12 iyun 2019 11:05
169

50 yaşın astanasında

Müəllim kimi savadlı, insan kimi səmimi, vətəndaş kimi vətənpərvər, jurnalist kimi müşahidəçilik qabiliyyətinə, aydın təfəkkürə və dərin təhliletmə bacarığına malik olan Mübariz Əhmədov “Azərbaycanlı” imzası  ilə oxuculara və jurnalist cameəsinə yaxşı tanışdır.  Onu şəxsən tanıyanlar bu insanın özünəməxsus keyfiyyətlərinə - vətənpərvərliyinə, dövlət mənafeyinə sadiqliyinə və tərcümeyi-halına yaxından  bələddirlər. Bu yazı sözün həqiqi mənasında bu mübariz azərbaycanlını oxucularımıza daha yaxından tanıtmaq məqsədi daşıyır.

Mübariz Əhmədov 12 iyun 1969-cu ildə Saatlı rayonunun Musalı kəndində çoxuşaqlı ailədə dünyaya gəlib. Doğma rayonunda orta təhsilini tamamlayan Mübariz Əhmədov Əli Bayramlı şəhər (hazırda Şirvan şəhəri) Sənaye Texnikumunu bitirib və həmin ilin mayında Vladivostok şəhərinə hərbi xidmətə göndərilib. Sakit Okean hərbi dəniz donanmasında 3 illik hərbi xidmətini baş gəmi çavuşu rütbəsində uğurla başa vurduqdan sonra, Vladivostok şəhərində oxumaq niyyəti ilə qalmağa qərar verib. Beləliklə, 1998-ci ildə Uzaq Şərq Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub.

O, hələ tələbəlik illərində Vladivostok şəhərində “Avanqard” adlı qəzetlə əməkdaşlıq edərək, müxbir kimi fəaliyyət göstərib.

Vətənpərvərliyi ilə seçilən Mübariz Əhmədov yaşadığı şəhərdə “Primoriya Azərbaycan Diasporu” ictimai təşkilatının yaradılmasında yaxından iştirak edib və bu təşkilatın İdarə Heyətinin üzvü, eləcə də mətbuat xidmətinin rəhbəri olub.

Mübariz Əhmədov 1999-cu ildə Vladivostokda “Azərbaycan” adlı ictimai-siyasi və mədəni-maarif mövzusunda müstəqil qəzet təsis edib və onun baş redaktoru kimi peşəkar fəaliyyətini davam etdirib. “Azərbaycan”  ilə bağlı Mübariz Əhmədov qeyd edir ki, bu illər ərzində qəzet üstünlüyü əsasən Qarabağ həqiqətlərinə, Azərbaycan tarixinə, Azərbaycandan olan xəbərlərə və Vladivostokda yaşayan soydaşlarımızın fəaliyyətinə yer verib: “Qəzetimizin əsas məqsədi Primoriya oxucularına Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini anlatmaq idi.  Qəzet Vladivostok şəhərində 70 yerdə fəaliyyət göstərən “Rospeçat”a aid qəzet köşklərində satılırdı. Bundan əlavə, əyalətə də göndərilirdi. “Azərbaycan” yalnız öz missiyasını deyil, həm də vətəndən 12 min kilometr uzaqda yaşayan soydaşlarımızı bir araya gətirir, diaspor təşkilatının görə biləcəyi işləri də yerinə yetirə bilirdi. Buna görə də qısa zaman kəsiyində “Azərbaycan” hər bir soydaşımızın sevimlisinə çevrilmişdi. Təkbaşına yaratdığım redaksiyaya sonradan bir neçə əməkdaş cəlb etdim və redaksiyanın tədbirlər planını hazırlayıb mütəmadi olaraq Azərbaycan naminə fəaliyyətimizi davam etdirdik. Müxtəlif bayramlarda və rəsmi tədbirlərdə vətəndən uzaqda yaşayan soydaşlarımızı bir araya gətirib Azərbaycan adına çalışmaq əsas məqsədimiz idi. Bir sözlə, “Azərbaycan” Primoriya diyarında yaşayan soydaşlarımızın əsl ruporuna çevrildi”.

Primoriya Jurnalistlər İttifaqının və Rusiya Jurnalistlər Birliyinin üzvü olan Mübariz Əhmədov bu illər ərzində Qarabağla bağlı yazılarına görə ermənilər tərəfindən dəfələrlə hədələrə, təhdidlərə və təqiblərə məruz qalıb. Özünün də qeyd etdiyi kimi, 31 Mart soyqırımı, 20 Yanvar faciəsi,  Xocalı soyqırımı ilə bağlı qəzetdə verilən silsilə yazı və şəkillərə görə onu “xüsusi yerlərə” dəvət edib “profilaktik söhbətlər” də ediblər. Amma bütün bunlara baxmayaraq mübariz azərbaycanlı Mübariz Əhmədov Azərbaycan həqiqətləri naminə öz yolundan dönməyərək işini inamla davam etdirib.

O, 2000-ci ildə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq filialının Arxeologiya və etnoqrafiya İnstitutunun dəstəyi ilə “Azərbaycanlıların Rusiyanın Uzaq Şərqinə miqrasiyası və onların uyğunlaşması problemləri” adlı elmi məqaləsini adıçəkilən institutun “XX əsrdə etnik miqrantların Primoriyada uyğunlaşması” adlı elmi məqalələr toplusunda dərc etdirib. M.Əhmədov bu məqalədə soydaşlarımızın Rusiyanın Uzaq Şərqinə miqrasiyasını üç istiqamət üzrə - hərbi xidmət, Baykal Amur Magistralının tikintisi və Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparması nəticəsində öz yurdlarından qaçqın və məcburi köçkün düşmələrini əsas səbəb kimi göstərib.

2002-ci ildən Bakıda yaşayan və öz ixtisası üzrə pedaqoji fəaliyyətlə məşğul olan Mübariz Əhmədov hazırda Bakı Slavyan Universitetinin jurnalistika kafedrasının dosenti və tələbələrin ən sevimli müəllimlərindən biridir. O, bu illər ərzində neçə-neçə gənc jurnalistin nəzəri və praktik biliklərə yiyələnməsi, həmçinin bu peşənin incəliklərinə bələd olmaları üçün öz bilik və bacarığını əsirgəməyib.

2013-cü ildə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq institutunda “Jurnalist etikasının problemləri” mövzusunda elmi işini müdafiə edib, 2014-cü ildə fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi, həmçinin 2018-ci ildə isə jurnalistika kafedrası üzrə dosent elmi adı alıb. Mübariz Əhmədov  bir monoqrafiya, səkkiz  tədris proqramı, iyirmi iki  elmi məqalənin müəllifidir.

Mübariz Əhmədov pedaqoji fəaliyyəti ilə yanaşı, həm də hazırda ölkə mediasında “Mübariz Azərbaycanlı” imzası ilə müstəqil jurnalist kimi dövlətimizin mənafeyini dəstəkləyən siyasi-sosial xarakterli analitik yazılarla mütəmadi olaraq çıxış edir.

Sevinc Abdullayeva, “İki sahil”

“İki sahil” qəzetinin kollektivi də yubilyarı 50 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı və işlərində uğurlar arzulayır!