29 sentyabr 2022 17:40
388

Pakistanın İT şirkətləri Qarabağa investisiya yatırmağa dəvət olunub

Pakistanın informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət göstərməyə, həmin ərazilərə investisiya yatırmağa dəvət olunub.

“İki sahil” xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti azad edilmiş ərazilərdə yenidənqurma işləri aparır, ağıllı" kəndlər və "ağıllı şəhərlər" yaradır: “Pakistanın İT şirkətlərinin bu prosesə dəstək olmaq üçün kifayət qədər potensialı var”.

Səfir xatırladıb ki, bu gün Bakıda Azərbaycan – Pakistan Texnologiya forumu keçirilib: “Bu konfransın keçirilməsində məqsəd Pakistanın İT sahəsində fəaliyyət göstərən şirkətlərin Azərbaycanın dövlət və özəl tərəfdaşlarıilə əlaqələrin qurulmasıdır. Forumda Pakistandan 35 şirkəti təmsil edən nümayəndələr iştirak edirdi. Süni intellekt, blokçeyn, bulud texnologiyası sahələrində, İKT sektorunun bir sıra istiqamətlərində fəaliyyət göstərən şirkətlərdir. Ümid edirik ki, Pakistan şirkətlərinin yerli şirkətlərlə birbaşa əlaqəsi olacaq, İT sahəsində biliklərini və təcrübələrini bölüşəcəklər. Həmçinin, bu sahədə gələcək əməkdaşlıq istiqamətlərini müəyyən edəcəklər”.

Səfir əlavə edib ki, İT sektorunda əməkdaşlığımızı genişləndirmək üçün böyük potensialın olduğunu görürük: “Pakistanın İT sektoru çox böyükdür, Azərbaycan hökuməti Pakistanla İT sahəsində əməkdaşlığını genişləndirmək istəyir, ona görə də rəqəmsal inkişaf və nəqliyyat naziri, həmçinin hökumətin digər yüksək rəsmiləri forumda iştirak etdilər. İnanıram ki, bugünkü forum hər iki tərəf üçün çox məhsuldar idi, ümid edirəm ki, gələcək aylarda bu fəal əməkdaşlığa keçəcək. Bununla yanaşı, Azərbaycan şirkətləri Pakistanın İT sahəsini görmək və yaxından tanış olmaq üçün Pakistana dəvət olunublar”.

O vurğulayıb ki, Pakistanın İT şirkətlərinin həmçinin uşaqlara İT təhsili verməklə bağlı istəkləri var.