15 may 2019 13:28
186

4 ayda ölkəyə 4 milyard manat sərmayə qoyulub

2019-cu ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3 916 milyon manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 69,9 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.

Dövlət Statistika Komitəsindən "İki sahil"ə bildirilib ki, ümumi sərmayənin 64,5 faizi məhsul istehsalı obyektlərinin, 26,5 faizi xidmət sahələri üzrə obyektlərin, 9 faizi isə ümumi sahəsi 595,6 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 69,4 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 60,7 faiz, büdcə vəsaitləri 25,6 faiz, əhalinin şəxsi vəsaitləri 6,4 faiz, bank kreditləri 5,8 faiz, büdcədənkənar fondların vəsaitləri 1,2 faiz, sair vəsaitlər isə 0,3 faiz təşkil edib.

Cari ilin yanvar-aprel aylarında Bakı şəhərində Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu, Sumqayıt şəhərində “SOCAR karbamid” zavodu, Polietilen zavodu, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə -Beyləqan avtomobil yolları, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında 1170 şagird yerlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 35 nəfər olan 2 ambulatoriya-poliklinika müəssisəsi, Qobustan və Şəmkir rayonlarında 310 çarpayılıq 2 xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilmişdir.