27 fevral 2025 02:27
95

Rusiya Myanmada liman və neft emalı zavodu tikəcək?

Rusiyan İqtisadi İnkişaf Nazirliyi bazar günü bildirib ki, Myanma və onun yaxın müttəfiqi Rusiya Davei xüsusi iqtisadi zonasında liman və neft emalı zavodunun tikintisi də daxil olmaqla, investisiya əməkdaşlığı haqqında memorandum imzalayıb.

Sənədi Rusiyanın İqtisadi inkişaf naziri Maksim Reşetnikov və Myanmanın investisiya və xarici iqtisadi əlaqələr naziri Kan Zav Rusiya nümayəndə heyətinin Cənub-Şərqi Asiya ölkəsinə səfəri zamanı imzalayıblar.

"Memorandumun mətni Myanmada Rusiya şirkətləri ilə birgə həyata keçirilən bir neçə iri infrastruktur və enerji layihələrinin əsas parametrlərini ehtiva edir", - nazir Reşetnikov öz bəyanatında bildirib.

“Söhbət liman, kömürlə işləyən istilik elektrik stansiyası və neft emalı zavodunun tikintisi layihələrindən gedir”.

"Neft emalı zavoduna gəlincə, Myanma tərəfinin neft emalı zavoduna sahib olmaq arzusu var. Bizim şirkətlər hələ də belə bir layihənin iqtisadiyyatını öyrənirlər, bu, iqtisadi məqsədəuyğunluq baxımından çox mürəkkəbdir", - Rusiyanın "İnterfaks" agentliyi Reşetnikova istinadən yazır.

Xatırladaq ki, Davei xüsusi iqtisadi zonası Andaman dənizində yüksək texnologiyalı sənaye zonaları və nəqliyyat qovşaqları, informasiya texnologiyaları zonaları və ixrac emalı zonalarının yerləşdirilməsi planlaşdırılan 196 kvadratkilometrlik layihədir.

Rusiya 2021-ci ilin fevralında Aung San Suu Kyinin seçilmiş mülki hökumətini devirən hərbi çevrilişdən sonra Myanmanın ən yaxın müttəfiqinə çevrilib.

Moskva və Neypido daha dərin enerji əməkdaşlığını, o cümlədən Rusiyanın Myanmanın əsas şəhəri Yanqona qaz kəmərinin tikintisində iştirakını müzakirə edir. Rusiyanın həm də bu ölkədə nüvə tədqiqat reaktoru qurmaq planları var.

Nubar Süleymanova, “İki sahil”