20 iyul 2025 21:35
126

Suriya druzlarının rəhbərliyi əsir mübadiləsinə hazır olduqlarını elan ediblər

Suriyanın Əs-Suveyda əyalətinin druz icmasının rəhbərliyi ölkənin cənubunda baş verən qarşıdurmalardan sonra ərəb qəbilələri ilə əsir mübadiləsi əməliyyatına hazır olduğunu açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Sham TV icmanın bəyanatına istinadən məlumat yayıb.

Əsir götürülən döyüşçülərin və girovların azad edilməsinə yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 19:00) Umm Zeytun bölgəsində başlanılacağı bildirilir: “Biz hər kəsi əməkdaşlığa və bu prosesin uğurunu təmin etmək üçün maksimum məsuliyyət daşımağa çağırırıq. Qaçırılan insanların sağ-salamat qayıtmasına ümid edirik”.

Bəyanatda əyalətdə mobil rabitə və internetin dərhal bərpası tələbi də yer alıb.

Xatırladaq ki, Suriyanın cənubundakı Əs-Suveyda əyalətində keçid hökuməti qüvvələri ilə druz özünümüdafiə dəstələri arasında baş verən silahlı toqquşmalarda 940 nəfər həlak olub. Məlumata görə, iyulun 13-dən bəri davam edən toqquşmalarda druz bölmələri 326 döyüşçünü itirib, hökumət qüvvələrinin 312 hərbçisi həlak olub. İyulun 19-da Suriyanın keçid prezidenti Əhməd əş-Şaraa beynəlxalq vasitəçilərin iştirakı ilə hazırlanmış nizamlama planına uyğun olaraq Əs-Suveydada atəşkəs elan edib.