04 fevral 2023 02:37
350

Enerji ixracının coğrafiyası genişlənir

Təbii qaz ehtiyatlarımız bizim və tərəfdaşlarımız üçün azı yüz il kifayət edəcək

Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarındakı çıxışında deyib ki, təbii qaz ehtiyatlarımız bizim və tərəfdaşlarımız üçün ən azı yüz il kifayət edəcək.

Dövlətimizin başçısı qeyd edib ki, bu gün biz gələcəyə doğru baxırıq, yaşıl enerji ilə bağlı Məşvərət Şurası yaranıb: “Cəmi dörd ölkə var və heyət kifayət qədər kiçikdir. Lakin onun böyüməsi potensialı var. Nəinki hökumətlər, o cümlədən şirkətlər də belə mühüm təşəbbüsdə iştirak etməyə maraq göstərəcəklər.”

Bu gün Azərbaycan nəinki qaz hasilatını və ixracını artırır, həmçinin onun coğrafiyasını genişləndirir. Ölkəmizin ixracı 2021-ci ildə təxminən 19 milyard, ötən il 22,6 milyard kubmetr olub. Bu il isə 24,5 milyard kubmetr olması planlaşdırılır. Bu, göstərir ki, Azərbaycanla Avropa Komissiyasının imzaladığı Anlaşma Memorandumu çərçivəsində layihəyə qoşulmuş ölkələr bunun faydasını artıq görürlər. Həmçinin digər interkonnektorlarla Avropada daha çox ölkəni layihəyə qoşa biləcəyik.

Azərbaycan, həmçinin qaz təchizatının artırılması ilə bağlı fəal şəkildə əlavə imkanların yaradılması haqqında düşünür və real işlər görür. Hazırda bu il yeni yataqlardan hasilat gözlənilir. Mövcud “Şahdəniz” yatağında hasilatın artırılması birmənalı olaraq gündəlikdədir. Həmçinin daxildə enerji səmərəliliyi artırılır, itkilərin azaldılması proqramı üzərində işlənilir.

Azərbaycanda yaşıl enerji potensialı çox böyükdür və bu, artıq təsdiq olunub. Təkcə Xəzər dənizində külək enerjisi potensialının 157 qiqavat olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Quruda isə külək və günəş enerjisi potensialı 27 qiqavatdır. İki il əvvəl Vətən müharibəsi nəticəsində işğaldan azad etdiyimiz ərazilərdə külək və günəş enerjisi potensialı 10 qiqavatdan çoxdur. Biz Naxçıvan Muxtar Respublikasında da böyük potensial müəyyən etmişik. Hazırda biz 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparırıq.”

Bu gün Azərbaycanda “Masdar” və “ACWA Power” kimi investorlarla birgə iki investisiya layihəsi həyata keçirilir. Bu, günəş və külək enerjisinin istehsalına aiddir. Onların ümumi gücü 470 meqavatdır. Dövlətimizin başçısı bu sahədə BP şirkəti ilə də layihənin icrasına başlanılacağını vurğulayaraq qeyd edib: “İşğaldan azad edilmiş Cəbrayıl rayonunda 240 meqavatlıq enerji stansiyası yaradacağıq. Qarşıdakı illərdə biz milyardlarla kubmetr təbii qaza qənaət edəcəyik.”

Azərbaycanın bərpaolunan enerji potensialında Xəzər dənizi xüsusi yer tutur. Çünki Xəzər Şimal dənizindən sonra külək enerjisi potensialına görə ikinci yerdədir. Ehtimal ki, enerji şirkətləri BP kimi addım atacaq və nəhəng külək potensialına malik Kəlbəcərə, Laçına və bəlkə də ölkəmizin ən günəşli yeri olan Cəbrayıla nəzər salacaqlar.

Hazırda Azərbaycanda reallaşan investisiya layihələri (günəş, külək elektrik stansiyası) ölkəyə əlavə 700 meqavatdan çox təmiz yaşıl enerji verəcək. Bununla paralel olaraq, dünyanın iki aparıcı şirkəti ilə imzalanmış niyyət protokolları əsasında Azərbaycanda 22 min meqavata qədər günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Beləliklə, Azərbaycan öz ixracatını uğurla şaxələndirir və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə böyük töhfə verir.

Cavid Əkbərov, “İki sahil”