04 oktyabr 2022 16:40
346

Yevlaxda xəstəxanada mülki müdafiə məşqi keçirilib FOTO

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə məxsus xəstəxana binasında “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi təşkil edib.

FHN-dən “İki sahil”ə verilən məlumata görə, məşqdən əvvəl FHN-in Aran Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəisi mayor Elşən Bəşirov və “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktor müavini-baş həkim Gülağa Əzizov çıxış edərək bildiriblər ki, məşqin keçirilməsində məqsəd mülki müdafiə tədbirlər planının reallığının yoxlanılması, məşqə cəlb olunan heyətin mülki müdafiə sahəsində biliyinin artırılması və bu sahədə əməli vərdişlərin aşılanmasından ibarətdir.

Məşq zamanı heyətin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, həmçinin işçilərin təhlükəli ərazidən təxliyə edilməsi, şərti qəza yerində kəşfiyyatın təşkili, “xəsarət alanların” qəza zonasından çıxarılması və onlara “ilkin tibbi yardımın göstərilməsi”, baş vermiş şərti yanğının söndürülməsi kimi fəaliyyətlər icra edilib.

Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.