19 iyul 2025 13:45
127

KİV: Hindistan və ABŞ ticarət sazişi üzrə danışıqların beşinci raundunu başa çatdırıb

Hindistan və ABŞ nümayəndələri iyulun 14-17-da Vaşinqtonda keçirilən ikitərəfli ticarət sazişi üzrə danışıqların beşinci raundunu başa çatdırıb.

“İki sahil” xəbər verir ki, bu barədə PTI agentliyi məlumat yayıb.

Danışıqların nəticələri barədə məlumat hələlik yoxdur. Bildirilir ki, danışıqlar zamanı kənd təsərrüfatı, avtomobil sənayesi və digər məsələlər barədə müzakirə edilib.

PTI-nin qeyd etdiyi kimi, tərəflər avqustun 1-nə qədər müvəqqəti ticarət sazişi bağlamağa çalışırlar. Həmin vaxt ABŞ Prezidenti Donald Trampın onlarla ölkəyə tətbiq etdiyi rüsumların dayandırılması ilə bağlı müddət başa çatacaq. Hindistan respublika üçün 26 % təşkil edə biləcək bu əlavə tarifin ləğv edilməsinə çalışır.