23 fevral 2018 14:14
1791

Dairə seçki komissiyası işini müasir tələblər səviyyəsində qurub

25 saylı Nizami ikinci seçki dairəsi DSK-nın sədri Heydər Vəliyev:
Seçkilərin tam demokratik şəraitdə və şəffaf keçirilməsi üçün bütün lazımi tədbirlər görülür

11 aprel 2018-ci ildə Azərbaycan Respublikasında Prezident seçkiləri keçiriləcək. Seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunmuş Təqvim Planına əsasən intensiv şəkildə atılan addımlar ardıcıl və keyfiyyətlə gerçəkləşdirilir. Bütün bu tədbirlərin həyata keçirilməsində başlıca məqsəd isə Azərbaycan vətəndaşlarının seçki hüquqlarının daha səmərəli təmin olunmasıdır. Bu prosesdə xüsusilə dairə seçki komissiyalarının (DSK) və məntəqə seçki komissiyalarının işləri yüksək səviyyədə təşkil edilir, seçkilərin demokratik, şəffaf və ədalətli keçirilməsi üçün bütün lazımi addımlar atılır. Bu mənada 25 saylı Nizami ikinci seçki dairəsi də istisna təşkil etmir.

25 saylı Nizami ikinci seçki dairəsi də digər dairələr kimi işini müasir tələblər səviyyəsində qurub. Seçkilərə start verilən tarixdən intensiv fəaliyyətə başlayan dairə seçki komissiyasının üzvləri və əməkdaşları arasında iş bölgüsü aparılıb, qanunvericiliyə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanıb.

25 saylı Nizami ikinci seçki dairəsi DSK-nın sədri Heydər Vəliyev qəzetimizə açıqlamasında bildirib ki, 25 saylı Nizami ikinci seçki dairəsi üzrə 33 məntəqə, 45644 nəfər seçici var: “Seçki dairəsinin məntəqələrinin fəaliyyəti və texniki təchizatı tam təmin edilib. Bu gün tam tərkibdə fəaliyyətə başlayan məntəqə seçki komissiyaları seçici siyahılarını dəqiqləşdirir, hər gün yenilənmə prosesi həyata keçirilir. Məlumat üçün bildirim ki, tam dəqiqləşdirilmiş seçici siyahısı mart ayının 7-də açıqlanacaq”.

“Hazırda 33 məntəqədən 10-da səsvermənin canlı şəkildə internet üzərindən izləmək üçün veb-kameralar da var” deyən Heydər Vəliyev bildirib ki, Azərbaycan dövləti seçkilərinin tamamilə azad və şəffaf keçirilməsi üçün bütün addımları atır.

İlk dəfə səsverənlərin sayından da bəhs edən Heydər Vəliyev əlavə edib ki, Prezident seçkilərində 169 nəfər ilk dəfə səs verəcək.

Heydər Vəliyev vurğulayıb ki, Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən, aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə bütün ölkəni əhatə edən irimiqyaslı layihə çərçivəsində fevralın 21-də 25 saylı Nizami ikinci seçki dairəsi dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar da artıq başa çatıb: “Qeyd edim ki, kurslarda MSK-nın və dairə seçki komissiyalarının üzvləri, rayon icra hakimiyyətinin, rayonun məhkəmə, polis və prokurorluq orqanlarının əməkdaşları seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılmasına, bildirişlərin seçicilərə çatdırılmasında aşağı seçki komissiyalarının vəzifələrinə, onların fəaliyyətlərinin qarşılıqlı təşkilinə, seçki prosesində KİV-in roluna, müşahidəçilərin hüquq və vəzifələrinə, seçici siyahılarının təkmilləşdirilməsinə və Azərbaycan Respublikasının Konstitusiyası ilə vətəndaşlara verilən seçki hüquqlarına dair çıxışlar ediblər.

Fevralın 19-da keçirilmiş kursda seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli əlaqələrinin qurulması mövzularında müzakirələr aparıldı, seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri, eləcə də, seçici siyahıları ilə iş qaydaları haqqında seminarlar keçirildi.

Ayın 20-də isə seçki prosesində KİV-in rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri, seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri, həmçinin, seçkilərə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyət növləri və s. məsələlər ətrafında aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə fikir mübadiləsi aparıldı.

Fevralın 21-də isə seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının fəaliyyətinin təşkili və vəzifələri barədə seminarla ixtisaslaşdırılmış kurslar yekunlaşdırılıb.

Tədbirlərdə əvvəlki seçki treninqlərində əldə olunan təcrübə də müzakirə edilərək iştirakçılara lazımi tövsiyələr verilib. Bu mənada, məntəqə seçki komissiyalarının üzvlərinin və sədrlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, seçki hüququ ilə bağlı məlumatların artırılması baxımından kurslar mühüm önəm kəsb edir”.

Dairə seçki komissiyasının sədri Heydər Vəliyev deyib ki, Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin keçirilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq məntəqələrdə genişmiqyaslı işlər aparılır: “Seçkilərin tam demokratik şəraitdə və şəffaf keçirilməsi üçün bütün lazımi tədbirlər görülür. Ölkəmizin ictimai-siyasi həyatında ən mühüm tədbir olan prezident seçkilərinin Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və dövlətin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun keçirilməsi üçün hər cür şərait var. Eyni zamanda, ölkədə ictimai-siyasi sabitlik və demokratik prinsiplərə əsaslanan mükəmməl seçki qanunvericiliyi var. Məhz qanunvericiliyə əsasən səsvermə günü məntəqələrdə görülən işin, bu prosesin nəticələrinin cəmiyyətə çatdırılması üçün yerli və beynəlxalq müşahidəçilərin, KİV-in fəaliyyətinə hər cür şərait yaradılacaq”.

Beləliklə də, aydın olur ki, Azərbaycanda mövcud olan sabitlik, mükəmməl seçki qanunvericiliyi şəffaf və demokratik seçkilərin keçirilməsi üçün münbit şərait yaradır. Bütün seçki komissiyalarının fəaliyyətinin Seçki Məcəlləsinin tələbinə uyğun təmin edilməsi üçün lazımi şərait yaradılıb. İndiyədək keçirilən seçkilərin nəticələri də göstərir ki, ölkəmizdə dairə seçki komissiyalarının və məntəqə seçki komissiyalarının fəaliyyəti üçün hər cür şərait formalaşdırılıb.

Zamin Məmmədov, “İki sahil”