Naxçıvan şəhəri üzrə avtobusların 16%-i elektriklə işləyir.
“İki sahil” xəbər verir ki, bunu Trend-ə müsahibəsində Naxçıvan Muxtar Respublikasınının rəqəmsal inkişaf və nəqliyyat nazirinin səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Rahid Ələkbərov deyib.
O qeyd edib ki, ətraf mühitin qorunması üçün Naxçıvan Muxtar Respublikasında, xüsusən Naxçıvan şəhərində elektriklə işləyən avtomobillərin artırılması ilə bağlı işlər aparılır.
"Bizdə həm elektriklə işləyən taksilər, həm də avtobuslar var. Naxçıvan şəhəri üzrə avtobusların 16%-i elektriklə işləyir. Bu, çox yaxşı göstəricidir.
Şəhərdə dövlət və özəl sektora aid elektrik doldurucuları quraşdırılıb. Bu il 10 yeni elektrik doldurucu stansiyanın Naxçıvan Muxtar Respublikasında quraşdırılmasının tikinti işlərinə başlamışıq. Zəngəzur dəhlizinin Naxçıvandan keçəcəyini gözlədiyimiz üçün Türkiyə sərhədində bir elektrik doldurucusu stansiya artıq fəaliyyətə başlayıb.
Bundan başqa, Şərur, Ordubad, Şahbuzun hər birində bir, Naxçıvan şəhərində isə 6 elektrik doldurucu stansiyanın tikintisi nəzərdə tutulub. Hazırda isə Naxçıvan şəhərində 16 elektrik doldurucu stansiyası fəaliyyət göstərir. Ötən ildən etibarən Naxçıvanda 250-dən artıq elektromobil var. Bu, əvvəlki illərə nisbətdə dəfələrlə artıqdır", - deyə nazir müavini qeyd edib.