KÖŞƏ

Taleh Bağırov

Əli Kərimlinin “pərdələnmə” cəhdləri uğursuz oldu

23 avqust 2016 14:58
2846

Türkiyədə məlum 15 iyul hadisələrindən sonra Azərbaycanda da Fətullah Gülənin başçılıq etdiyi FETÖ şəbəkəsinə dəstək verən, təşkilatla əlaqəsi olan şəxslərin kimlikləri yavaş-yavaş məlum olur.

Bunlar hər zaman xalqa, millətə, Azərbaycan dövlətçiliyinə əks mövqeydə dayanan qüvvələrdir. Maraqlıdır ki, qardaş ölkədə baş verən çevrilişə cəhd hadisəsindən sonra Azərbaycanda daha çox dağıdıcı müxalifət “lider”ləri yaman narahat olmağa başlayıblar. Bu narahatlıq isə onların xəyanətkar qüvvələrlə iş birliyi içində olmalarını aşkara çıxarır. Son günlər AXCP sədri Əli Kərimli və “Milli Şura” sədri Cəmil Həsənli dəridən-qabıqdan çıxıb deyilənləri müxtəlif vasitələrlə inkar etsələr də, hər şey tərsinə gedir. Onların FETÖ ilə əlaqələri su üzünə çıxır. Vəziyyət o yerə çatıb ki, Əli Kərimli “pərdələnmə” əməliyyatına oğlunu da daxil edib. Ə.Kərimlinin layihəsi əsasında fəaliyyət göstərən “Azərbaycan saatı” verilişi “Barış TV”-də yayımlanırdı. Bu TV bağlandıqdan sonra Türkiyədə fəaliyyət göstərən TV-lər “Azərbaycan saatı”nın onların tezliyində yayımlanmasına razılıq vermədilər. Bu isə belə deməyə əsas verir ki, başda “Barış TV” olmaqla, bağlanmış digər yazılı və görüntülü media qurumları bilavasitə ABŞ-dan idarə edilirdilər və idarəetmə pulltunun arxasında gülənçilərin lideri Fətullah Gülən dayandı. Məhz bu hadisələr fonunda Ə.Kərimlinin oğlu Türkel Kərimli dərhal ABŞ-a göndərilir. İddia olunur ki, AXCP sədrinin oğlu ciddi nüfuzları olmayan Vaşinqton məmurlarının kabinetlərində görünüb, hətta otaqlardan şəkillər də paylaşıb. Bununla bağlı Türkiyə hüquq-mühafizə orqanlarına yaxın mənbələr məlumat veriblər ki,  T.Kərimli atasının adından Qənimət Zahidin aparıcısı olduğu bağlanmış proqramına başqa gülənçi telekanalda yayım imkanı verilməsini xahiş edib. Bəzi senatorların və konqresmenlərin aparatının işçiləri ona vəd veriblər ki, bu məsələyə baxacaqlar. Lakin zamanında görülmüş tədbirlər gülənçi medianın tamamilə fəaliyyətsiz duruma gətirilməsinə səbəb oldu. Artıq Türkiyədə demək olar ki, gülənçilərin böyük hissəsi aşkar olunaraq zərərsizləşdirilib. Çevriliş planı məğlubiyyətlə başa çatıb. Vəziyyətin belə olması Azərbaycandakı gülənçiləri də çıxılmaz hala salıb. Vaxtı ilə FETÖ-a əllərindən gələn hər yardımı edən, qarşılığında isə təbii olaraq mədət uman var gücləri ilə indi bütün qüvvə ilə bu bataqlıqdan çıxmaq üçün çırpınırlar. Bütün çırpıntılara baxmayaraq artıq çox gecdir. Onların kim olduğu, məqsədlərinin nə olduğu Azərbaycan xalqına bir daha aydın oldu. Zamanın diktə etdiyi fakt budur ki, dağıdıcı müxalifətin məqsədi ancaq xarici antiazərbaycan dairələrdən aldığı yardımlar hesabına ölkədə qarşıdurma yaratmaq, böyük zəhmət hesabına yaradılan genişmiqyaslı quruculuq-abadlıq işlərini, sosial-iqtisadi uğurları dağıtmaq, möhkəm əsaslar üzərində qurulan ictimai-siyasi sabitliyi pozmaqdır. Tarix isə göstərir ki, onların bütün çəhdlərinin qarşısı alınır və alınacaqdır.