22 sentyabr 2022 02:38
358

Təhsildə uğurlu layihə: Daha çevik, optimal, təhlükəsiz və...

Yeni modul tipli məktəblər ənənəvi təhsil ocaqlarından nə ilə fərqlənir?

Azərbaycanda təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchiz edilməsi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır.

Prezident İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamı ilə dövlət büdcəsindən ölkə ərazisində yeni modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə 5 milyon manat ayrılıb. Sərəncama əsasən 15 rayonun ərazisində yeni modul tipli məktəblər quraşdırılacaq.

Hazırda ölkəmizdə 4472 orta məktəb binası var və onların 3 mindən çoxu təmir olunub. Eyni zamanda, normal təhsil mühitinin və şəraitinin olmadığı, qəzalı vəziyyətdə olan məktəblər də var. Amma bu məktəblərin hamısı regionlarda yerləşir və azsaylı şagird tutumuna malikdir. Modul tipli məktəblər inşa etməklə bu problem həll edilir. Modul tipli məktəblərdən Avropa və Amerikada istifadə edilir. Bu, daha çevikdir və sökülüb-daşınması daha optimaldır, təhlükəsizliyi yüksək səviyyədədir. Həmçinin daha keyfiyyətli dizayn əsasında formalaşdırılır. Ölkəmizdə son vaxtlar yeni modul tipli məktəblərin tikintisinə də xüsusi diqqət yetirilir. Hazırda ucqar kəndlərdə bütün müasir avadanlıqla təmin edilən və tezliklə istifadəyə verilə bilən modul tipli məktəblərin tikintisi gedir.

Ekspertlərin fikrincə, bir ənənəvi məktəbin inşası üçün lazım olan vəsaitlə orta hesabla 10-a yaxın yeni modul tipli məktəb quraşdırmaq olar. Modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət (orta hesabla 1 ay) ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun rahatlıqla azaldılıb-artırılmasıdır.

Ekspertlərin fikrincə, yeni modul tipli məktəblərin inşası müsbət haldır. Modul tipli məktəblərin digər üstünlüyü budur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən, tədris prosesi dayandırılmır və bu məqsədlə müvəqqəti (məsələn, 50 yerlik) səyyar məktəb quraşdırılır. Bölgələrdə, xüsusilə ucqar kəndlərdə illərdir təmir olunmayan qəzalı məktəblər modul tipli məktəblərlə əvəzlənir. Şagird sayına uyğun sinif otaqları, kitabxanası, sanitar qovşağı olan modul tipli məktəblər istənilən vaxt başqa əraziyə köçürülə və ya genişləndirilə bilər. Ənənəvi məktəblərdə isə daha çox tikinti materiallarından istifadə olunur. Şagird sayı sıx olan, daha təhlükəli vəziyyətdə olan məktəblər ilk olaraq modul tipli məktəblərlə əvəz edilir. Bu günədək quraşdırılan yeni modul tipli məktəblər sayəsində azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəblərinin problemi həll edilib.

Yeni modul tipli məktəblər həm də ekoloji baxımdan uğurlu sayıla bilər. Məsələn, 50-100 nəfər əhali yaşayan ərazilərdə, məktəbə gedən uşaqların sayı maksimum 20-30 nəfər ola bilər. Belə yerlərdə böyük fundamental məktəb tikmək məqsədəuyğun deyil. Buradakı şagirdlərin qonşu kənddəki məktəblərə getmələri müəyyən problemlər yaradır. Modul tipli məktəblər belə məntəqələrdə əhalinin təhsilə olan tələbatını ödəməklə dövlətə kömək edir.

Müasir dövrün tələblərindən biri də məktəbin görünüşüdür. Ənənəvi məktəblərdə bunu həyata keçirmək heç də asan məsələ deyil. Belə məktəblərin xüsusilə təbiəti gözəl olan meşə, çay kənarlarında quraşdırılması da mümkündür. Bu isə şagirdlər üçün faydalı olacaq. Beləliklə, yeni modul tipli məktəblər Azərbaycan təhsilinə yeni nəfəs gətirib, şagirdlərin məktəbə cəlb olunmasında və qəzalı məktəblərin sayının azalması baxımından çox uğurlu bir layihədir.

Dövlətin təhsil siyasətində keyfiyyət prinsipi mühüm yer tutur. Bu zaman təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu təmin edilir. Həmçinin səmərəlilik əsasında təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və müasir metodlarla təşkili həyata keçirilir. Milli təhsil sistemi dünya təhsil sisteminə səmərəli formada inteqrasiya olunur. Prezident İlham Əliyevin təhsilə sərmayə qoyuluşunu artırması, gələcəyin əsas uğurunun bu sahə ilə bağlı olduğunu göstərir.

Cavid Əkbərov, “İki sahil”