Almaniyanın Düsseldorf şəhərində ənənəvi yarmarkada atəşfəşanlıq zamanı pirotexniki vasitə tamaşaçı kütləsinin üzərinə düşüb, 19 nəfər xəsarət alıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Hadisə iyulun 18-də axşam saatlarında baş verib. İlkin məlumatlara görə, buraxılan pirotexniki vasitə yanlış istiqamətdə uçub və tamaşaçı kütləsi arasında partlayıb.
Məlumata görə, bir neçə nəfər xəstəxanaya yerləşdirilib, 4 nəfər ağır xəsarət alıb.
Düsseldorfda Reyn çayı sahilində keçirilən illik yarmarka - "Rheinkirmes" Almaniyada ən böyük xalq bayramlarından biri hesab olunur. Hər il təxminən dörd milyon insan yarmarkaya gedir.