04 oktyabr 2022 16:59
720

Cəbrayıl rayonunun işğaldan azad olunması strateji əhəmiyyətə malikdir

Artıq iki ildir ki, xalqımız Şanlı Qələbə tarixini yaşayır. Biz daha işğal tarixindən danışmırıq, indi biz erməni işğaldan azad olunan ərazilərimizdən bəhs edirik.  Cəbrayıl 44 günlük Vətən Müharibəsinin gedişində azad olunan ilk şəhərimizdir. Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara uğurlu əks hücumunuz mümkün olmuşdur. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.

27 illik işğal dövrünü yaşayan Cəbrayıl rayonu bir vaxtlar  özünün ən gözəl dövrünü yaşayırdı. Lakin  1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən bu qədim Azərbaycan diyarı erməni vəhşiliyi və vandalizminə məruz qaldı.  1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd erməni işğalçıları tərəfindən vəhşicəsinə dağıdıldı.

Yerüstü və yeraltı sərvətlərlə zəngin olan Cəbrayılda  sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materiallarının və eləcə də dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Həmçinin, rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırda buynuzlu mal-qaranın kökəltmə birliyi, Quşçuluq fabriki fəaliyyət göstərirdi. Bir sözlə insanlar dinc şəraitdə və rifah halında yaşayırdılar.  Lakin keçmiş SSRİ məkanın baş verən hadisələrin fonunda, eyni zamanda, ölkədə mövcud xaosdan istifadə edərək erməni millətçiləri, onların hərbi-siyasi rəhbərliyi öz çirkin niyyətlərini həyata keçirməyə nail oldular və böyük faciələrlə müşayiət olunan işğal planını həyata keçirdilər. Lakin Azərbaycan xalqının tələbi ilə yenidən hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev ölkədəki mürəkkəb və gərgin vəziyyəti aradan qaldırdı, bütün sahələrdə islahatlar aparıldı. Biz yenidən səfərbər olduq. Və Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 30 ilə yaxın davam edən işğala son qoydu, ədaləti və ərazi bütövlüyümüzü bərpa etdi.  10 noyabr Bəyanatından, Ermənistan kapitulyasiya aktına imza atdıqdan 6 gün sonra ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilk dəfə Cəbrayıla gələrək,  tarixi Xudafərin  körpüsündə,  Cəbrayıl şəhərində Dövlət bayrağını  ucaltdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.  Tədqiqatlar göstərir ki, tarixən bu körpü Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri ilə Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük rol oynamışdır. Dövlət başçısı ürək ağrısı ilə dağıdılmış Cəbrayıl şəhərinin mərkəzinə baxış keçirdi və bütün dünyaya erməni vandalizimini əyani surətdə nümayiş etdirdi. Ermənilər tarixi maddi maddi-mədəni abidələrimizi, mədəni və dini irsimizi təhqir etmişdilər. Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazan nənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdı.  Cəbrayıl rayonu talan edilmişdi, humanitar və ekoloji fəlakət hər addımda hiss olunurdu. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir.  
Cəbrayıl rayonundan olan 52000 insan öz doğma yurdunda məcburi köçkünə çevrilmişdir. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar. Əlbəttə ki, Azərbaycan dövləti onlara sahib çıxdı, iqtisadi imkanlar artdıqca onlar üçün şəhərciklər salındı, daha yaxşı şərait yaradıldı. Lakin bu insanların pozulmuş hüquqları və 27 il davam edən qaçqınlıq həyatı heç bir beynəlxalq təşkilatı, qurumları narahat etmədi. Sanki onlar 1 milyondan çox Azərbaycanlı qaçqın və məcburi köçkünü görmürdülər. 

Ən mühüm məqamlardan biri də  “Böyük Qayıdış”ın məhz  Cəbrayıldan başlamasıdır. 5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdi. Azərbaycan Ordusunun bu uğurları bizi Böyük Qələbəyə daha yaxın etmişdir.

Artıq bütün Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri görülür, nəhəng layihələr həyata keçirilir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. 200 hektarı əhatə edən böyük bir layihə artıq icra olunmaqdadır və ilkin maliyyə vəsaiti də ayrılmışdır. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilmişdir. SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir. BP şirkəti ilə Cəbrayıl rayonunda 240MVt-lıq günəş elektrik stansiyanın və digər beynəlxalq şirkətlərin dəstəyi ilə Kəlbəcərdə külək elektrik stansiyasının tikintisi üzrə danışıqlar yekunlaşmaq üzrədir. “Cəbrayıl” yarımstansiyanın açılışı oldu. Həmçinin, “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin,Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, Memorial Kompleksin təməlqoyma mərasimləri keçirilmişdir. 

Cəbrayıl rayonun azad olunmasının birinci ildönümündə Prezident, Ali Baş Komandan Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşü isə  hər birimizdə xüsusi hisslər yaratdı. Bəli artıq biz öz tarixi torpaqlarımızdayıq, onu ləyaqətlə qoruyur, əbədi yaşamaq üçün yenidən qururuq! Bir daha bütün şəhidlərimizi dərin ehtiram hissi ilə yad edir, qazilərimizə Allahdan şəfa arzulayırıq!

Hicran Hüseynova,

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor