Tatarıstanın Təhsil və Elm Nazirliyi Rusiya Təhsil Nazirliyinə respublika məktəblərində ana dili saatlarının saxlanmasını xahiş edib.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Tatarıstan Dövlət Şurasının iclasında respublika nazirliyinin rəhbəri İlsur Xadiullin məlumat verib.
İlsur Xadiullin dəqiqləşdirib ki, idarə mövcud vəziyyəti təhlil edir. O, ana dilini qoruyub saxlamaqla tələbələrin üzərinə düşən maksimum yükün aşılmayacağını vurğulayıb.
"Uşaqların üzərinə düşən ümumi maksimum yükü aşmadan, düşünürəm ki, biz ümumi dil tapacağıq, çünki bu gün bu saatın saxlanılması üçün idarə ilə, nazirliklə bu istiqamətdə iş aparılır", - nazir bildirib.
Qeyd edək ki, Rusiya Federasiyası Təhsil Nazirliyinin 9 oktyabr 2024-cü il tarixli, 704 nömrəli əmrinə əsasən, 2025-ci il sentyabrın 1-dən Rusiyada ibtidai təhsil üzrə yeni federal kurikulumlar qüvvəyə minəcək.
Yeni tədris ilindən federal dövlət təhsil standartlarında “Ana dili” və “Doğma dildə ədəbi qiraət” fənləri üzrə tədris saatlarının sayı azaldılır.