Yurdumuza əsrlərin sınağından çıxmış mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan, bayramlarımızın şahı sayılan Novruz gəlir. Ta qədimdən Novruz təbiətin canlanmasının, torpağın oyanmasının, ruhun təzələnməsinin simvolu hesab olunub. Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə ilə gündüzün bərabərləşməsi deməkdir. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə daha böyük önəm verib. Rəvayətə görə, Tanrı ilk insanı - Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan düzəldib, sonra ona isti nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. İnsan da bu dörd ünsürdən yarandığı üçün tarix boyu onları müqəddəsləşdirərək, hərəsinə bir gün ayırıb. Beləcə, yazın - Novruzun müjdəçiləri olan Su, Od, Yel, Torpaq çərşənbələri yaranıb. Bu il Azərbaycanda baharın müjdəçisi olan ilk çərşənbə - Su çərşənbəsi fevralın 27-də, Od çərşənbəsi martın 5-də, Yel çərşənbəsi martın 12-də, ilaxır olan Torpaq çərşənbəsi isə martın 19-u qeyd ediləcək.
Novruzun ilk çərşənbəsi – Su çərşənbəsidir. Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Su çərşənbəsi xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Arzularını, gördüyü yuxuları suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və s. su ilə bağlı ayinlərdəndir. İnanclara görə, sübh tezdən bulaqdan götürülən su min bir dərdin dərmanıdır. Su çərşənbəsində baharın ilk suyundan gətirilərdi. Su sübh tezdən götürülərdi ki, insan səsi eşitməsin. Əski inanclara görə, çərşənbə günü bütün dərdlərin dərmanı olan çərşənbə suyu dalınca gedərlərmiş. Amma bu işi hər adama tapşırmazdılar. Həmin su dalınca gümüş kuzələrlə dan yeri sökülənə kimi valideynlərin ilki sayılan, 15-16 yaşlı subay qızlar gedər, üç və ya yeddi bulaqdan su götürər, dinməz-söyləməz evə gətirib qablara boşaldana kimi heç kimlə danışmaz, yerə baxarlarmış. Məhz ona görə də, bu “lal su” adlanarmış.
Dədə-babalarımız inanıblar ki, bu çərşənbədə sellər aşıb-daşır, bütün azar-bezar qar ilə bərabər yuyulub gedir. İnsanlar suyun üzərindən adlamaqla xəstəliklərdən qurtulacağına inanmışlar. Suyu müqəddəs sayan xalqımız “Su bulandıranı el utandırar”, “Suya tüpürməzlər”, “Suya söyməzlər” və bu kimi inancları, “Su haqqı”, “Suyun sovulmasın”, “And olsun axar suya”, “Ömrün su qədər uzun olsun” və bu kimi andları qoşmuşlar. Səfərə çıxanın arxasınca su atıb “Yolun aydın olsun!” deyirlər ki, Tanrı köməyi olsun.
Suyun müqəddəsliyi qədim türk miflərindən qaynaqlanır. Qədim miflərə görə suyun yiyəsi var. El arasında “Suyun anası”, “Suyun yiyəsi”, “Hovuzun anası” adlanan ifadələrə də rast gəlinir. Su elə müqəddəsdir ki, Axır çərşənbədə çaylar dayanır, ağaclar baş əyib alnını suya söykəyir. Suyun “tale göstərmə” inancına görə əcdadlarımız “Tas falı” (“Qızlar desin”, “Çərşənbə deyişməsi”, “Kuzə falı”, “Dilək falı” və s.) deyilən fal-açma ilə həddi-buluğa çatmış qızların gələcəkdəki talelərinə baxmışlar. Çərşənbə gecəsində axşam qadınlar, qızlar, oğlanlar kiminsə evinə yığılıb çilə çıxarardılar. Bu gecəni həm də insanlar bəxt gecəsi adlandırırlar. Odur ki, qızlar su ilə fal açıb bəxtlərini sınayardılar. Bu vəsfi-hal mərasimi “Üskük çıxarma” falıdır. Bir camın içərisinə hərə öz nişanəsini - üzük, sırğa, düymə atırdı, sonra qabın üzərinə dəsmal salınırdı. Nişanələr qabın içərisində iki-üç dəfə qarışdırılıb bayatı deyilirdi, bir yeniyetmə qız uşağı əlini camın içərisinə salıb nişanənin birini sudan çıxarırdı. Bayatını oğlan, qız, qadın, kişi hər kəs deyə bilərdi. Hər dəfə bayatı çağrılanda camdan kimin nişanəsi çıxsa onun diləyi həmin bayatı olan mətləbə uyğun yozulardı. Bu mərasim səhərə kimi davam edir. Günəş doğandan sonra mərasim iştirakçılarının su üstünə gedib çillə kəsdirməsi, əl-üzünü yumaları, niyyət edib suyun üstündən tullanaraq, “Ağırlığım-uğurluğum bu sulara”, “Ağırlığımı su götürsün” deməsi ilə başa çatır.
Xalq əfsanələrində, məhəbbət və qəhrəmanlıq dastanlarında suyun müxtəlif funksiyalar daşıdığı motivlərlə yanaşı, suyun dirilik rəmzinə də rast gəlinir. Qəhrəmana gücü, qüvvəni, qeyri-adi qabiliyyətləri verən vasitələrin biri də sudur. Folklorda “dirilik suyu” aktiv işlənmişdir. Azərbaycan folklorunda dirilik suyu Şirvanla əlaqəli verilir. Rəvayətlərdə, nağıllarda, Nizaminin “İsgəndərnamə”sində dirilik suyu içmək Xıdıra nəsib olur. “İsgəndərnamə”də İsgəndər dirilik suyunu axtarıb, tapa bilməsə də, onun hikmətini dərk edir. “Koroğlu” dastanındakı Qoşabulaq da dirilik bulağı, ölməzliyin rəmzidir. Qoşabulağın suyundan içəndən sonra Koroğluya qeyri-adi aşıqlıq, şairlik, nərə, Qırata qeyri-adi xüsusiyyətlər dəlir.
Su çərşənbəsində süfrələr bəzədilir. Təmiz sudan hazırlanmış pürrəngi çay, müxtəlif şirniyyat və yeməklər, əsasən də plov süfrənin nemətləri sırasında olur. Bu çərşənbədə süfrəyə səməni qoyulmur. Təmiz, lal suyun süfrədə olması isə vacibdir. Əgər həmin su aşarsa, bu bolluğun rəmzi kimi qiymətləndirilir. Suyu müqəddəs bilən xalqımız bu çərşənbədə su ilə bağlı ayinləri həyata keçirərək bayramın ilk günlərini qarşılayır. Ömrünüz su qədər uzun və pak olsun!
Sevinc Azadi, “İki sahil”