edilir.  Təbii ki, bərpa və quruculuq işlərinin əsas məqsədi Qarabağ və Şərqi Zəngəzuru əsl sahiblərinə qaytarmaqla min illərlə əkinçilik ənənəsi olan bu  torpaqlarda bol məhsul yetişdirməklə ölkənin ərzaq təhlükəsizliyinə töhfə verməkdir. Bu bir danılmaz faktdır ki, Qarabağ və Şərqi Zəngəzur torpaqları Cənubi Qafqazın ən məhsuldar torpaqlarıdır. Qaratorpaq və bolsulu olan bu ərazilərdə kənd təsərrüfatına aid bir çox strateji məhsul yetişdirmək mümkündür.

Prezident İlham Əliyev çıxışlarında bu torpaqların ölkəmiz üçün həm mənəvi, həm də maddi baxımdan nə qədər önəmli olmasını dəfələrlə vurğulayıb. Bildirib ki, yaxın gələcəkdə işğaldan azad edilən torpaqlarda xarüqələr yaradılacaq ki, bu da ölkədə ərzaq bolluğunun yaranmasına xidmət edəcəkdir. Ölkəmizin başçısı avqustun 12 –də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə zamanı işğaldan azad edilən torpaqlarda kənd təsərrüfatının inkişaf etdirilməsinə dair də fikirlər səsləndirib. Bildirib ki, işğaldan azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var: «Əlbəttə, torpaqlarımız işğalçılardan azad olunandan sonra mən dərhal göstəriş verdim ki, biz vaxt itirmədən bu torpaqlarda əkin-biçinlə məşğul olmalıyıq. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Düzdür, məhsuldarlıq çox aşağıdır, bu da təbiidir. Çünki uzun illər bu torpaqlar istifadəsiz qalmışdır, suvarma da yoxdur, dəmyə şəraitində taxıl yetişdirilir və birinci ildir ki, əkin aparılmışdır. Ona görə hektardan orta məhsuldarlıq təqribən 1 tondan aşağıdır.»

Prezident işğaldan azad olmuş torpaqlarımızda kənd təsərrüfatı məhsullarının istehsalındakı artımın növbəti illərdə daha yüksəldilməsi  üçün konkret məsələlərə də diqqət yönəldib. Bildirib ki, növbəti illərdə məhsuldarlıq və əkin sahələri daha da artacaq:«Mən hesab edirəm ki, biz azad edilmiş torpaqlarda taxılçılıq üçün ən azı 100 min hektarı dövriyyəyə buraxmalıyıq və əlbəttə ki, bütün müasir aqrotexniki tədbirlərin görülməsi, o cümlədən suvarma məsələlərinin düzgün təşkil edilməsi şərtilə. Xüsusilə nəzərə alsaq ki, bizim əsas çaylarımız da erməni işğalına məruz qalmışdı. Mənfur düşmən bizi öz suyumuzdan da məhrum etmişdi. Bildiyiniz kimi, Tərtər çayının suyundan biz faktiki olaraq istifadə edə bilmirdik. Həkəri çayın suyundan, Bazar çayın suyundan istifadə edə bilmirdik. Bunlar, azad edilmiş torpaqlarda əsas çaylardır, amma o çayların sayı daha da çoxdur.Ona görə bu amili nəzərə alsaq və azad edilmiş torpaqlarda kənd təsərrüfatının müasir planlı şəkildə ixtisaslaşma əsasında təşkili bizə imkan verəcək ki, oraya qayıdacaq insanlar əkin-biçinlə məşğul olmaqla öz güzəranını özləri təmin edəcəklər, yaxşı vəsait əldə edəcəklər, eyni zamanda, ölkəmizin ərzaqla təminatı və ixrac imkanları böyük dərəcədə artacaq.»

Bu da reallıqdır ki, artıq işğaldan aza edilmiş Laçın və Kəlbəcər rayonları kənd təsərrüfatı üçün yerli sakinlərin istifadəsinə verilib. İkinci ildir ki, çobanlar qoyun sürüləri ilə oraya göndərilib, arıçılar arı ailələrini həmin ərazilərə köçürüblər. Ona görə də ölkəmizdə bal istehsalı daha da çoxalıb.

İşğaldan azad olunmuş ərazilərdə ümumilikdə 9 su anbarı tikilir və ya təmir olunur. Bütün bunlar bir daha sübut edir ki, Qarabağın və Şərqi Zəngəzurun zəngin su ehtiyatlarının düzgün və səmərəli idarə olunması bütövlükdə regionun iqtisadi inkişafını sürətləndirəcək.  Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay su anbarlarının bərpası ilə Füzuli rayonu ərazisində 6200 hektar əkin sahəsinin suvarılması mümkün olacaq.

Qeyd edək ki, Qarabağın və Şərqi Zəngəzurun  yenidən qurulması proqramının icrası üçün dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb. Bu ilin ilk yarısında həmin məbləğin təxminən 25 faizə yaxın hissəsi artıq icra olunub. Hazırda Ağdam və Füzuli şəhərlərində baş planlara uyğun quruculuq prosesi gedir. Bu ilin sonunadək digər rayon mərkəzlərinin və qəsəbələrin Baş planları da hazırlanacaq.

 Ümumiyyətlə, bu gün ərzaq təhlükəsizliyi Prezident İlham Əliyev üçün prioritet məsələdir. Çünki dünya əhalisinin sürətlə artdığı, təbii ehtiyatların tükəndiyi indiki bir vaxtda ərzaq təhlükəsizliyi məsələsi daha kəskin şəkildə özünü büruzə verir. Bu problemin həlli, ilk növbədə, yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlıdır. Hazırda ölkəmizdə iqtisadi sabitliyin qorunub saxlanılması, kənd təssərrüfatının inkişafı uğurla həyata keçirilməkdədir.

Göründüyü kimi, Qarabağı və Şərqi Zəngəzuru 44 günə dəmir yumruğun gücü ilə düşməndən təmizləyən Ali Baş Komandan bu gün dəmir iradə ilə 30 il ərzində viran qoyulan yurd yerlərimizi yenidən qurur, keçmiş məcburi köçkünlərin qaytarılması, kənd təsərrüfatının dirçəldilməsi üçün kompleks tədbirlər görür.

Elçin Zaman, «İki sahil»