01 dekabr 2022 16:22
436

Türk Dünyası Sığorta Birliyinin “Yol xəritəsi” müzakirə ediləcək

Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) Türkiyə Sığorta Birliyinin (TSB) sədri Atilla Benli və Birliyin İcraçı direktoru Özgür Obalı ilə görüş keçirilib.

Bu barədə "İki sahil"ə ASA-dan bildirilib. Məlumata görə, görüşdə iki ölkənin sığorta birlikləri arasındakı əməkdaşlıq münasibətlərinin mövcud vəziyyəti və yeni istiqamətlər müzakirə edilib.

ASA-nın İcraçı direktoru Elmar Mirsalayev qonaqlara yerli sığorta bazarının hazırki vəziyyəti, sektorun inkişaf dinamikası və həyata keçirilən layihələr haqqında məlumat verib.

TSB sədri Atilla Benli də öz növbəsində Türkiyənin sığorta sektorunda həyata keçirilən yeniliklərdən söz açıb və Azərbaycanın sığorta bazarında qeydə alınan böyümə trendini yüksək qiymətləndirib.

Görüşdə Türk Dünyası Sığorta Birliyi layihəsi də geniş müzakirə olunub. Tərəflər, Türk Dünyası Sığorta Birliyinin “Yol xəritəsi”nin və hazırlanacaq nizamnaməsinin Birliyə üzv ölkələrin sığortaçılar birlikləri ilə 2023-cü ilin mart ayında Türkiyənin Antalya şəhərində keçiriləcək “Beynəlxalq Sığorta Sərgisi”ndə müzakirə edilməsi ilə bağlı ortaq razılıq əldə edib.

Qeyd edək ki, Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Türkiyə Sığorta Birliyi 2020-ci ilin noyabr ayından qarşılıqlı əməkdaşlığa başlayıb. Türk Dünyası Sığorta Birliyi isə 2022-ci ilin may ayında Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın sığortaçılar birliklərinin iştirakı ilə təsis edilib.