22 sentyabr 2022 22:39
355

Yeni rəqəmsal era, internetin təkamülü və sonrası …

“Gələcək innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən ibarət olacaqdır.”

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Heç şübhəsiz ki, internet və onun yaratdığı virtual mozaika çox vektorlu olub XXl əsrin bizə yaşatdığı inanılmaz möhtəşəm reallıqlardır. Virtual dünyanın əsas texniki infrastrukturunu da “WWW” - World Wide Web - dünya hörümçək toru təşkil edir.

İnternet xidmətləri dedikdə nə başa düşülür?

Virtual məkanda göstərilən son mil (“last mile”) istifadəçilərindən (“users”) başlayaraq beynəlxalq şəbəkəyə qədər olan kiber fəaliyyətlərin toplusudur.

Dolayısı ilə bu qavram, ümumiistifadəli rabitə şəbəkələrinin altyapısından başlayaraq onların üzərində qurulmuş kommutasiya, transmissiya sistemləri, mis, optik xətlər, simsiz rabitə və digər vasitələr ilə internetin “onurğa sütunu”na (“back bone”) inteqrə olunmuş bağlantıdır. Həmçinin, onları əhatə edən texniki avadanlıq və sistemlərin üzərindən həyata keçirilən elektron xidmətlərin cəmidir.

Strateji prioritetlər:

İnternetin gələcəyi, onun alternativi nə qədər ki, məlum deyil bu sahədə yaxın və uzaq prespektivdə yaşanacaq təhlükə və problemlər bəşəriyyətin təkamülünü təhdid edəcəkdir. Bu təhlükələr virtual reallıqların dərindən düşünülməmiş qismi hələ ki, onun görünməyən tərəfidir. Bu istiqamət sahə üzrə peşəkar ekspertlərin bu gün də baş sındırdığı əsas ciddi məsələlərdən hesab olunur.

Eyni zamanda, çox aktual olan bu mövzu, virtual reallıqların fonunda internet cəmiyyətinin, onun həvəskar istifadəçilərinin də marağına uyğundur.

Təhlükələr nədən ibarətdir və necə qavranılmalıdır?

Təbii olaraq bütün bu suallara  veriləcək uğurlu cavablar mütəxəssislər tərəfindən birmənalı deyildir.

Ekspert çalışma və dərindən təhlilləri onu göstərir ki, internetin gələcəyi ilə əlaqədar problemlər ziddiyyətlidir, nikbin proqnozlar vermir.

 

Beynəlxalq tənzimləmə:

Bildiyimiz kimi, internetin texniki-təşkilati və üstqurum hüquqi təşkilatları bu sahənin normativ sənədlər toplusunu, onun reqlament, tövsiyə və sahə protokollarını işləyib hazırlamışlar və bu sənədlər tənzimləmə işlərini həyata keçirməkdə bu gün yetərli deyildir.

Burada əsas çatışmazlıqlar, internetin etik kodekslərində, kibercinayətkarlıqlarda, “sybersqatting”- domen adlarının möhtəkirlik məqsədilə mənimsənilməsi fəaliyyətlərində, saxta (feyk) akountlar altında anonim sui- istifadələrdə, ksenofobiya, irqçilik və diskriminativ ayrı seçkiliklərdə tənzimləmə sahəsindəki boşluqları qabarıq şəkildə göstərir.

İnternetin üstqurum təşkilatlarına - İCANN (“İnternet Cooperation for Assigned Names & Numbers”) domen ad və unikal kodların verilməsi üzrə internetin üst qeydiyyat təşkilatı, İANA (“İnternet Association Names &  Authorities”), RİPE (“Regional İnternet Protocols for Eropean countries) - internetin Avropa regionu üzrə səlahiyyətli orqanı və s. daxildirlər.

Bu təşkilatlar da sahə üzrə reqlament, protokol, tövsiyə və digər normativ sənədlər toplusunun işlənib hazırlanmasını və qlobal idarəetmə məqsədləri üçün yayılmasını lazımı səviyyədə təşkil edə bilmirlər və bu qurumlardan gözləntilər özünü tam doğrultmur.

Xronologiya:

Keçmişə ekskursiya edərək qeyd etmək yerinə düşər ki, bu günə kimi internet reallıqlarının və yüksək texnologiyaların inkişafı bəşəriyyətin keşməkeşli yollarından keçilərək əldə edilmişdir.

Bilindiyi kimi, təkamül, öz təşəkkülünü ilkin olaraq tonqallardan göyərçinlərə, çapar və qasidlərə, ilk poçtun yaranmasına, daha sonra isə telefon, teleqraf və teleks xidmətlərinin göstərilməsinə, nəhayət yeni çağın internet erasına transformasiya etmiş, rəqəmsal eraya qədəm qoymuşdur.

Bu sahədə əldə olunan texniki-tərəqqi nailiyyətləri möhtəşəm bir virtual mənzərəni ortaya qoymuş, internet reallıqlarını yaratmışdır.

Belə ki, sözü gedən bu virtual reallıqlar insanlığın tarixində sivilizasiyalar arası keçidə, o cümlədən texniki-tərəqqi ilə texnoloji yönlərdə çox şaxəli inkişafla müşayiət olunan rəqəmsal transformasiyanı günün reallığına çevirə bilmişdir. Rəqəmsal transformasiya da öz növbəsində rəqəmsal şəbəkələr və onların ağıllı internet platformaları üzərində qurulan informasiya cəmiyyətini formalaşdırmışdır.

Beləliklə, informasiya cəmiyyətində sosial media və internet platformalarının yaxından müşaiəti ilə XXl əsrin “homosapiensi”, onun “ağıllı insan” (“smartman”) türləri fenomeni yaranmış oldu. Bu “ağıllı” insanlar şərti “info-kratiya” adlandırılan virtual dünyada sosial media şəbəkələrində fəaliyyət göstərən əsas istifadəçi və yaradıcı cəmiyyətin özəyini formalaşdırmışdır.

Rəqəmsallaşma:

Rəqəmsal mühüt, kiber məkan, internetin yaratdığı virtual reallıqlar, o cümlədən, informasiya cəmiyyətləri və onun şərtləndirdiyi yeni ictimai - iqtisadi formasiya “info-kratiya” quruluşuna keçid, rəqəmsal eranın get-gedə dərinləşdiyini özündə ehtiva etmişdir.

Beləliklə, bəşəriyyət öz təbii inkişaf yolu ilə texniki-tərəqqi istiqamətində təşəkkül tapmış yeni çağa - internet erasına dərindən transformasiya olunmuşdur.

İnfo-kratiya:

Bununla da yeni sivilizasiya informasiya cəmiyyətinə inkias etmiş “info-kratiya” ictimai-iqtisadi formasiyasına uğurla keçidi reallaşdırmış oldu.

İnformasiya cəmiyyətinin bu gün təməl prinsiplərinə söykənən yaşadığımız çağdaş sivilizasiya heç şübhəsiz ki, təkamülün öz təbii axarı ilə bir özündən sonrakı qeyri-müəyyənliklərlə dolu yeni bir quruluşa keçid alacaqdır.

Bu proseslərin hansı təlatümlü texnoloji proseslərlə müşaiət olunacağı və necə baş verəcəyi yalnız təxmini ehtimallarla proqnozlaşdırıla bilər. Bu qəbildən, bu məsələ izahını gözləyən bir sıra aktual sualları meydana çıxarır və sonrakı təsəvvür ediləcək quruluşun gələcəyinin şərh edilməsini şərtləndirir. Eyni zamanda, virtual məkanda sivil sosiallaşma yönündə təkamül və yaşam şərtlərinin kökündən dəyişəcəyini də açıqca işarə edir.

Prespektivlər:

Aktuallığını qoruyan bu mövzu peşəkarları dərindən narahat edən sahə üzrə strateji sualları meydana çıxarmış və bu sualların tezisləri aşağıdakılardır:

⁃ internetin gələcəyi və alternativi, onun mövcud resursları və dayanıqlığı, sahə üzrə “force -major” durumları, texnoloji böhran vəziyyətlərinin hazırlıq vəziyyəti və onun sığortalanması və s. kimi internetin bir sıra həyatı vacib suallarını gündəmə gətirmişdir.

- Həmçinin “info-kratiya”nın transformasiya edərək digər quruluşa keçid alması, bütövlükdə internetin gətirdiyi texniki-tərəqqi, verdiyi geniş imkanlıqlar, kağızsız texnologiyaya keçid və büsbütün elektron arxivlərin yoxolma təhlükəsini göz önünə gətirmişdir. Digər tərəfdən də internetin ehtiyat resurslarının qorunub saxlanılması, texniki-tərəqqinin davamlılığı, elektron yaddaşların silinib tarixdən izsiz-soraqsız yox olma ehtimallarını da gündəmə gəlmişdir.

Nəticədə bu məntiqlə texniki təkamülün axarı yaşadığımız sivilizasiyanın son nailiyyətləri hesab olunan internetin texnoloji məhsullarının bütövlükdə kiber təhlükələrə məruz qalacağı və yeni “big-bank” (“böyük partlayış”) sayağı kataklizmləri bəşəriyyətə yaşadacağı da qaçılmaz görünür.

Son:

Beləliklə, gələcəkdə yeni ehtimal olunan quruluşa-sivilizasiyaya keçid, alternativ texnoloji həllər, smart innovativ alətlər, suni intellekt, kiber təfəkkür və yönləri, o cümlədən “kollektiv zəka” üzərindən intellektual analitik təhlillər aparılmaqla mümkün olacağı güman edilir.

P.S.

İstinad edilən təhlillər sahə üzrə “GZİT”*- güclü, zəif, imkan və təhdidlərə söykənilmişdir.

*GZİT- (SWOT- Strength, Weak, Opportunity, Threats)

Əflatun MƏMMƏDOV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun l müavini,
YAP Xətai rayon təşkilatı, ərazi partiya təşkilatının sədr müavini,
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert