05 fevral 2016 18:46
5117

QS rəsmisi: Yenilikləriniz barədə bizə məlumat verin, sizi dünyada tanıdaq

Dünya Universitetlər Reytinq Təşkilatının (QS) Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Zoya Zaytseva Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub.

Ölkəmizin aparıcı ali məktəbləri nümayəndələrinin iştirak etdikləri tədbirdə ADİU-nun rektoru, professor Ədalət Muradov universitetin hədəflərini açıqlayıb. ADİU-nun dünya ali təhsil sisteminə inteqrasiyası barədə danışan rektor universitetdə bu istiqamətdə tətbiq edilən yeniliklərdən söz açıb. Bildirilib ki, məqsəd ADİU-nu dünya səviyyəli universitetlər sırasında görmək, QS reytinqində dünyanın nüfuzlu universitetləri ilə yanaşı dayanmaqdır.

Z.Zaytseva ADİU-nun “Webometrics” reytinqinə görə Azərbaycan universitetləri arasında birinci yerdə olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, bu ali məktəbin QS reytinqində yer ala bilməsi üçün kifayət qədər tələbə və müəllim potensialı var. Qonaq universitetin rəsmi saytını da yüksək dəyərləndirib.

“Dünya universitetləri reytinqinin təqdimatı” mövzusunda çıxışında Z.Zaytseva universitetlərin QS reytinq siyahısına daxil edilməsi üçün vacib olan müraciət formaları və şərtlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, QS reytinqi akademik nüfuza, universitetlərin müəllim-tələbə sayının nisbətinə, məqaləyə istinadlara, xarici müəllim və tələbələrin, elmi dərəcəli kadrların, müəllimlərin məqalələrinin sayına, işəgötürənlərin nüfuzuna, həmçinin internet resurslarının səmərəliliyinə görə müəyyənləşdirilir.

Azərbaycanın ali təhsil müəssisələrinin dünya reytinq cədvəllərində yer ala bilməsi üçün kifayət qədər geniş elmi potensialın olduğunu deyən Z.Zaytseva ölkənin ali məktəblərinə bu istiqamətdə kömək etməyə hazır olduğunu bildirib.