04 fevral 2023 00:58
314

Gələcəyimizi birlikdə düşünək!

Müasir dövrümüzün ağrılı problemlərindən biri narkomaniyadır. Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Gələcəyimiz olan gənclərin sağlam həyat tərzinin təmin olunmasının dövlətimizin siyasətinin əsas tərkib hissəsi olduğunu nəzərə alsaq narkomaniya ilə mübarizənin bütün dövrlər üçün aktuallığı aydın görünür.

Narkotiklərlə mübarizə sahəsində qəbul edilmiş qanunları, ölkə Prezidentinin Fərman və sərəncamlarını, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Bakı şəhər Baş Polis İdarəsinin əmr, göstəriş və kollegiya qərarlarını əldə rəhbər tutaraq, ötən ildə paytaxtın hər bir rayonunda müvafiq RPİ NMB-si ərazi polis bölmələri ilə birlikdə narkomanlığın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə kompleks tədbirlər təşkil olunmuş, bu növ cinayətlərlə məşğul olan şəxslər tutularaq cinayət məsuliyyətinə cəlb edilmiş, çoxsaylı maarifləndirici tədbirlər həyata keçirilmişdir. Belə ki, Bakı şəhərinin on iki rayonu üzrə fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiya”ları narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı tərtib olunmuş 2022-ci ilə dair iş planına uyğun olaraq müvafiq qurumların- Bakı Şəhər Gənclər və İdman İdarəsinin, Mədəniyyət və Turizm İdarəsinin, Baş Polis İdarəsinin, Baş Səhiyyə İdarəsinin və Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin birgə iştirakı ilə müxtəlif istiqamətlərdə, o cümlədən Sabunçu, Suraxanı, Nərimanov, Binəqədi rayonlarında «Narkomaniya sosial təhlükədir», «Narkotik gəncliyi məhv edir», «Azərbaycan gəncləri narkotik əleyhinə», Səbail, Nizami, Pirallahı, Qaradağ rayonlarında «Narkomaniya-ağ ölüm», «Narkomaniyaya yox deyək», «Mən yaşamaq istəyirəm», «Narkomaniya ümumbəşəri bəladır», Yasamal, Xətai, Xəzər, Nəsimi rayonlarında «Zərərli vərdişlərə yox deyək», «Narkotiksiz gələcək və sağlam həyat», «Narkomaniya nədir?», «Narkomanlıq uçuruma aparan yoldur», «Narkomaniya ilə mübarızə», «Birlikdə narkomaniyaya qarşı» və sair mövzularda çoxsaylı tədbirlər keçirilmişdir. Ali təhsil, orta ixtisas, orta ümumtəhsil müəssisələri də daxil olmaqla digər məkanlarda keçirilən maarifləndirici tədbirlərdə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının, psixoloqların, din xadimlərinin, ziyalıların, həkim-narkoloqların iştirakı təmin edilmiş, iştirakçılara mövzu ilə bağlı ətraflı məlumatlar verilmiş, sualları cavablandırılmış, maarifləndirici bukletlər paylanılmış, videoçarxlar nümayiş etdirilmiş, tədbirlər yazılı və elektron KİV-lərdə işıqlandırılmışdır.

Azərbaycan Respublikasının Konstitusiyasına, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə və qüvvədə olan normativ aktlara uyğun olaraq narkomanlığın qarşısının alınması daimi diqqət mərkəzində saxlanılmış və bu zərərli vərdişlə mübarizə səmərəli təşkil olunmuşdur. Beləki Narkomaniya ilə mübarizə sahəsində vətəndaşların aktiv fəaliyyət göstərməsi, həmçinin şəxslərin müraciət etmək imkanlarının genişləndirilməsi məqsədi ilə rayon İcra Hakimiyyətlərində elektron ünvanlar, etimad telefonları açılmış və bu barədə məlumatlar vətəndaşlara mütəmadi elan olunmuşdur.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, narkomanlığın yayılmasının qarşısının alınması işlərinin, maarifləndirmənin gücləndirilməsi məqsədilə 12 rayon üzrə müvafiq komissiyalar və Rayon Polis İdarələrinin birgə təşkilatçılığı ilə rayon Prokurorluqları, Narkoloji Dispanserin əməkdaşlarının, rayon Gənclər və İdman İdarələrinin, qeyri – hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə 2022-ci il ərzində Bakı şəhərində yerləşən tam orta təhsil müəssisələrinin əksəriyyətində yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya yox deyək”, “Narkomaniya ümumbəşəri bəladır”, “Sağlam həyat naminə narkotikə yox deyək”, “Gənclər sağlam həyat tərzini seçir” mövzularında dəyirmi masalar, seminar müşavirələr keçirilmişdir. Tədbirlərdə narkomaniyaya aid videoçarxlar nümayiş etdirilmiş, şagirdlərə bukletlər paylanmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. Narkomanlığın qarşısının alınmasında əsas mübarizə vasitələrindən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin, ictimai qınağın vacibliyini nəzərə alaraq 2022-ci il ərzində ümumtəhsil müəssisələri ilə yanaşı digər idarə və təşkilatlarda narkomaniya əleyhinə çoxsaylı tədbirlər keçirilmişdir. Keşirilən tədbirlərdə rayon İcra Hakimiyyətlərinin, vətəndaş cəmiyyəti institutlarının, hüquq mühafizə, səhiyyə, təhsil və digər aidiyyəti orqanların nümayəndələrinin, yetkinlik yaşına çatmayanların, gənclərin, valideynlərin, din xadimlərinin və digər şəxslərin iştirakı təmin edilmişdir.

Ümumiyyətlə Bakı şəhərində fəaliyyət göstərən bir çox ümumtəhsil, peşə, orta-ixtisas və ali təhsil müəssisələrini əhatə edərək 2022-ci il ərzində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon Komissiyaları tərəfindən çoxsaylı tədbirlər keçirilmişdir.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması sahəsində vətəndaş cəmiyyəti institutları, hüquq-mühafizə və digər orqanlarla qarşılıqlı əlaqə yaradılmışdır. Bəşəri bəla olan narkomanlığın yayılması və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə Rayon Gənclər İdarələrinin nümayəndələrinin, hüquq-mühafizə işçilərinin iştirakı ilə ümumtəhsil müəssisələrində müxtəlif tədbirlər keçirilib. Məktəblərin müəllim-valideyn kollektivlərinin birgə iştirakı ilə “Övladlarımızı narkomaniyadan qoruyaq” mövzusunda maarifləndirici toplantılar keçirilmişdir. Tədbirdə uşaqların zərərli vərdişlərdən qorunması yolları qonaqlar tərəfindən aşılanmışdır.

Narkomanlıqla bağlı hüquqpozmalara meyilli olan yetkinlik yaşına çatmayanların və gənclərin yaşayış yerləri, işlədiyi və təhsil aldığı inzibati ərazilər üzrə Polis İdarələrinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları, İctimai Təhlükəsizlik Şöbəsinin və Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin işçiləri, ali və orta-ixtisas təhsil müəssisələrinin gənclər Təşkilatının üzvləri Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyaların üzvləri ilə birgə əlaqəli profilaktik tədbirlər həyata keçirir. Tədbirlərdə gənclərin asudə vaxtının səmərəli təşkil olunması, şagirdlərin siqaret çəkməsi, dərsdən yayınmasına və pis vərdişlərə yiyələnməsinə qarşı mövzularda çıxışlar edilir, fərdi söhbətlər və fikir mübadiləsi aparılır.

Lakin Azərbaycanda son illərdə bu istiqamətdə aparılan işlərə baxmayaraq, təəssüf ki, narkomaniyaya meyilli insanların sayında artım müşahidə olunur. Qeyd olunan sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, kəsərli proqram və layihələrin icrasının, eləcə də belə maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Hər bir məsələdə mmaarifləndirmə işinin yüksək səviyyədə həyata keçirilməsi vacib addımlardandır. Bu baxımdan belə təhlükəli xəstəliklərlə mübarizədə maarifləndirmə işlərinə, idmanın kütləviliyinin artırılmasına ehtiyac duyulur. Orta və ali məktəblərdə bədən tərbiyəsi dərslərinin keyfiyyəti artırılmalıdır ki, yeniyetmələr zərərli vərdişlərdən uzaq olsunlar.

 Bakı şəhəri üzrə fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” komissiyaları ölkə Prezidenti İlham Əliyevin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələri və onların perekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı»nı rəhbər tutaraq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasının qarşısının alınması, narkomaniyadan əziyyət çəkən şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, əhaliyə, xüsusilə də yeniyetmə və gənclərə narkomaniya və onun insan, cəmiyyət, bütövlükdə dövlət üçün necə böyük bir bəla, faciə olmasını təbliğ edən tədbirləri mütəmadi təşkil etməklə fəaliyyətlərini daha da gücləndirmiş və cari ildə də bu istiqamətdə tədbirlər davamlı olaraq həyata keçiriləcək. Məqsəd sağlam gələcəyimizə, günbəgün möhkəmlənən, qüdrətlənən, hər sahədə təcrübəsi nümunə göstərilən Azərbaycanın daha da çiçəklənməsinə töhfə verməkdir. Bu gün qalib Azərbaycanın uğurlarından, tarixi Zəfərimizin yaratdığı reallıqlardan bəhs edirik. Bu Qələbəni xalqımıza yaşadan gənclərimiz vətənpərvərlik duyğularının, torpaq, Vətən sevgilərinin nə qədər böyük olduğunu nümayiş etdirdilər. Azərbaycan gəncləri sağlam düşüncəli, vətənpərvər gənclikdir. Dövlətimizin gənclərin inkişafına xidmət edən Fərman və sərəncamları, təsdiqlədiyi Dövlət proqramları davamlıdır.

Könül Əfəndiyeva,
Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki Narkomanlığa və
Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi