04 oktyabr 2022 16:01
314

Bakıda süd məhsulları müəssisəsində nöqsanlar aşkarlanıb

Bakıda süd və süd məhsullarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb, şirkətin rəhbərliyi cərimələnib.

Bu barədə “İki sahil”ə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verilib.

Belə ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 56 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Raul Babalı oğluna məxsus süd və süd məhsullarının istehsalı müəssisəsində aparılmış planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb.

Bildirilib ki, müəssisədə sanitar-gigiyenik qaydalara, texnoloji ardıcıllığa, mal qonşuluğu prinsipinə və temperatur rejminə riayət olunmadığı, döşəmə və divarların tamlığının pozulduğu, süd məhsullarının ilkin istehsalı, istehsalı və qablaşdırılmasının eyni sahədə həyata keçirildiyi müəyyənləşdirilib.

Eyni zamanda istehsal olunan məhsulların etiketlənməsində uyğunsuzluqlar, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkar edilib. Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib və bu sahədə qanunvericiliyin tələbləri izah olunub.