Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən bu qurumun tabeliyindəki ümumtəhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə işə qəbul üzrə elan edilən müsabiqənin qeydiyyat mərhələsi yekunlaşıb.
BŞTİ-dən bildiriblər ki, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 999 nəfər https://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçib. Onlardan 101-i gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, 267-si uşaq birliyi təşkilatı rəhbəri, 631-i laborant olmaq istəyən şəxslərdir.
Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət olunacaqlar.
Qeyd edək ki, təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənən “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir.