27 fevral 2025 14:17
95

Bahar Muradova: Azərbaycan Şərqdə ilk demokratik cümhuriyyət quraraq İslam dünyasında bir çox yeniliklərin öncülü olub

Azərbaycan xalqı tarix boyu müstəqil dövlətə sahib olmağı arzulayıb və bu məqsədə çatmaq üçün daim mübarizə aparıb. Bu yolda müharibələrə, təzyiqlərə və təhdidlərə məruz qalsa da, heç zaman öz arzusundan imtina etməyib və müstəqil dövlət quruculuğunda addım-addım irəliləyib.

“İki sahil” xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunmuş konfransda çıxışı zamanı səsləndirib.

O bildirib ki, bu gün müstəqil Azərbaycan dövlətinin mövcudluğu danılmaz bir faktdır. Ölkəmiz qısa müddətli müstəqilliyə malik olmasına baxmayaraq, artıq özünün müstəqil siyasi iradəsi, qətiyyətli mövqeyi və hüquq prinsiplərinə əsaslanan fəaliyyəti ilə seçilir. Azərbaycan həm vətəndaşlarının təhlükəsizliyini və hüquqlarının qorunmasını, həm sosial-iqtisadi inkişafını, həm də region və dünya ölkələri ilə əlaqələrini beynəlxalq standartlara uyğun şəkildə qurub.

Bahar Muradova vurğulayıb ki, Azərbaycan müstəqil dövlət kimi özünəməxsusluğu ilə seçilir və dünya ictimaiyyəti bunu ardıcıl şəkildə qeyd edir. Ölkəmiz qəbul etdiyi bütün qərarları xalqın istək və arzularına, dövlətin müstəqil iradəsinə əsaslanaraq verir. Bu prinsiplər Azərbaycanın beynəlxalq arenada mövqeyini möhkəmləndirir və ölkəmizi bu sahədə nümunəvi dövlətlərdən birinə çevirir.

O, həmçinin qeyd edib ki, Azərbaycan tarix boyu mübarizəsi və fəaliyyətləri ilə müstəqilliyini təsdiqləyib. Bu gün müstəqil Azərbaycan dövləti xalqımızın ən böyük nailiyyəti və ən dəyərli sərvətidir. Onun qorunması hər bir vətəndaşın borcudur. Azərbaycan Şərqdə ilk demokratik cümhuriyyəti quraraq İslam dünyasında bir çox yeniliklərin öncülü olub. Müstəqil İslam ölkəsi kimi Azərbaycan həm milli-mənəvi dəyərlərə, həm də dünyəvilik və müasirlik prinsiplərinə sadiq qalaraq dayanıqlı inkişaf yolunda irəliləyir.