29 sentyabr 2022 13:40
280

Sahibkarlar arasında sosioloji sorğu keçirilməsi təklif olunub

“Mikro, kiçik və orta sahibkarlıq subyektləri dövlət tərəfindən düzgün dəstəklənmədikdə onların 10-dan sadəcə 2-si ayaqda qala bilər”.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitənin sədr müavini Əli Məsimli deyib.

O bildirib ki, Azərbaycanda uçot sistemi olmadığına görə bu sahibkarlıq subyektlərinin ümumiyyətlə, hara getdiyi bilinmir: “Çox istərdim ki, bu qanun Azərbaycanda iş yerlərinin artmasına səbəb olsun. Çünki Azərbaycanda iş yerləri ilə bağlı statistika saxtadır. Çox istərdim ki, mikro, kiçik və orta sahibkarlıqla məşğul olanlarla bağlı belə olmasın. Beynəlxalq təcrübədə hər yeni açılan iş yerinin 2/3-si kiçik və orta sahibkarlığın payına düşür. Dəstəklənməyən kiçik sahibkarlıq ayaq üstə dayana bilmir. Beynəlxalq praktikada da kiçik, orta sahibkarlığa dövlət dəstək verir, onlar dövlətdə rəqabət mühitinin genişlənməsinə səbəb olur. Qanunda bu hissənin təkmilləşdirilməsinə ehtiyac var. İkincisi, biz qanunu qəbul edirik və 3 ay sonra qanuna əlavə və dəyişikliklər edirik. Bunun olmaması üçün çox qapalı formada ikinci, üçüncü oxunuşa qədər sahibkarlar arasında sosioloji sorğu keçirilməsi yaxşı olar. Bu sorğunu beynəlxalq sahibkarlıq subyektləri arasında da aparmaq lazımdır".

Komitə sədri Tahir Mirkişili isə işsizliyin statistikasının saxta olması barədə deyilənlərə münasibət bildirib: “Ola bilər ki, qeyri-dəqiqdir, amma saxta ifadəsi düzgün deyil”.