14 dekabr 2024 13:31
80

İşğaldan azad edilmiş ərazilərdə “Təhlükəsiz məktəb” layihəsi çərçivəsində maarifləndirmə aparılır

Bədbəxt hadisələrin əksəriyyəti insan amili ilə bağlıdır. Bu hadisələr əsasən ya sahəni bilməmək, ya da bilərəkdən etinasız yanaşma səbəbindən baş verir. Bu problemin həllində təlim və maarifləndirmə işlərinin həyata keçirilməsi əhəmiyyətlidir. Mütəxəssislərin keçirdiyi peşə təlimləri ilə yanaşı, ümumi maarifləndirmə tədbirlərinin də əməyin mühafizəsi mədəniyyətinin formalaşdırılmasında xüsusi rolu var.

“İki sahil” xəbər verir ki, bu sözləri Fövqəladə Hallar Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Vüqar Xəlilov jurnalistlərə açıqlamasında söyləyib.

O, Bakıda keçirilən Sənaye Təhlükəsizliyi Zirvəsinin əhəmiyyətinə toxunaraq deyib: “Tədbirin əsas məqsədi əməyin mühafizəsi və təhlükəsizliyinin təmini, ətraf mühitin mühafizəsi, korporativ məsuliyyətin gücləndirilməsi, sənaye sahələrində peşə xəstəlikləri və bədbəxt hadisələrin minimuma endirilməsi yollarını müzakirə etməkdir. Tədbirin devizi olaraq “Sıfıra doğru” ifadəsi seçilib ki, bu da əməyin mühafizəsi və sənaye təhlükəsizliyində sıfır bədbəxt hadisə hədəfinə işarədir”.

V.Xəlilov bildirib ki, hazırda maarifləndirmə istiqamətində həm təlim-tədris, həm də şagirdlər üçün “Təhlükəsiz məktəb” layihəsi həyata keçirilir: “Layihə çərçivəsində Bakı şəhərində və işğaldan azad olunmuş ərazilərdəki məktəblərdə şagirdlərə elektrik, qaz təhlükəsizliyi, ilkin tibbi yardım və digər texniki təhlükəsizlik bilikləri aşılanır. Məqsəd əməyin mühafizəsi mədəniyyətini və təhlükəsizlik mədəniyyətini uşaqlıq illərindən formalaşdırmaqdır. Elmi-Tədqiqat İnstitutu bu sahədə bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Hazırda İnstitutun “Təhlükəsiz məktəb” layihəsi və beynəlxalq təcrübənin tətbiqi ilə bağlı bir sıra yeni təşəbbüsləri var. İnstitut bu istiqamətdə əməkdaşlıq çərçivəsində əməyin təhlükəsizliyi üzrə xüsusi təlimlər təşkil edir. Bu təlimlər əvvəllər maliyyə baxımından baha və xarici dildə keçirildiyi üçün bəzi çətinliklər yaradırdı. Lakin bu ildən etibarən təlimlər Azərbaycan dilində keçirilir ki, bu da iştirakçılar üçün əlavə rahatlıq yaradır”.