Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara 105,6 milyon manat kredit verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 faiz çoxdur. Fondun Partnyorlarla iş şöbəsinin müdiri İsmayıl Hüseynovun sözlərinə görə, bu ilin sonuna qədər sahibkarlara 140 milyon manat güzəştli kreditin verilməsi planlaşdırılır.
Ümumilikdə isə Azərbaycanda indiyədək 41 min 475 sahibkarın ümumi dəyəri 6 milyard 380 milyon manat olan layihəsinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən dövlətin 2 milyard 743 milyon manat güzəştli krediti verilib. Bu, o deməkdir ki, belə layihələrin reallaşdırılmasına yönəldilmiş vəsaitlərin orta hesabla 43 faizi dövlətə məxsus olub.
“Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın 2-ci “Fondun güzəştli kredit vəsaitindən istifadə istiqamətləri” bəndinin icrası ilə əlaqədar iqtisadiyyatın sahələri üzrə müəyyən edilmiş prioritet istiqamətlər mövcuddur. Buraya ilk növbədə ölkə başçısının Fərman və sərəncamlarında, Dövlət proqramlarında, Nazirlər Kabinetinin qərar və sərəncamlarında nəzərdə tutulan istehsal, emal və xidmət sahələrinin dəstəklənməsi layihələri aiddir.
Həmçinin kənd təsərrüfatı və qeyri-neft sənaye sahələri, tibb, təhsil, ictimai iaşə və ictimai nəqliyyat xidmətləri, logistik mərkəz, soyuducu, taxıl anbarı kompleksləri, yaşıl market, fermer mağazalarının yaradılması yönümlü layihələrin dəstəklənməsi də bu sıraya aiddir. Güzəştli kreditlər, həmçinin turizmin və qədim xalq sənətlərinin inkişafı, tikinti sektorunda istifadə olunan maşın, qurğu və avadanlıqların alınması üzrə layihələrə də yönəldilir. Belə vəsaitləri, eyni zamanda, kütləvi informasiya vasitələrinin inkişafı layihələri üçün də cəlb etmək mümkündür. Bununla yanaşı, rəqəmsal iqtisadiyyat, internet, telekommunikasiya xidmətlərinin inkişafı, bərpa olunan enerjinin tətbiqi istiqamətində layihələrin dəstəklənməsi üçün də güzəştli kredit əldə etmək olar.
Burada ilk sırada qeyri-neft sektorunun inkişafı üzrə innovativ texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələrinin yaradılması, mövcud müəssisələrin modernləşdirilməsi və ya genişləndirilməsi dayanır. Eyni zamanda, idxaləvəzləyici və ixracyönümlü qida və qeyri-qida məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması, genişləndirilməsi də layihələrin qiymətləndirilməsində əsas meyarlardan biridir. Bundan başqa, aqroparkların, eləcə də aqrar sektorda müasir texnologiyaların tətbiqi ilə fermer təsərrüfatlarının və emal müəssisələrinin yaradılması, genişləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi inkişafa xidmət edən biznes layihələri də qiymətləndirmədə üstünlük verilən amillərdəndir.
Qeyd etmək lazımdır ki, layihələrin güzəştli kreditləşdirilməsində ərazi faktoru da böyük rol oynayır. Məsələn, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə güzəştli kreditlərin verilməsi üçün 21 sahə prioritet seçilibsə, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarına 15 sahədə fəaliyyət üçün güzəştli kreditlərin verilməsi nəzərdə tutulub. O da qeyd edilməlidir ki, güzəştli kreditlərin verilməsi üzrə prioritet istiqamətlər hər il Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının qərarı ilə müəyyən edilir.
Kreditlərin geri ödənilməsi müddətinə gəlincə, məbləği 5000-50 000 manat arasında olan kreditlər 3 ilədək, 50 001- 1 000 000 manatadək olan kreditlər 5 ilədək, 1 000 000-10 000 000 milyon manata qədər olan kreditlər isə 10 ilədək müddətə verilir. İllik faiz dərəcəsi 5 faizədək olan belə kredit üzrə güzəşt müddəti kredit müddətinin yarısınadək müəyyənləşdirilir.
Ceyhun Piriyev, “İki sahil”