Ekoloji məsuliyyətin artırılması məqsədilə sənaye müəssisələrinin fəaliyyətində müasir idarəetmə alətlərinin tətbiqi diqqət mərkəzindədir. Bu proseslərdə yaşıl maliyyələşdirmə xüsusi rol oynayır. Yaşıl maliyyələşdirmə çərçivəsində həyata keçirilən layihələr istehsal xərclərinin azalmasına, resursların səmərəli istifadəsinə və ekoloji təhlükəsizliyin təmin olunmasına xidmət edir. Bu isə ölkədə sosial-iqtisadi islahatların davam etdirilməsinə, innovativ iqtisadiyyatın formalaşdırılmasına və beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin güclənməsinə şərait yaradır.
“İki sahil” xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Bakıda “Sıfıra doğru” şüarı altında keçirilən Sənaye Təhlükəsizliyi Zirvəsində çıxışı zamanı söyləyib.
Nazir müavininin sözlərinə görə, müasir dövrdə dövlət və ictimai sektor arasında səmərəli əməkdaşlığın artırılması, məlumat, təcrübə və fikir mübadiləsinin genişləndirilməsi ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfə verir: “Bu əməkdaşlıq çərçivəsində yaşıl artımın təmin olunması və ekoloji təhlükəsizliyin qorunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın iqtisadi inkişaf konsepsiyasında ətraf mühitin mühafizəsi, ekoloji davamlılıq və yaşıl maliyyələşdirmə təşəbbüsləri əsas prioritetlər sırasındadır. Bu istiqamətdə istehsal müəssisələrinin öz fəaliyyətini qanunvericiliyə uyğun şəkildə həyata keçirməsi, enerji səmərəliliyinin artırılması və təbii resurslardan səmərəli istifadə vacib şərtlərdən hesab olunur. Eyni zamanda, davamlı inkişaf məqsədilə müəssisələrin əməyin təhlükəsizliyini və işçi sağlamlığını təmin etməsi, ekoloji səmərəliliyi artırmaqla yanaşı, istehsal xərclərini azaltmaq kimi mühüm məqsədlər qarşıya qoyulur”.
V.Kərimov qeyd edib ki, innovativ texnologiyaların tətbiqi bu prosesin mühüm tərkib hissəsidir: “Xüsusən, sənaye müəssisələrində müasir texnologiyaların istifadəsi istehsal proseslərində enerjiyə qənaət etməklə yanaşı, ekoloji risklərin azaldılmasına və qəza hallarının qarşısının alınmasına imkan yaradır. Bu yanaşma təkcə ekoloji dayanıqlığı təmin etməklə kifayətlənmir, eyni zamanda, iqtisadi üstünlüklərin əldə olunmasına və istehsal proseslərinin optimallaşdırılmasına şərait yaradır”.
Onun sözlərinə görə, dövlət-ictimai sektor əməkdaşlığının gücləndirilməsi, istehsal müəssisələrində ekoloji standartlara riayət edilməsi və innovativ texnologiyaların tətbiqi davamlı inkişafın təmin edilməsində həlledici rol oynayır: “Bu istiqamətdə informasiya mübadiləsinin artırılması və ictimai nəzarətin gücləndirilməsi, yaşıl iqtisadiyyatın qurulması prosesinin daha çevik və effektiv şəkildə həyata keçirilməsinə imkan verəcək. Media qurumları və vətəndaş cəmiyyəti institutlarının bu məsələdə oynadığı rol da əhəmiyyətlidir. Onların təşviq etdiyi ictimai nəzarət və maarifləndirmə tədbirləri cəmiyyətdə ekoloji şüurun formalaşmasına və məsuliyyətli yanaşmanın inkişafına şərait yaradır. Nəticədə, dövlət, ictimai sektor və biznes subyektlərinin sıx əməkdaşlığı ilə ölkədə yaşıl iqtisadiyyat modelinin uğurla reallaşması mümkün olacaq. Bu istiqamətdə görülən işlər Azərbaycanın beynəlxalq səviyyədə ekoloji dayanıqlı iqtisadiyyat quruculuğuna töhfə verməklə, ölkəmizi daha təhlükəsiz, yaşıl və ekoloji təmiz gələcəyə doğru addımlamağa sövq edir”.