30 noyabr 2022 18:43
285

Bəsitçay Dövlət Təbiət Qoruğunda bina və qurğuların tikintisi qadağan ediləcək

Bəsitçay Dövlət Təbiət Qoruğunun xüsusi mühafizə rejiminin xüsusiyyətləri məlum olub.

“İki sahil” xəbər verir ki,  bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun Əsasnaməsinin və sanitariya-mühafizə zonasının təsdiq edilməsi barədə” qərarında əksini tapıb.

Qərara əsasən, Qoruğun ərazisində xüsusi mühafizənin vacib tədbirləri istisna olmaqla aşağıdakılar qadağan edilir:

- bina və qurğuların, ümumi istifadə üçün yolların, boru kəmərlərinin və digər kommunikasiya xətlərinin tikintisi;

- geoloji-kəşfiyyat və müxtəlif axtarış işlərinin aparılması;

- kənd təsərrüfatının, sənayenin, hidroenergetikanın, su nəqliyyatının və digər təsərrüfat ehtiyaclarının suya olan tələbatının ödənilməsi üçün yerüstü və yeraltı sulardan istifadə edilməsi;

- oduncaq tədarükü, ikinci dərəcəli meşə ehtiyatları tədarükü, meşədən əlavə istifadə və ovçuluq təsərrüfatının ehtiyacları üçün meşədən istifadəsi;

-bitki aləmindən təsərrüfat məqsədilə, habelə biçənək və otlaq kimi istifadə edilməsi;

- ov və balıq ovu, habelə ov və balıqçılıq obyektlərinə aid edilməyən heyvanların təsərrüfat məqsədilə istifadə edilməsi və ovlanması;

-ətraf mühitə hər hansı kimyəvi, bioloji və fiziki təsirin tətbiq edilməsi;

-kolleksiyaların toplanması, xüsusi icazə olmadan bitki və heyvanları təbii mühitdən ayırmaqla elmi tədqiqatların keçirilməsi;

- xüsusi icazə olmadan Qoruğun ərazisinə daxil olmaq;

- təbiət kompleksləri və obyektlərinin təbii vəziyyətinə təhlükə yaradan hər hansı digər fəaliyyət.

Elmi müəssisə və təşkilatların əməkdaşları, aidiyyəti ali məktəblərin müəllim və tələbələri Qoruğun iş planı üzrə elmi tədqiqat işləri aparmaq, elmi təcrübə keçmək və digər müvafiq işlər görmək üçün əraziyə normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada buraxılırlar.

Bəsitçay Dövlət Təbiət Qoruğunun mühafizəsi onun mühafizə xidməti tərəfindən həyata keçirilcək. Bu işə Qoruğun direktoru rəhbərlik edəcək.