İlham Əliyev: Sahibkarlığın inkişafı dövlət siyasətidir

19 fevral 2013 04:00
5153

Yerli icra başçısı yerlərdə dövlət siyasətini aparan şəxsdir və o, dövlət siyasətindən kənarda heç bir iş görə bilməz

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransında sahibkarlığın inkişafını bütünlükdə ölkə iqtisadiyyatının tərəqqisi adlandıran dövlət başçısı iş adamlarının sərbəst fəaliyyətinə əngəl olan bürokratiya, əsassız müdaxilə hallarına qarşı ciddi mübarizə aparılacağını bildirdi.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi islahatların, özəlləşdirmə siyasətinin başlıca məqsədi bazar iqtisadiyyatına keçidin şərtlərindən olan özəl bölmənin yaradılması, sahibkarlığın formalaşdırılması ilə yeni iş yerlərinin açılması idi. Bu siyasəti daha geniş və əhatəli davam etdirməklə iqtisadiyyatın liberallaşmasını və çoxşaxəli istiqamət üzrə inkişafını təmin etmiş Prezident İlham Əliyev sahibkarlığın inkişafı istiqamətində güclü siyasi iradə nümayiş etdirir.

İlk təcrübə kimi 2004-cü ildə regionların sosial iqtisadi inkişafına dair qəbul olunmuş sənəddə qeyd edilən vəzifələr ardıcıllığı ilə, sistemli olaraq yerinə yetirilir, bölgədə aparılan quruculuq prosesləri əhali tərəfindən razılıqla qarşılanır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının qəbulu ilə daha ciddi addımlar atılmış, bölgələrin inkişafını şərtləndirən mühüm infrastruktur layihələri həyata keçirilmiş, regionların enerji, qaz, içməli su ilə təchizatı maksimum səviyyəyə çatdırılmışdır.

Dövlət proqramlarının yerinə yetirilməsi ilə özəl sektora dövlət dəstəyi artırılmış, ölkə iqtisadiyyatının neft amilindən asılılığının azaldılması məqsədilə yeni istehsal sahələri yaradılmış işsizliyin azaldılması, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi təmin edilmişdir. Daxili bazarımızın yerli xammallarla təmin edilməsi, yeni istehsal sahələrinin yaradılması, iş yerlərinin açılması, hazırda 6 faiz olan yoxsulluq səviyyəsinin aşağı salınması, 5,2 faiz olan işsizliyin minimuma endirilməsi başlıca vəzifə kimi diqqətdə saxlanılır.

Bölgələrdə və iri yaşayış yerlərində sahibkarlığın inkişafına bütünlükdə ölkə iqtisadiyyatının yüksəlişi kimi böyük önəm verən Prezident İlham Əliyevin vurğuladığı kimi  irihəcmli istehsal gücünə malik sənaye müəssisələrinin yaradılması, iş adamlarına maddi, mənəvi, hüquqi dəstəyin verilməsi kiçik və orta sahibkarlığın güclənməsi üçün başlıca amildir. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransında bu istiqamətdə daha önəmli islahatların aparılmasını prioritet hesab edən dövlət başçısı məqsədyönlü fəaliyyət üçün maliyyə dəstəyinin artırılmasını başlıca amil adlandırdı.

Son illərdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən iş adamlarına 1 milyard 200 milyon manat güzəştli kredit verilmişdir. ÜDM-də 83 faiz payı olan sahibkarlığın inkişafı, bazar iqtisadiyyatı yolu ilə inkişaf edən Azərbaycan üçün bu göstərici düşünülmüş siyasətin uğurlu, məntiqi nəticəsidir. Ötən il  2419 sahibkarlıq subyektinə biznes fəaliyyətini yaxşılaşdırmaq üçün 218 milyon manat güzəştli kredit verilmişdir ki, bunun 128 manatı iş adamları tərəfindən qaytarılmış vəsait hesabına olmuşdur. Kreditlərin əsas hissəsi- 68 faizi aqrar sektorun, 32 faizi isə sənaye və turizmin inkişafına yönəldilmişdir. Nəticə olaraq 2012-ci ildə iqtisadiyyatın inkişafına yönəldilmiş investisiyaların həcmi 22,1 milyard ABŞ dolları təşkil etmişdir. Onun 13,3 milyardı daxili, 8,8 milyard dolları isə investorların vəsaiti olmuşdur. Bu il sahibkarlara veriləcək 250 milyon manat güzəştli kreditin 83 faizi regionlar üçün nəzərdə tutulur. Düşünülmüş siyasətin nəticəsidir ki, ötən il qeyri-neft sektoru 9,7 faiz, kənd təsərrüfatı 6 faiz artmışdır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd olunduğu kimi başlıca məqsəd Azərbaycan məhsullarının dünya bazarlarına çıxarılması imkanlarından maksimum yararlanmaq, ixracyönümlü məhsul istehsalına diqqəti artırmaqdır.

Bu inkişafa nail olmaq üçün artıq baza formalaşıb. İstehsal prosesi üçün əsas amil olan enerji ilə təchizat təmin edilib. Son illərdə 1500 meqavat gücündə yeni elektrik stansiyaları inşa olunub. Nəhəng infrastruktur layihəsi olan Taxtakörpü su anbarının tikintisi başa çatdıqdan sonra 10 minlərlə hektar əkin sahəsinin suvarılması mümkün olacaq. Bu layihəyə daxil olan 25 meqavat gücündə elektrik stansiyası da inşa ediləcək. Bölgələrin qazlaşdırılması 90 faizə çatdırılacaq. 2035-ci ilədək əhalinin dayanıqlı, keyfiyyətli içməli su ilə təminatı üçün ciddi addımlar atılır. Əhalinin, xüsusilə ərzağa olan ehtiyacı tamamilə yerli məhsullar hesabına ödənilir. Bu sahədə elə bir ciddi problem yoxdur. Demək olar ki,  bazarımızı yerli potensial hesabına təmin edən, sahibkarların, fermerlərin istehsal etdikləri yerli məhsullar keyfiyyət baxımından da idxal olunan malları qabaqlayır.

Belə ki, əhalinin ət və ət məhsulları, süd və süd məhsulları, meyvə-tərəvəz məhsulları ilə təminatı 90 faiz təşkil edir. “O sahələrə verilən kreditlərin həcmi artmalıdır və elə etməliyik ki, yaxın illərdə Azərbaycan özünü əsas ərzaq məhsulları ilə 100 faiz təmin etsin və bu tarixi nailiyyət olacaqdır” söyləyən Prezident İlham Əliyev vurğulayır ki, bu məqsədə çatmaq üçün yeni texnologiyalar tətbiq olunmalı, bütün proseslər kompleks həllini tapmalı, sahibkarlara dəstək artırılmalı, qanunsuz müdaxilələrin qarşısı alınmalıdır. “Sahibkarlığın inkişafı dövlət siyasətidir və yerli icra başçısı yerlərdə dövlət siyasətini aparan şəxsdir və o, dövlət siyasətindən kənarda heç bir iş görə bilməz. Ona görə bir daha deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaqır” deməklə iş adamlarının sosial layihələrdə iştirakının könüllülük təşəbbüsü əsasında təminatına xüsusi diqqət yetirilməsini tələb edən Prezident İlham Əliyev bir daha bildirdi ki, ölkədə dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı durur. Çünki dövlətimiz nə qədər güclü olsa insanlar özlərini bir o qədər təhlükəsiz, rahat hiss edəcəklər.

Dövlət başçısı iş adamlarına maddi təminat üçün nəzərdə tutulan subsidiyaların təyinatı üzrə ünvanına çatdırılmasında nöqsanlara yol verənlərə qarşı barışmaz mövqeyini də açıqladı.

Son illərdə artan iqtisadi imkanlarımız nəzərə alınaraq sənaye, tikinti sahəsində ən çox ehtiyac duyulan inşaat materiallarının da daxili mənbələr hesabına ödənilməsi başlıca hədəf kimi müəyyənləşdirilir.

“Elə etməliyik ki, bu məhsullar ilk növbədə ölkə daxilində satılsın və xüsusilə dövlət şirkətləri bu məhsullardan istifadə etsinlər” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi  keyfiyyətcə heç də xarici məhsullardan geridə qalmayan yerli istehsaldan səmərəli istifadə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, yeni infrastruktur layihələrinin tətbiqi üçün əlavə maliyyə mənbəyinin yaradılması da bu amildən asılıdır. Dövlət başçımızın qeyd etdiyi kimi bəzi hallarda Azərbaycanda istehsal olunan ən yüksək keyfiyyətə malik hansısa avadanlıq, yaxud digər məhsullar kənarda qalır, dövlət şirkətləri eyni profilli məhsulları xarici ölkələrdən idxal edirlər. “ Mən dövlət şirkətlərinin rəhbərlərinə dəfələrlə göstəriş vermişəm ki, lazım olan avadanlıq, məhsul, boru, yaxud hər hansı digər mal əgər Azərbaycanda istehsal olunursa, ilk növbədə, alınmalıdır.”

Ötən illərdə ki çıxışlarında nəinki ərzaq məhsullarının, tikinti materiallarının da ölkəmizdə istehsalının artdığı bir zamanda xarici ölkələrdən idxala heç bir ehtiyacın olmadığını diqqətə çatdıran Prezident İlham Əliyev yerli potensialdan səmərəli istifadəni bir tələb kimi qarşıya qoyur:” Azərbaycanda istehsal olunan beynəlxalq standartlara cavab verən məhsullar və daxili tələbatımızı yüz faiz ödəyən müəssisələr qalır kənarda, eyni məhsul xaricdən gətirilir. Nə üçün? Biz gərək öz bazarımızı qoruyaq.”

Son illərdə bu istiqamətdə atılan inamlı addımlar ölkəmizə əlavə maliyyə vəsaiti qazandırmaqla Avropa bazarlarında mövqelərimizi möhkəmləndirir. Ölkə daxilində istehsal olunan malların xarici bazarlara yol açması, rəqabət qabiliyyətli, beynəlxalq standartlara layiq görülmüş məhsul istehsalının artırılması başlıca hədəf götürülməklə bu sahədə həyata keçirilən  investisiya proqramına uyğun layihələrin həyata keçirilməsi başlıca şərtdir. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycan rəqabətqabiliyyətli məhsul istehsalına görə 46-cı, MDB-də birinci yeri tutur.

Ölkəmizdə biznes mühitinin daha da yaxşılaşması üçün dövlət dəstəyinin artırılması, təkmil hüquqi bazanın formalaşması Dövlət proqramlarına uyğun bölgələrdə istifadəyə verilən fabrik və zavodlarda, emal müəssisələrində ən müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsullara xarici bazarlarda tələbatın artması göstərir ki, dünya iqtisadiyyatının ayrılmaz parçası olan Azərbaycan iqtisadiyyatı dinamik inkişaf yolunda inamla irəliləyir, sənayeləşmə proqramının həyata keçirilməsi istiqamətində önəmli addımlar atılır. Fəaliyyətini genişləndirən Sumqayıt Texnoparkında olduğu kimi Balaxanıda, Gəncədə də eyni profilli müəssisələrin açılması, aqrar sahəni azot gübrəsi ilə təmin edəcək zavodun inşası, Sumqayıt Kimya Parkının yaradılması başlıca hədəflərdəndir. Ölkədə metallurgiya sənayesinin inkişafı üçün Daşkəsəndə mövcud olan zəngin filiz yataqlarından səmərəli istifadə, 50 min ton yüksək keyfiyyətli məhsul istehsal edən Gəncə aliminium zavodunun işə başlaması ilə bu qiymətli metala olan tələbat da daxili imkanlar hesabına ödənilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, konkret fəaliyyət proqramları əsasında həyata keçirilən layihə və islahatlar düşünülmüş siyasətə və  konkret proqramlara əsaslanır.

“Eyni zamanda biz inşaat materiallarının istehsalını da daxildə artırmalıyıq və artıracağıq” söyləyən Prezident İlham Əliyev görüləcək işlərin parametr və istiqamətlərini də açıqlayır. Azərbaycanın bütün bölgələrində sürətlə davam etdirilən quruculuq, abadlıq işləri, infrastruktur layihələri üçün ən çox tələb olunan inşaat materialı kimi sementlə təminat başlıca amildir.

Hazırda ölkəmizdə istehsal olunan sement daxili tələbatın 44 faizini təmin edir. Gələn il sementə tələbat 75, 2014-cü ildə 125 faiz olacaqdır. Buna görə də Azərbaycanda yeni sement zavodlarının tikilməsi Dövlət proqramlarında da nəzərdə tutulur. “İndi sement bazarları üçün mübarizə gedir. Biz özümüz bunu bilirik. Bizə sement satmaq istəyənlər çoxdur və hər tərəfdən xahişlər gəlir ki, bizdən alın. Yəni bu reallıqdır. İndi biz də daxili tələbatımızı təmin edəndən sonra əlbəttə ki, xaricdən sement almayacağıq” söyləyən cənab İlham Əliyev İsveçrə tərəfindən ölkəmizdə inşa edilən, Qaradağ rayonunda istifadəyə verilən “Holcim- Azərbaycan” sement zavodunun geniş potensiala malik olmasını uğurlu iqtisadi göstərici, “Azərbaycan -2020: gələcəyə baxış” inkişaf Konsepsiyasının ilkin addımları kimi yüksək dəyərləndirir. Bakıda, Qarabağda tikilən sement zavodlarının istifadəyə verilməsindən sonra bu sahədə ixrac imkanlarının artacağı bərədə vədlər də artıq realdır.

Əhalinin məşğulluq səviyyəsinin artmasında önəmli rola malik, 500-dən artıq iş yeri olan müəssisə Cənubi Qafqaz regionunun sement sənayesində yeni dövrün başlanğıc mərhələsi hesab edilir. 

Ekoloji təhlükəsizliyin təminatı üçün Avropada geniş yayılan və tətbiq olunan quru üsulla sement istehsalının yanacaq sərfiyyatı və ətraf mühitə təsiri baxımından sərfəli olduğundan müəssisədə istehsal prosesləri yeni texnologiyalar, beynəlxalq standartlar səviyyəsində qurulmuşdur. 

Müəssisənin tam gücü ilə işləməsi nəticəsində sement istehsalı 30 faiz artaraq 1,3 milyon tondan 1,7 milyon tona, klinker istehsalı isə 1,24 tona çatdırılacaq.

“Holcim-Azərbaycan” yeni sement zavodunun istifadəyə verilməsi Azərbaycan -İsveçrə dostluğunun rəmzi olmaqla ölkəmizin etibarlı investor kimi tanınmasını bir daha təsdiqləyir. İsveçrə şirkətinin Azərbaycanda fəaliyyətini qarşılıqlı inamın təzahürü, maraqlar əsasında formalaşan əməkdaşlığın şaxələndirilməsi kimi dəyərləndirən Prezident İlham Əliyevin vurğuladığı kimi, hər iki dövlət arasında genişlənən əməkdaşlıq müxtəlif istiqamətlər üzrə inkişaf edir: “Eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkəti- SOCAR İsveçrənin enerji sənayesinə böyük həcmdə sərmayə qoyur. İsveçrədən Azərbaycanın qeyri-neft sektoruna sərmayə qoyulur.”

Bir neçə il bundan əvvəl ölkədə sənayeləşmə proqramının perspektivlərindən söz açılanda ilk növbədə xarici bazarlarda təmsil oluna biləcək səviyyədə istehsal sahələrinin yaradılması başlıca hədəf kimi nəzərdə tutulurdu. Son illərdə ölkə miqyasında istifadəyə verilən emal müəssisələri kimi tikinti materiallarının istehsalı ilə məşğul olan iri şirkət və müəssisələrin açılması da proqram əsasında həyata keçirilən layihələrdəndir. Naxçıvanda istehsal gücü 300 min ton olan sement zavodunun istifadəyə verilməsi də daha çox ehtiyac duyulan bu tikinti materialına tələbatın ödənilməsinə doğru atılan addımdır. 1 milyon ton sement istehsal edəcək Ağstafa zavodu isə istifadəyə hazırdır. Qaradağ rayonunda əlavə olaraq 2 milyon ton gücündə sement zavodunun inşası ilə Azərbaycan bu sahədə ixrac imkanlarını genişləndirəcək. “Qarşıda metallurgiya sənayesinin dirçəldilməsi məsələləri dayanır. Onları biz həll etməliyik. Yəni bizim bütünlükdə sənaye istehsalının artırılması ilə bağlı düşünülmüş proqramımız var” söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, güclü siyasi iradə və beynəlxalq təcrübədən istifadə etməklə  qarşıya qoyulan məqsədə nail olmaq, hədəfə çatmaq üçün potensial və istək yetərincədir. 

Xuraman İsmayılqızı, “İki sahil”