Nağdsız ödəniş daha məqsədəuyğun və eləcə də iqtisadiyyatın leqallaşması baxımından vacibdir
Bu ilin yanvar ayının 1-dən “Vergi Məcəlləsi”ində yeni dəyişikliklər qüvvəyə mindi. Dəyişikliklərdən biri də “ƏDV-ni geri al” qaydaları ilə bağlıdır. Artıq bu ayın 1-dən etibarən plastik kartlardan istifadə edərək alış-veriş edən vətəndaşlarımız üçün ƏDV-nin 15 faizi deyil, 17.5 faizi geri qaytarılacaq. Eyni zamanda, nağd şəkildə ödəniş edənlər ƏDV-nin 10 faizi deyil, 5 faizini geri ala biləcəklər.
Qarabağ və Şərqi Zəngəzurda 2023-cü ilin yanvarın 1-dən etibarən 10 illik genişmiqyaslı güzəştlərin tətbiqinə start verilib. Belə ki, işğaldan azad edilmiş ərazilərimizin rezidentləri bu ilin yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad ediləcək. Bu “azadolma” işğaldan azad edilmiş ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil edilir. Qeyd edilən ərazilərimizdə nağdsız ödəniş edən vətəndaşlarımız üçün isə ƏDV-nin 30 faizi geri qaytarılacaq.
Qarabağ və Şərqi Zəngəzurda vergi azadolmaları maliyyə xidmətlərinin göstərilməsi sahəsində, həmçinin avtonəqliyyat vasitələri ilə yükdaşıma xidmətləri və dövlət büdcəsinin vəsaitləri hesabına podratçı (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) tərəfindən malların (işlərin və xidmətlərin) təqdim edilməsi kimi fəaliyyət növlərinə və əməliyyatlara şamil edilmir.
Bütün bunlar isə o deməkdir ki, plastik kartdan istifadə edərək ödəniş edən vətəndaşlarımıza bu ildən etibarən daha çox vəsait geri qaytarılacaq. Bu baxımdan nağdlı deyil, nağdsız ödəniş daha məqsədəuyğun və eləcə də iqtisadiyyatın leqallaşması baxımından vacibdir.
“ƏDV-ni geri al” mexanizmində əsas məqsəd də məhz vətəndaşlarda plastik kartlardan istifadə vərdişlərinin genişləndirilməsi və institutsional olaraq nağdlı hesablaşmaların minimumlaşdırılmasıdır. Bu, iqtisadiyyatın ağardılması və islahatlarının dərinləşdirilməsi baxımdan vacibdir. Bütövlükdə, bu il “Vergi Məcəlləsi”nə edilən dəyişikliklər stimullaşdırıcı xarakter daşıyır və real sektorun da bu imkanlardan faydalanmasına imkan yaradacaq.
Cavid Əkbərov, “İki sahil”