22 sentyabr 2022 16:15
409

Şakira ayrılıqdan sonra ilk dəfə -  Karyeramı Pikeyə qurban verdim/FOTO

Məşhur müğənni Şakira sevgilisi futbolçu Jerar Pikedən ayrılandan sonra ilk dəfə kamera qarşısına keçərək məsələ ilə bağlı açıqlama verib.

“İki sahil” xəbər verir ki, ifaçı "Elle"yə müsahibəsində həyatının bu mərhələsini "ən qaranlıq dövrlərdən biri" adlandırıb.

"Bu barədə şəxsən danışmaq həqiqətən çətindir, xüsusən də ilk dəfə müsahibəmdə bu mövzuya toxunacağam. Susdum və hər şeyi düşünməyə çalışdım. İctimaiyyət qarşısında olduğum üçün ayrılığımız normal formada olmadı. Ona görə də təkcə mənim üçün yox, uşaqlarım üçün də çətin idi. İnanılmaz dərəcədə çətin...

Paparatsilər gecə-gündüz evimin qarşısında növbə çəkirdilər və mənim evdə uşaqlarla birlikdə onlardan gizlənməyə yerim yox idi. Biz adi bir ailə kimi parkda gəzə, dondurma yeyə və ya paparassilər bizi təqib etmədən heç nə edə bilmirik. Yəni, çətindir".

O, Pike ilə arasındakı problemin və bu mərhələnin uşaqları üçün çətin olduğunu vurğulayıb: "Mən isə bu vəziyyəti uşaqlarımın hiss etməməsi üçün susaraq yaşamağa çalışdım. Onları qorumağa çalışıram, çünki bu, mənim həyatda bir nömrəli missiyamdır. Amma sonra onlar məktəbdə dostlarından nəsə eşidirlər və ya sosial şəbəkədə pis xəbərlərə rast gəlirlər, bu, sadəcə olaraq onları incidir.

Bacardıqca vəziyyəti onlardan gizlətməyə çalışıram. Valideynləri ayrılan uşaqlar çox üzülür. Bəzən mənə elə gəlir ki, bütün bunlar pis yuxudur və nə vaxtsa oyanacağam. Amma yox, bu realdır. Həm də real olan, uşaqlarımın atası ilə münasibətimin media tərəfindən vulqarlaşdırılmış və dəyərsizləşdirilən bir şeyə çevrildiyini görməyimdir. Bütün bunlar atamın reanimasiyada olduğu müddətdə baş verdi və mən müxtəlif problemlərlə eyni anda mübarizə aparırdım.

Dediyim kimi, bu, bəlkə də həyatımın ən qaranlıq vaxtıdır. Amma sonra dünyadakı bütün o qadınları düşünürəm. Çətin günlər keçir, mənimki qədər pis və ya daha da çətin günlər yaşayanlar var. Mənim kimi ailə dəyərlərinə inanan, ömürboyu bir ailə sahibi olmaq arzusunda olan qadınlar üçün bu xəyalın parça-parça olduğunu görmək, keçə biləcəyi ən ağrılı dövlərdən biridir. Amma düşünürəm ki, biz qadınlar dözümlüyük. Bu dözümlülük bizdə anadangəlmədir".

Şakira qəyyumluqla bağlı məsələyə də toxunub: "Nə olursa olsun, Pike övladlarının atası olaraq qalır və o, ümid edir ki, onlar gələcəkləri üçün nəyin yaxşı olduğunu anlaya biləcəklər".

İfaçı illər əvvəl Pikenin karyerası üçün öz sənətini qurban verdiyini deyib: "İkimizdən biri nəyisə qurban verməli idi. Ya o, “Barselona” ilə müqaviləsini ləğv edib mənimlə karyeramın inkişaf etdiyi ABŞ-a köçəcək, ya da mən bunu etməliyəm. Mən bunu etdim. Karyeramı arxa plana atdım və onun futbol oynaya, titullar qazana bilməsi üçün İspaniyaya köçdüm. Və bu sevgi üçün bir qurban idi".