Fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası keçiriləcək. Tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələrinin iştirakı nəzərdə tutulub. Eyni zamanda, SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, “Bulgargaz EAD”, “Bulgartransgaz”, İCGB, “Fluxys”, ROMGAZ SA, SACE, “Desfa”, “TotalEnergies”, “FGSZ Ltd”, SNAM, “Uniper”, “Petronas”, “ACWA Power”, “Masdar”, “Fortescue Future Industries”, “WindEurope”, “SolarPower Europe”, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar da təmsil olunacaq.
Toplantı açılış sessiyasından sonra “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi: Əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatının genişləndirilməsi” və “Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması” mövzularında plenar sessiyalarla davam edəcək. Həmçinin Məşvərət Şurası çərçivəsində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında imzalanmış yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası üzrə Rəhbər Komitənin ilk iclasının keçirilməsi də planlaşdırılır.Tədbirin sonunda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının yekunlarına dair mətbuat konfransı keçiriləcək.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasının keçirilməsinə 2015-ci ildən başlanılıb. Həmin bu dövrdən başlayaraq bu, Cənub qaz dəhlizi layihəsinin reallaşdırılması istiqamətində qarşıya qoyulmuş vəzifələrin müzakirəsini nəzərdə tuturdu. Hazırda isə Cənub Qaz Dəhlizi artıq üçüncü ilinə qədəm qoyub. Əgər əvvəlki iclasların mövzusu layihənin icrası, o cümlədən ötənilki toplantı layihənin icrasının yekunlaşması ilə bağlı idisə, bu dəfə əsas mövzu Avropaya qaz nəqlinin artırılmasıdır. Belə ki, “köhnə qitə” təbii qaz idxalına cəmi iki ildir başlamasına baxmayaraq tədarükün artırılmasını istəyir. Belə ki, Avropada Azərbaycan qazı əldə etmək istəyənlərin sayı artıb. Həmçinin mövcud alıcılar arasında da idxalın artırılmasında maraqlı olanlar var. Başqa sözlə, Azərbaycan qazına maraq xeyli artıb. Təsadüfi deyil ki, 2021-ci ildə Azərbaycanın Avropaya təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetr olub. Cari ildə isə onun həcmi ən azı 11,6 milyard kubmetr olacaq.
Azərbaycan qazına marağın artmasının başlıca səbəbi Avropanın son bir ildə üzləşdiyi dərin qaz böhranıdır. Bir il əvvələ qədər Avropanın üçdəbirini təbii qaz ilə təmin edən Rusiyanın Ukrayna ilə müharibəyə başlaması və Avropa İttifaqı tərəfindən tətbiq edilmiş sanksiyalar qitənin enerji təchizatı üçün təhlükəli vəziyyət yaradıb. Bu baxımdan indiyədək Cənub Qaz Dəhlizinə skeptik yanaşanlar belə hazırda onun əhəmiyyətli olduğunu anlayırlar.
Qeyd edək ki, Azərbaycan qazı Cənub-Şərqi Avropaya qədər yol qət edir. İndi Avropa İttifaqını düşündürən arxasında heç bir siyasi maraq dayanmayan, etibarlı və rəqabətli Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin artırılmasının və coğrafi baxımdan genişləndirilməsinin mümkün olub-olmamasıdır.
Ancaq məntiqlə əvvəlcə nəqli artırmaq üçün qazın olub-olmadığı müzakirə edilməli idi. Lakin görünən odur ki, Azərbaycanın Avropaya qaz ixracını artırmaq potensialı var və bunu reallaşdırmağa hazırdır. Baxmayaraq ki, Azərbaycanın özündə də əhalinin sayının artması və sənayenin inkişafı ilə əlaqədar qaza tələbat artmaqdadır. Üstəlik işğaldan azad edilmiş ərazilərdə məskunlaşmanın həyata keçirilməsinə başlanılması qaza tələbatı bir az da artıracaq.
Bununla belə, Prezident İlham Əliyev müxtəlif vaxtlardakı çıxışlarında Azərbaycanın Avropaya qaz nəqlini artırmaq imkanına malik olduğunu diqqətə çatdırıb. Həmçinin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci toplantısındakı nitqində Prezident İlham Əliyev bu məsələ barədə ətraflı məlumat verib: “Azərbaycanın isbat edilmiş qaz ehtiyatı məlumdur: 2,6 trilyon kubmetr. Əlbəttə ki, ən böyük yataq “Şahdəniz”dir - bir trilyon kubmetr. Əminəm ki, daha çox olacaq. Çünki neft və qaz yataqlarının işlənilməsi ilə bağlı təcrübəmizə baxsanız görərsiniz ki, biz həmişə yolumuzun əvvəlində gözlənildiyindən daha böyük həcmdə ehtiyatları görürük. Bunlar yeni yataqların kəşfi və yeni texnologiyalar sayəsində mümkün olmuşdur. Çünki bu gün bu sahədə texnologiya sürətlə inkişaf edir. Buna görə də mən əminəm ki, Azərbaycanın isbat edilmiş qaz ehtiyatları daha da çox olacaq”.
Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP-ın ötürcülük qabiliyyəti illik 10 milyard kubmetrdir və bu həcmin iki dəfə artırılması mümkündür. Onun vasitəsilə Avropaya 10 milyard kubmetr əlavə qaz nəql etmək mümkün olacaq. Cənub Qaz Dəhlizinin digər seqmenti - Cənubi Qafqaz Boru Kəmərinin illik ötürmə qabiliyyəti 14,4 milyard kubmetrdir və bu həcmin 23,4 milyard kubmetrə çatdırılması mümkündür. Həmçinin TANAP-ın ötürmə gücü illik 16,2 milyard kubmetr olsa da bu həcm 30,7 milyard kubmetrə qədər artırıla bilər.
Ancaq Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin və marşrutunun genişləndirilməsi əlavə investisiyalar tələb etməklə təhlillərin nəticəsindən asılı olacaq. Burada əsas amil Avropa ölkələrinin almaq istədikləri qazın həcmidir.
Bundan başqa, Azərbaycanın enerji ixracını şaxələndirməyə hazırlaşdığını nəzərə alanda Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının əhəmiyyəti aydın olur. Belə ki, Azərbaycanın iqtisadiyyatının əsasını təşkil edən enerji ixracı əvvəlcə xam neftə və onunla bağlı məhsullara bağlı idisə, sonradan bu siyahıya təbii qaz da əlavə edilib. Ölkəmiz təbii qazla bərabər, onun əsasında istehsal edilən elektrik enerjisi ixrac edir. Növbədə isə bərpaolunan enerjidir. Ötən il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” bu istiqamətdə atılan ilk addımlardan biridir.
Buna qədər isə ölkəmizin quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur.
Hələ 2020-ci ilin yanvar ayının 9-da Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb. Müqavilələrə uyğun olaraq “ACWA Power” şirkəti ilə 240 MVt gücündə külək, “Masdar” şirkəti ilə isə 230 MVt gücündə günəş elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra edilməsi nəzərdə tutulmuşdu. Artıq 30 dekabr 2020-ci il tarixində Energetika Nazirliyi, “Azərenerji” ASC və “ACWA Power” şirkəti arasında icrası nəzərdə tutulan 240 MVt gücündə "Xızı-Abşeron" külək elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”, 06 aprel 2021-ci il tarixində Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji satınalma müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.
Bu işlərin yekunu olaraq 13 yanvar 2022-ci ildə isə 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının, 15 mart 2022-ci ildə isə 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməli qoyulub.
Bundan başqa, BP azad olunmuş Cəbrayılda günəş enerji stansiyasına investisiya qərarı 230 meqavatlıq stansiyanın ərsəyə gətirilməsini nəzərdə tutur.
Lakin bərpaolunan enerji mənbələri ilə yanaşı, onun ixrac edilməsi ilə bağlı marşrutlar və infrastruktur da gərəklidir. Artıq bu istiqamətdə də ilk addımlar atılıb. Ötən ilin dekabr ayının 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzalanıb. Saziş Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etməyi nəzərdə tutur. Bu, Azərbaycanın bərpaolunan enerji potensialı və istehsal imkanları ilə müqayisədə kiçik göstərici olsa da ixrac üçün artıq razılaşdırılmış həcmi əhatə edir. Gələcəkdə tələbata uyğun olaraq ixrac marşrutları və infrastrukturun genişlənməsi üçün əngəl görünmür.
Başqa sözlə, Azərbaycan iki istiqamətdə Avropanın enerji təhlükəsizliyindəki rolunu artırmağa çalışır. Bunlardan biri nəql edilən qazın həcmini iki dəfə artırmaq, digəri isə “yaşıl enerji” ixracına başlamaqdır. Nəticədə Avropaya enerji təhlükəsizliyini təmin etmək üçün əlavə mənbə, Azərbaycan isə enerji resurları üçün bazar əldə edəcək.
Ceyhun Piriyev, “İki sahil”