Oktyabrın 4-də Xətai Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib.
Rayon İcra Hakimiyyətində keçirilən yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Respublika Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, rayonun bir qrup ağsaqqalı və ziyalısı iştirak edib.
“İki sahil” xəbər verir ki, öncə ümummilli lider Heydər Əliyevin Xətai Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesindəki büstünün önünə gül dəstələri düzülüb.
Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək bildirib ki, 2020-ci ilin ən vacib hadisəsi torpaqlarımızın işğaldan azad edilməsi olub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan möhtəşəm “Dəmir yumruq” əməliyyatı şanlı Qələbə ilə başa çatıb. Xalqımız Vətən müharibəsi zamanı milli birlik göstərib.
Rafiq Quluyev qeyd edib ki, bu gün respublika ağsaqqalları ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Dövlətimizin bugünkü inkişafında onların böyük rolu var. Ağsaqqallarımız həmişə gənclərə nümunə olmaqla yanaşı, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi rol oynayır, öz bilik və təcrübələrini gənclərə öyrədirlər.
Xətai Rayon Ağsaqqallar Şurasının sədri İzzət Rüstəmov çıxışında, ağsaqqalların rayondakı ictimai fəaliyyətindən, rayon gəncləri ilə keçirdikləri tövsiyə xarakterli görüşlərdən danışıb. O, ölkənin siyasi həyatında ağsaqqalların da yaxından iştirak etdiklərini qeyd edib və Şuranın illik hesabatını təqdim edib.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə müstəqil dövlətimizin inkişaf edib möhkəmlənməsində ağsaqqalların əvəzsiz xidmətlərindən söz açıb. V.Rəhimzadə Xətai rayonunun daha da inkişaf etdirilməsində, ölkə başçısının respublikada həyata keçirdiyi abadlıq-quruculuq və yenidənqurma işlərinə rayon ağsaqqallarının hər zaman töhfə verəcəklərinə əmin olduğunu diqqətə çatdırıb.
Sonda Respublika Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov çıxış edərək, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışıb. O, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyə olunmasında ağsaqqallara hər zaman böyük ehtiyac duyulduğunu diqqətə çatdırıb. Natiq çıxışında Şuranın Nizamnamə və Əsasnaməsindən irəli gələn vəzifələr barədə məlumat verib və öz tövsiyələrini çatdırıb.