06 avqust 2019 20:18
713

50 000-ci sertifikat təqdim edilib

TTSİ-nin Kadr hazırlığının təşkili mərkəzinin 50 000-ci sertifikatı təqdim edilib

Bugün Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr hazırlığının təşkili mərkəzi tərəfindən ayrı-ayrı peşələr və ixtisaslar daxilində tədris edilən kursların yubiley göstəricisi olaraq 50 000-ci sertifikatın təqdim edilməsi mərasimi keçirilib.

Tədbiri giriş nitqi ilə açan SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) rəisi Fuad Süleymanov Şirkətin kadr hazırlığı sahəsində həyata keçirdiyi geniş fəaliyyətdən bəhs edib.

Eyni zamanda, TTSİ-nin Kadr hazırlığının təşkili mərkəzinin (KHTM) fəaliyyətindən danışan F.Süleymanov bildirib ki,  SOCAR-ın prezidenti Rövnəq Abdullayevin təşəbbüsü və  Nazirlər Kabinetinin 30 iyul 2005-ci il tarixli 147 №-li qərarı ilə yaradılmış və ilk olaraq 64 nəfər şagird qəbul edilərək, 6 ixtisas üzrə Yeni fəhlə kadrlarının hazırlanmasına başlamış müəssisə ötən 14 il ərzində fəaliyyət dairəsini kifayət qədər genişləndirib, hazırda Mərkəzdə 6 müxtəlif istiqamətdə - Yeni fəhlə kadrlarının hazırlanması, ixtisasartırma, yenidən hazırlanma, ikinci peşəyə yiyələnmə, maarifləndirmə və təlimatlandırma üzrə 400-ə qədər peşə və ixtisaslar üzrə təlimlərin təşkili həyata keçirilir: “Mərkəzdə təşkil olunan təlim kurslarının sayının və bu kurslara SOCAR-ın strukturlarından daxil olan sifarişlərin çoxluğu nəzərə alınaraq, SOCAR rəhbərliyinin köməkliyi ilə yeni təlim korpusu təmir olunaraq mühəndis - texniki işçilərin təlim keçməsi üçün müvafiq şərait yaradılıb. Yeni mühəndis təlim korpusunda SOCAR-ın mühəndis-texniki işçiləri üçün müxtəlif istiqamətlərdə ixtisasartırma, maarifləndirmə, təlimatlandırma və təkmilləşdirmə kursları  təşkil olunur”.

İdarə rəisi, həmçinin diqqətə çatdırıb ki, neft-qaz, neft-kimya və digər əlaqədar sektorlarda sağlamlıq, əməyin mühafizəsi, ətraf mühit və iş yerlərində texniki təhlükəsizliyin idarə edilməsi üçün Böyük Britaniyanın Sağlamlıq və Əməyin Təhlükəsizliyi İnstitutunun “Təhlükəsiz idarəetmə” təlim kursunun istehsalat proseslərinə tətbiqinin əhəmiyyəti nəzərə alınaraq SOCAR-ın strukturuna daxil olan bütün müəssisə və təşkilatlarda əməyin mühafizəsi və təhlükəsizlik texnikası (ƏMTT) sahəsində fəaliyyət göstərən əməkdaşların və istehsalata bilavasitə cavabdeh olan rəhbər işçilərin beynəlxalq standartların tələblərinə uyğun olaraq ƏMTT üzrə hazırlıq səviyyəsinin artırılması üçün Kadr hazırlığının təşkili mərkəzində 4 mərhələli ingilis dili kursları təşkil edilir: “Sözügedən kursları bitirdikdən sonra mütəxəssislər “Təhlükəsiz idarəetmə” üzrə beynəlxalq təlimə cəlb olunacaqlar. Bu məqsədlə SOCAR-da işləyən 1190 nəfər mütəxəssis üçün “Təhlükəsiz idarəetmə” proqramı əsasında hazırlanmış ƏMTT kursları təşkil olunur. Dərslər 2 istiqamətdə - nəzəri və praktiki formada keçirildikdən sonra dinləyicilər həm praktiki, həm də nəzəri imtahan verərək müvafiq sertifikata layiq görülürlər. Bu beynəlxalq kursun təşkili iş yerlərində risklərin azaldılmasına, işlərin təhlükəsiz şəkildə idarə edilməsinə, qəza araşdırmalarının həyata keçirilməsinə, iş rejimində təhlükələrin müəyyən edilməsinə və qabaqlayıcı tədbirlərin yerinə yetirilməsinə zəmin yaradır”.

F. Süleymanov, eyni zamanda, vurğulayıb ki, TTSİ-nin müvafiq strukturları tərəfindən indiyədək FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi ilə razılaşdırılmış 23 adda tədris plan və proqramı tərtib edilmiş və KHTM-də müvafiq kurslar təşkil olunur. Həmin tədris plan-proqramına əsasən, SOCAR-ın müəssisələrində təhlükəli yüklərin qəbulu və yola salınması sahəsində işləyən mütəxəssislər üçün xüsusi risk qrupuna aid kurslar da təşkil olunur. Kursda əsasən dinləyicilərə təhlükəli yüklərin daşınması, yüklərin boşaltma və saxlanma prosesində ətraf mühitə zərər vura bilən, partlayışa, yanğına və ya nəqliyyat vasitələrinin, qurğuların, binaların zədələnməsinə, habelə insanların və heyvanların məhvinə, xəsarət almasına, zəhərlənməsinə, yanmasına, şüalanmasına və yaxud xəstələnməsinə səbəb olan maddələr və s. haqqında məlumatlar verilir.

Eyni zamanda, SOCAR-ın müəssisələrində çalışan Qeyri-destruktiv müayinə mütəxəssisləri üçün “Ultrasəs müayinə metodu”, “Penetrant müayinə metodu”, “Rentgen müayinə metodu”, “Maqnit müayinə metodu” beynəlxalq standartı üzrə kurslar, habelə mühəndis-texniki işçilər üçün “Tullantıların idarə olunması”, “Qazma işləri aparılan zaman ətraf mühitə təsir edən tullantıların idarə olunması”, “SOCAR-ın ekoloji siyasəti” və digər mövzularda təlimatlandırma kursları keçirildiyini xatırladan İdarə rəisi onu da qeyd edib ki, ötən ildən etibarən Şirkətin sifarişi əsasında KHTM tərəfindən   İnformasiya Texnologiyaları və Rabitə İdarəsində SAP proqramı əsasında SAP MM-”Materialların idarə edilməsi modulu”, SAP Fİ-”Maliyyə uçotu modulu”, SAP SD-”Satış və çatdırılma modulu”, SAP PM-”Texniki xidmət və təmir modulu”, SAP OPENTEXT-”Elektron Sənəd Dövriyyəsi Sistemi”, SAP HR-”İnsan Resursları funksiyalarının tənzimlənməsi” və SAP PS-”layihələrinin idarə olunması modulu” üzrə kurslar təşkil olunur.

F. Süleymanov, həmçinin əlavə edib ki, ötən 2 il ərzində Bakı Ali Neft Məktəbinin bütün tələbələrinə idarəetmə sisteminin düzgün qurulması, şirkətlə işçi arasında vəhdət və münaqişələrin həll edilməsi, etik qərar qəbulu prosesi, özünü qiymətləndirmə, komandada işləmə bacarığı, fəaliyyətin monitorinqi, təşəbbüskarlıq və novatorluq bacarığı, işçi heyəti ilə ünsiyyətin düzgün qurulması məqsədilə 428 nəfər üçün “Peşə etikası”, 234 nəfər üçün isə “Liderlik” kursları təşkil olunub.

F. Süleymanov xatırladıb ki, 2018-ci ilin may ayında SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən ayrı-ayrı peşələr və ixtisaslar üzrə təşkil edilərək sertifikatlaşdırılan kursların ən yüksək yekun göstəricisi - TTSİ üzrə 100 000-ci sertifikatın təqdimat mərasimi təntənəli şəkildə qeyd olunaraq,  “Müasir elektron ölçü vasitələrinin ölçü qovşaqlarının və standartlarının tətbiqi” ixtisasartırma təlim kursu üzrə təhsil alan “Azneft” İstehsalat Birliyinin 28 May NQÇİ-nin İstehsalat proseslərinin avtomatlaşdırılması üzrə Xidmət sahəsinin böyük mühəndisi Aftil Əliyevə təqdim edilib. Həmin 100 000 nəfərdən 45 000 nəfəri KHTM-in payına düşüb: “Nəhayət bu gün, KHTM üzrə 50 000 - ci dinləcinin kursu başa vurması və ona sertifikatın təqdim edilməsi belə bir təntənə ilə qeyd olunur.

Onu da qeyd etmək istəyirəm ki, 2005 - 2019 - cu illər ərzində təhsil almış və kurs keçmiş 50 000 nəfərdən 874 nəfəri Yeni fəhlə kadrlarının hazırlanması kursunu başa vuraraq  SOCAR - ın strukturlarında müvafiq işlə təmin edilmiş və onların daim xoş sədalarını eşidirik”.

Tədbirdə, həmçinin çıxış edən SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini Asif Şəfəqqətov və “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktor müavini Ağaşirin Quliyev kadrların hazırlanması istiqamətində təlim kurslarının əhəmiyyətindən danışıblar və SOCAR-ın kadr potensialının gücləndirilməsinə yönələn bu cür işləri yüksək qiymətləndiriblər. Bildirilib ki, sözügedən Mərkəzin fəaliyyətə başlaması kadr hazırlığı sahəsində inkişafın əsasını qoyub. 

Tədbirdə, eyni zamanda, KHTM-nin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Daha sonra İSO İEC 17025:2017 “Sınaq və kalibrasiya laboratoriyalarının bacarıqlılığı üçün ümumi şərtlər” ixtisasartırma kursu üzrə təlim keçmiş “Neftqazelmitədqiqatlayihə” İnstitutunun mühəndisi Vəli Qəhrəmanova 50 000-ci sertifikat təqdim edilib. Ona, eyni zamanda, SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun adından yubiley hədiyyəsi təqdim edilib.

Öz növbəsində NQETLİ-nin əməkdaşı Vəli Qəhrəmanov 50 000-ci sertifikatın ona təqdim edilməsindən məmnunluğunu ifadə edərək bunun həyatının yaddaqalan hadisələrindən biri olacağını vurğulayıb.  

Qeyd edək ki, KHTM Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin 5 təlim mərkəzindən biridir.

Ceyhun Piriyev,
Vüsal Cahanov (foto), 
“İki sahil”