30 noyabr 2022 16:28
325

Borell ATƏT XİN Şurasının iclasında iştirak edəcək

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Polşada keçiriləcək ATƏT XİN Şurasının iclasında iştirak edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Aİ-nin Xarici Siyasət Xidməti məlumat yayıb. Bildirilib ki, Ali Nümayəndə Borrell Polşanın Lodz şəhərində keçiriləcək illik ATƏT Nazirlər Şurasında Avropa İttifaqını təmsil etmək üçün noyabrın 30-dan dekabrın 2-dək bu ölkədə səfərdə olacaq. O, həmçinin Vrotslav yaxınlığındakı Brzeq hərbi obyektində Ukrayna hərbçilərinin təlimi üçün bu yaxınlarda açılmış Aİ-nin Hərbi Yardım Missiyasına (EUMAM) baş çəkəcək.

Qeyd olunub ki, Ali Nümayəndə ATƏT Nazirlər Şurasının iclası çərçivəsində həmkarları ilə bir sıra ikitərəfli görüşlər keçirəcək. Borrell daha sonra Varşavaya gedəcək və orada Polşa baş nazirinin müavini və müdafiə naziri Mariuş Blaşzak ilə görüşəcək.