19 iyul 2025 12:21
143

Qazaxıstan üç İstilik Elektrik Mərkəzinin inşası üzrə Rusiya ilə danışıqları davam etdirir

Qazaxıstan ölkənin şimalında üç İstilik Elektrik Mərkəzinin tikintisinin maliyyələşdirilməsi məsələsi ilə bağlı Rusiya ilə danışıqları davam etdirir.

“İki sahil” xəbər verir ki, bu barədə TASS Qazaxıstanın Energetika Nazirliyi istinadən məlumat yayıb.

Məlumata görə, Qazaxıstan tərəfi müstəqil olaraq onlardan birinin inşasına başlayıb.

Nazirlikdən bildirilib ki, Kökşetau, Semey və Ust-Kamenoqorskda üç İstilik Elektrik Mərkəzinin inşası haqqında saziş 2024-cü ildə imzalanıb.

Qazaxıstan tərəfi parlamentdə sənədin ratifikasiyası prosedurunu həyata keçirir.

"Saziş Rusiya tərəfindən Qazaxıstan tərəfinə güzəştli (subsidiyalaşdırılmış) ixrac kreditinin verilməsini nəzərdə tutur. Bununla yanaşı, maliyyə şərtlərinin razılaşdırılması üzrə Rusiya tərəfdaşları ilə dialoq davam edir. Eyni zamanda, layihələrin strateji əhəmiyyətini və bir sıra digər məsələləri nəzərə alaraq Kökşetau şəhərindəki İstilik Elektrik Mərkəzi üzrə işlərə artıq başlanılıb", - məlumatda bildirilib.

Qeyd edilib ki, maliyyələşdirmə məsələsi ilə bağlı Rusiya tərəfindən cavab olmadığı təqdirdə, nazirlik bu layihələrin alternativ maliyyə mənbələrindən müstəqil həyata keçirilməsi məsələsinə baxacaq. Bildirilib ki, bu zaman ölkənin milli maraqları nəzərə alınacaq.