29 noyabr 2024 22:04
83

“Metsamor” AES regionu təhdid edir

50 ilə yaxın fəaliyyət göstərən və Spitak zəlzələsində "əlil" olan AEC, sözün əsl mənasında, fəlakət beşiyi kimi yırğalanmaqda davam edir

Ermənistan ərazisində yerləşən “Metsamor” Atom Elektrik Stansiyası (AES) bu gün region ölkələri üçün ciddi təhlükə mənbələrindən biridir. İstismar müddətini çoxdan başa vurmuş, amma bu ölkə hökumətinin müxtəlif yollarla fəaliyyətini uzatmağa çalışdığı adıçəkilən infrastruktur hələ də potensial nüvə qəzası mənbəyi olaraq qalır. Türkiyənin İğdır vilayətindən 16 kilometr, Naxçıvan Muxtar Respublikasının sərhədlərindən isə 50 kilometr məsafədə yerləşən “Metsamor”, hətta qəzasız vəziyyətdə belə illərdir ki, yaxın bölgələrə öz mənfi təsirini göstərir. “Metsamor” AES-in istismar müddətinin uzadılması Gürcüstan, Türkiyə, Azərbaycan, İran və Qara dənizin cənub regionunun əhalisinin, ilk növbədə isə Ermənistanın özünün əhalisinin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Azərbaycan da daxil olmaqla Türkiyə, Avropa İttifaqı və müxtəlif beynəlxalq təşkilatlar uzun müddətdir bu atom elektrik stansiyasının bağlanmasını istəyirlər. Bununla belə, Ermənistanın baş naziri Nikol Paşinyan "Metsamor"un 2036-cı ildə, yəni hazırkı aqreqatın istismar müddəti başa çatdıqdan sonra yeni enerji blokunu işə salmağı planlaşdırdığını açıqlamışdı. İrəvandan cəmi 35 km aralıda yerləşən “Metsamor”da “Çernobıl” kimi qoruyucu qat yoxdur. Beləliklə, Çernobılda olduğu kimi, bu AES-də baş verə biləcək qəza asanlıqla irimiqyaslı çirklənməyə səbəb ola bilər.

Ermənistan hakimiyyətinin bu AES ilə əlaqədar məsuliyyətsiz davranışları, dünya ictimaiyyətini aldatmağa hesablanan yalan hesabatları, erməni ictimai xadimlərin bu məsələyə siyasi don geyindirmək cəhdləri bölgəni növbəti Çernobıl və Fukusima qəzalarına doğru aparır. “Ermənistanın Atom Elektrik Stansiyası həm Türkiyə, həm də Azərbaycan üçün həmişə mübahisə mövzusu olub, çünki Ermənistan regionda AES-ə sahib olan yeganə ölkədir və onun bağlanması əsas mövzulardan biridir, bununla ABŞ və Avropa İttifaqı (Aİ) Ermənistanı Türkiyənin vilayətinə çevirməyə çalışırlar”. Bunu erməni ictimai xadim Qriqor Qriqoryan deyib. Onun sözlərinə görə, Ermənistan AES-ə qarşı bütün iddialar və tələblər siyasi məqsədlər güdür. Amma enerjinin siyasiləşdirilməsi yolverilməzdir və qəbuledilməzdir. Xüsusilə Ermənistanın Qarabağ müharibəsinin ikinci mərhələsində məğlub olmasından sonra ABŞ və Aİ Ermənistana Rusiya ilə əlaqələri ehtiva edən və onların çox maraqlı olduğu tarixi stereotiplərdən imtina etməyi tövsiyə edir. Qriqoryan bildirib ki, Ermənistan AES-in bağlanması bu gün ABŞ və Türkiyənin gündəmindəki prioritet istiqamətlərdən biridir.

Metsamor Atom Elektrik Stansiyasını istismardan çıxarmaq, beynəlxalq ictimaiyyətin gözlədiyi qayda və prosedurlara əməl etmək əvəzinə Ermənistan hakimiyyəti hər dəfə onun ömrünü süni şəkildə uzatmağa çalışır. Məlumdur ki, stansiyanın maye tullantıları son nəticədə transsərhəd çayı olan Araz çayına axıdılır. Bu stansiya su qıtlığı olan ərazidə yerləşir, köhnələn reaktorunu soyutmaq üçün su dərinlikdəki quyulardan götürülür. Zəlzələlər zamanı yeraltı suların səviyyəsinin və axınların istiqamətinin dəyişməsi mümkündür, bu isə soyutma sisteminin etibarsızlığını aydın nümayiş etdirir. Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılması da böyük narahatlıq doğurur. Ermənistan ərazisində 200-dən artıq radioaktiv mənbələr mövcuddur. Bu mənbələr sırasına müxtəlif növ izotoplar daxildir. Ermənistanda radioaktiv izotoplarla əlaqədar qaçaqmalçılıq faktları da mövcuddur. Bu, radionuklidlərin terror məqsədilə istifadə edilməsi ehtimalını artırır. Metsamor Atom Elektrik Stansiyasının tullantılarının yerləşdirildiyi poliqonların artıq dolduğu və yeni nüvə tullantıları poliqonunun yaradılması göstərir ki, bu tullantıların yerləşdirilməsi ilə bağlı ciddi problemlər mövcuddur.

Prezident İlham Əliyev dəfələrlə nüvə təhlükəsizliyi problemlərinə toxunarkən Ermənistandakı "Metsamor" AES-in Azərbaycana, Türkiyəyə, Ermənistana və ümumiyyətlə, bütün regiona böyük nüvə təhlükəsi yaratdığını diqqətə çatdırmışdır. Dövlətimizin başçısı bu stansiyanın köhnə texnologiya ilə işlədiyini, onun ciddi texniki problemlərinin olduğunu bildirmiş və "Metsamor"dan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılmasının narahatlıq doğurduğunu vurğulamışdır. Prezident bu məsələni qaldırmaqla bir daha problemin nə dərəcədə ağır olduğunu, artıq onu görməzliyə vurmağın mümkünsüzlüyünü açıqlamışdır. Bütün bunlara baxmayaraq, "Metsamor" AES-in bağlanması ilə əlaqədar qaldırılan tələblər elə də böyük dəstək ala bilmir. Ümumiyyətlə, onun ciddi təhlükə mənbəyi kimi müzakirələrdən kənarda qalması təəccüblüdür. Bir sıra dövlətlər Ermənistanı yenə də ərköyün uşaq kimi dizlərinin üstünə otuzdurub ona sığal çəkirlər. Ona "gözün üstündə qaşın var" demək niyyətində olanlar isə sanki yox dərəcəsindədir.

"Metsamor"u ermənilərin nüvə avantürası da adlandıra bilərik. İrəvanın 20 kilometrliyində yerləşən bu stansiyada baş verən istənilən qəza Ermənistanın paytaxtını göyə sovuracaq. Bu ölkədə bütün kənd təsərrüfatı yararsız hala düşəcək. Erməni hüquq müdafiəçilərinin özləri də etiraf edirlər ki, əgər belə bir qəza baş versə, bütün qonşu ölkələr ağır və sarsıdıcı itkilərə məruz qala bilərlər. Erməni hökuməti isə son 30 il ərzində yeni AES-in inşasına başlamaq əvəzinə başını Azərbaycan torpaqlarının işğalına və onun sərvətlərinin talanmasına qatdı. Hətta ağır məğlubiyyətdən sonra da ağlını başına yığmadı. "Zavallı erməni xalqı" isə hər an "Metsamor"dan bəd xəbər ala bilər. Türkiyədəki böyük zəlzələdən sonra bu AES-in təhlükəsizliyi bir tükdən asılıb desək, yanılmarıq. Bir məsələni də qeyd edək ki, "Metsamor" AES-in uzun illərdir radioaktiv materialların qanunsuz ticarətində də adı keçir. Xatırlatmaq yetər ki, Ermənistan vətəndaşları Gürcüstan ərazisində dəfələrlə hüquq-mühafizə orqanları tərəfindən qununsuz radioaktiv maddələr daşımaları ilə bağlı saxlanılıblar. Erməni qaçaqmalçılarını hətta 200 milyon dollarlıq radioaktiv maddələrin satışına cəhd edəndə yaxalayıblar. Ermənistan tərəfi isə öz ərazi və sərhədlərində bir dəfə də olsun bu cinayətkarları haqlamayıb. Maraqlısı odur ki, Gürcüstana qanunsuz bir meyvə belə keçirə bilməyən ermənilər qonşu ölkəyə  radiaktiv materialları rahatca daşıyıblar.

Sevinc Azadi, “İki sahil”