21 sentyabr 2022 18:20
463

İş yerində stresdən uzaq durmaq istəyiriksə...

Streslə “zəngin” iş: Belə mühitin yaranmaması üçün nə etməli ?

Stresin müşahidə olunduğu mühitlərdən biri də günün əsas hissəsini  keçirdiyimiz iş yerləridir.  Ağır iş yükü, az istirahət, uzun və gərgin iş saatları, məcburi iş rejimi sonda stresli mühit yaradır.  Stress halları aradan qalxmadıqda və ya uzun müddət davam etdikdə isə orqanizm daimi oyanıqlıq vəziyyətində olur. Bu da orqanizmin bioloji sistemlərinin “köhnəlməsi” və “zəifləməsi” prosesini sürətləndirərək  zehni və fiziki sağlamlığınıza da mənfi təsir edir. 

Streslə müxtəlif xəstəliklər arasındakı əlaqələrə dair bir çox tədqiqatlar aparılmışdır. Əhval-ruhiyyənin aşağı olması, yuxu rejiminin,  mədənin fəaliyyətinin pozulması, baş ağrısı, ailə üzvləri və dostlarla münasibətlərin korlanması streslə bağlı problemlərdir. Araşdırmalar zamanı müxtəlif növ xronik xəstəliklərin, xüsusilə də ürək-damar xəstəlikləri, skelet-əzələ və psixoloji pozuntuların inkişafında stresin mühüm rol oynadığı artıq sübuta yetirilib. Araşdırmalara görə, stress 5 xərçəng  növünə yoluxma riskini artırır.  İşiniz streslə “zəngin”dirsə bu zaman siz özünüzü təkcə yüksək qan təzyiqindən deyil, həm də  xərçəng xəstəliyindən də qorumalısınız.

Stressin qarşısını almaq üçün  düzgün və aktiv istirahət təşkil olunmalıdır

Şağan Reabilitasiya Pansionatının şöbə müdiri, psixoloq İlahə Dadaşova sözügedən mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, birbaşa insan faktoru olan iş yerləri stresli sayılır. Burada işçilər insanlarla birbaşa kontaktda olur, belə mühitdə münaqişə, narahatedici situasiyalar ola bilir. Buna görə də vəziyyəti tam nəzarətdə saxlamaq,  idarə etmək  hər dəfə mümkün olmur. İnsan xarakterləri fərqli olduğu üçün müxtəlif situasiyalar da yarana bilir. Belə hallarda işdə tez-tez  stress mühiti formalaşır.

Daha sonra həmsöhbətimiz diqqətə çatdırdı ki, stresin mənfi cəhətləri ilə yanaşı, müsbət tərəfləri də var. Bu hal işçini necə deyərlər, daim məsuliyyət altında saxlayır.  Əksinə stress olmadıqda işçinin məsuliyyətsizliyi də ola bilər. Psixologiyada stressin mənfi və müsbət olmaqla iki növü var.  Yəni müsbət stress əslində, hər bir sahəyə lazımdır. Amma müsbət stress davamlı olanda və uzun müddət aradan qaldırılmayanda, istirahət mühiti olmayanda artıq mənfi stresə keçir. Belə olduqda isə işçinin keyfiyyət göstəricisi aşağı düşür.

İ.Dadaşovanın sözlərinə görə, davamlı stress mühitində  işləyən şəxslərdə “burn out”  yəni  “yanma” sindromu yaranır. Bu, güclü stresli mühitlərdə yaranan psixoloji pozuntudur. Bu sindrom zamanı depressiyaya bənzər əlamətlər  ortaya çıxır. Buraya yorğunluq, yuxudan oyanarkən işə getməmək  duyğusu,  işdə keyfiyyət göstəricisinin aşağı  düşməsi, müəyyən emosional davranışlar, aqressiv  hərəkətlər, kollektivlə, müştərilərlə düzgün davranış qaydalarına riayət edə bilməmək  və s. bu kimi hallar baş verir.

Psixoloq stresdən uzaq olmaq istəyənlərə tövsiyələr verdi: “İlk növbədə, istənilən  iş mühitində rəhbərlik işçilərin   iş  saatını və istirahət günlərini düzgün tənzimləməlidir. Əks halda, işçi daha çox yorulacaq, stressə məruz qalacaq. Müəssisədə maraqlı istirahət otağı təşkil edilməlidir. Müəyyən iş yerlərində işçilər üçün idman zalının olması da yaxşı olardı. Çünki idman edən şəxs  özünü psixoloji və fiziki cəhətdən daha gümrah hiss edir.  İş yerində yaranmış və yarana biləcək konkfliktlərə tez müdaxilə olunmalıdır. Hər bir müəssisənin psixoloqu olmalıdır. Zənnimcə, bu hallara riayət olunarsa, insanlar daha rahat işləyə bilərlər.”

Ya işlədiyi mühit rahat deyil, ya da…  

“Nuray” uşaq bağçasının direktoru, psixoloq-pedaqoq Zeynəb Eyyubova açıqlamasında  qeyd etdi ki, insan işləyərkən o zaman  stress halına girir ki,  ya işlədiyi mühit rahat deyil, ya öz ətrafındakı insanlarla problem yaşayır, yəni kollektivi ona qarşı  bulinq (aqressiya)  edir. Belə olduqda işdə stress  baş verir. Bu cür mühitdə çalışmaq insanın əsəb sisteminə mənfi təsir edərək pozur. Stresli mühitdə çalışanlar irəliləmək, uğur qazanmaq istəmir. Zaman keçdikcə də artan və həllini tapmayan problemlərin içində  boğularaq nevroz (nevrotik pozuntular) olurlar.

Psixoloqun sözlərinə görə, stressiz mühit yoxdur. Buna görə də  stresə qarşı dözümlü olmalıyıq. Ən əsası  öz hədəflərimiz və məqsədlərimiz olmalıdır. İş üçün müraciət etmədən öncə həmin mühitin  necə olduğunu,  oranın kollektivinı araşdırın ki, sonradan daxil olduğunuz mühit sizi sıxaraq ciddi problemlər yaratmasın.

Sevdiyiniz işi görün ki, stresə düşməyin!

“Dərya” Tədris və Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Gülnar Orucova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, heç birimiz  stresdən uzaq ola bilmərik. Kim oluruqsa olaq hər birimizin həyatında stress var: “Stresin yaranma səbəbləri də müxtəlif olur. Birinin ailəsi,  digərinin işi, başqa birinin yaşam tərzi, bəzilərinin münasibəti stresə gətirib çıxarır. Sırf maddiyyata görə çalışan insanlar işlərini sevmirlər bu da davamlı  olaraq stresli mühit yaradır. Bəzən isə rəhbərlik işçilərlə düzgün rəftar etmir. Yaxud da ki, işçilərin biri-biri arasında yaranmış münaqişə stressli mühit yaradır.”

Psixoloq əlavə etdi ki, bəzi insanlarda stresə olan dözümsüzlük insanda özünəgüvəni, özünü qiymətləndirməni aşağı salır, əsəb və gərginlik yaradır, nitq qüsurlarının yaranmasına, depressiyaya, intihara meyil etməyə səbəb olur: “Stresli vəziyyətlər ən çox özünəgüvənsizliyimizdən qaynaqlanır. Başqa bir səbəb isə  maddi sıxıntılardır. İnsan maddi baxımdan heç kimdən asılı olmayanda davamlı olaraq ayaqda qaldıqda stresli vəziyyətə də düşmür. Əgər stresdən uzaq durmaq istəyiriksə çalışmalıyıq ki,  özünəgüvənimizi artıraq, ətrafdakı insanların fikirlərini ciddiyə almayaq, sevmədiyimiz işlərdə  çalışmayaq.  Sevdiyiniz işi görün ki, stresə düşməyin. Əgər məvacib sizi qane etmirsə, öz potensialınızı daha yüksəkdə görürsünüzsə həmin işdən ayrılın. Potensialınızı dəyərləndirəcək insanlarla çalışın.”

Yaqut Ağaşahqızı, “İki sahil”