24 iyun 2020 10:14
246

5 ayda xaricə qaz satışı 5,6 milyard kubmetr təşkil edib

2020-ci ilin yanvar-may aylarında Azərbaycanda 15,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 463 min ton az olub. Respublika üzrə hasil edilmiş neftin (kondensatla birlikdə) 10,5 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,6 mln. tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 3,1 milyon ton təşkil edib.

Energetika Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, cari ilin 5 ayında 12,6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-may aylarına nisbətən 468 min ton azdır. Neft-kondensatın 12 milyon tonu konsorsium, 569 min tonu isə SOCAR üzrə ixraca nəql edilib. 

2020-ci ilin 5 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 13,6 faiz, yəni 2 milyard m3 artımla 16,4 milyard m3 qaz hasil edilib. Qaz hasilatının 5,4 milyard m3-i AÇG-dən, 8 milyard m3-i isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 3 milyard m3 qaz hasil olunub. 

Bu dövrdə xaricə qaz satışı 5,6 milyard m3 təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz çoxdur. Cari ilin yanvar-may aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 21,7 faiz çox, yəni 4,3 milyard m3-dən çox qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,2 milyard m3, BTC boru kəməri sisteminə verilən  qazın həcmi isə 51 min m3 olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 1,6 milyard m3 qaz nəql olunub.

İstismara veriləndən iyunun 1-dək TANAP-la Türkiyəyə 5,47 milyard m3 qaz nəql edilib. İstismara veriləndən iyunun 1-dək olan dövrdə isə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından 537 milyard tondan çox neft (kondensatla birlikdə), 295,2 milyard m3 qaz hasil edilib. Bu yataqlardan 538,6 milyob ton neft (kondensatla birlikdə), 82,6 milyard m3 qaz isə ixraca nəql olunub. 

2020-ci ilin 5 ayında 2,5 mln. ton neft emal edilib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 61,3 min ton az olub.