14 mart 2016 20:44
276

“Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsi hazırlanacaq

Martın 14-də Milli Məclisin elm və təhsil komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsinin hazırlanması məqsədi ilə işçi qrupunun tərkibi təsdiq edilib.

Komitənin sədri İsa Həbibbəyli bildirib ki, hazırda Azərbaycanda məktəbəqədər təhsil sahəsi Nazirlər Kabinetinin 2010-cu ildə təsdiqlədiyi “Məktəbəqədər təhsilin dövlət standartları və proqramı” və 2012-ci ildə təsdiqlədiyi “Məktəbəqədər təhsilin Nümunəvi Nizamnaməsi” ilə tənzimlənir. Yeni layihəyə həmin sənədlərin bir sıra müddəaları daxil ediləcək.

İ.Həbibbəyli qeyd edib ki, “Təhsil haqqında” Qanunun 2-ci fəslinin 18-ci maddəsi bütünlüklə məktəbəqədər təhsilə həsr edilib. Lakin “Təhsil haqqında” Qanun çərçivə qanun olduğundan orada məktəbəqədər təhsillə bağlı yalnız ümumi müddəalar – məktəbəqədər təhsilin əsas məzmunu, yaş həddi, əhatə dairəsi və s. öz əksini tapıb. “Təhsil haqqında” Qanuna görə, Azərbaycanda məktəbəqədər təhsil 3, məktəbəhazırlıq dövrü isə 5 yaşdan başlayır.

Sözügedən qanun layihəsinin ərsəyə gəlməsi üçün bir sıra beynəlxalq təcrübənin öyrənildiyini deyən İ.Həbibbəyli bildirib ki, qanun layihəsinin hazırlanması artıq Milli Məclisin yaz sessiyasının gündəliyinə daxil edilib. Layihənin ilkin variantının mayın ortalarına qədər hazırlanması planlaşdırılır.

Komitənin sədr müavini Bəxtiyar Əliyev təhsil sisteminin inkişafı üçün ilk növbədə hüquqi bazanın təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. Bu baxımdan, məktəbəqədər təhsil üçün də belə bir qanun layihəsi hazırlanmalıdır.

İclasda Təhsil Nazirliyinin, Təhsil Problemləri İnstitutunun, Bakı Şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının nümayəndələri ilə yanaşı, bir neçə məktəbəqədər təhsil müəssisəsinin rəhbərləri də iştirak ediblər.