19 aprel 2019 13:27
873

6 milyard dollarlıq “Azəri Mərkəzi-Şərqi” layihəsi təsdiq edildi

SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev bildirdi ki, yeni qurulacaq platformanın istismar dövrü ərzində 3 milyard barreldən artıq əlavə neftin hasil olunması, Hasilatın Pay Bölgüsü Sazişinin növbəti dövrü ərzində neft sənayemizə daha 40 milyard dollardan çox sərmayə  yatırılması nəzərdə tutulur

Dünən  SOCAR-ın Baş ofisində 6 milyard dollarlıq “Azəri Mərkəzi-Şərqi” layihəsinin imzalanması  mərasimi keçirildi. İmzalanma mərasimi Azərbaycanı uğurlara aparan yolu özündə əks etdirən filmin nümayişi ilə başladı.

SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev bildirdi ki, Azərbaycan bu gün iqtisadi qüdrətinə görə Cənubi Qafqaz regionunun şəriksiz lideri kimi bütün dünyada qəbul olunur, tanınır və təqdir edilir. Ölkənin sosial-iqtisadi yüksəlişi, beynəlxalq mövqeyinin güclənməsi ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin, ölkə Prezidenti İlham Əliyevin müdrik rəhbərliyinin real bəhrələridir. Dövlətimizin başçısının  rəhbərliyi ilə  neftçilərimiz fədakarlıqla çalışmış, böyük uğurlar qazanmışlar.

“Bu il ölkənin iqtisadi inkişafının təməlini qoymuş və ulu öndər Heydər Əliyevin şah əsərlərindən olan “Əsrin müqaviləsi”nin 25 ili tamam olur” söyləyən R.Abdullayev qeyd etdi ki,  25 il bundan əvvəl Azərbaycan xalqının böyük sərvəti olan AÇG yataqlar blokunun işlənilməsi üçün müasir texnologiyalar və böyük həcmdə sərmayə qoyuluşu tələb olunarkən Ulu Öndər beynəlxalq neft şirkətləri ilə uğurlu əməkdaşlığın təməlini qoydu: “Ötən müddətdə birlikdə həyata keçirdiyimiz layihələr bu addımın nə qədər düzgün və uzaqgörən olduğunu bütün dünyaya nümayiş etdirdi. Ölkə Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycanda görülən quruculuq-abadlıq işlərinin, dayanıqlı iqtisadiyyatımızın, böyük valyuta ehtiyatlarımızın əsas mənbəyi “Əsrin müqaviləsi”dir.”

SOCAR-ın prezidenti bu inamı ifadə etdi ki,  AÇG nəhəng yataqdır. 25 il əvvəl bu yataqlar blokunun ehtiyatları 500 mln. ton civarında təxmin edilirdisə, bu gün həmin həcm çıxarıldıqdan sonra yataqda ən azı bir o qədər də karbohidrogen ehtiyatlarının qaldığı məlumdur: “Ötən müddətdə bu yatağın işlənməsinə 36 milyard dollardan artıq sərmayə qoyulub. Biz hamımız dünya səviyyəli bu yatağın işlənməsində iştirakımızdan məmnunuq və onun böyük  gələcəyi olduğuna inanırıq. Bu inamımızı da Hasilatın Pay Bölgüsü Sazişini 2017-ci ildə yeniləşdirib 2049-cu ilin sonuna qədər uzatmaqla bir daha təsdiq etmişik. Hazırda regiondakı mövqeyimizi, iri sərmayələr qoyduğumuz dünya səviyyəli obyektləri və infrastrukturu, yaranmış münasibətləri və əlaqələri nəzərə alaraq, SOCAR və BP, bütün tərəfdaşlar  layihədə satışa çıxarılacaq payların alınması məqsədilə tenderdə iştirak etmək niyyətindədirlər.”

Bildirildi ki, Azərbaycan da, tərəfdaşlar da indiyə qədər bu layihədən böyük dividentlər əldə ediblər: “Azərbaycan SOCAR-ın timsalında əldə etdiyi gəlirləri ölkə həyatının taleyüklü sahələrinə, o cümlədən iqtisadi imkanların genişləndirilməsinə yönəltmişdir. Mövcud sənaye kompleksləri innovativ texnologiyalar əsasında  modernizasiya edilib təkmilləşdirilmiş, yeni istehsalat müəssisələri və iş yerləri açılmış, qeyri-neft sektoru gücləndirilmişdir. Biz dünya standartlarına cavab verən güclü potensiala və infrastruktura malikik. Dərin Özüllər Zavodu, gəmi parkımız və yüksək ixtisaslı  işçi qüvvəmiz bu gün start verilən yeni layihəni - “Azəri Mərkəzi-Şərqi” platformasının tikintisini və təchizatını həyata keçirməyə qadirdir. Müstəqillik illərində əldə edilmiş təcrübə və yaradılmış resurslar bu işləri görməyə imkan verir.”

“AÇG-nin tammiqyaslı işlənmə layihəsinin inkişafı  baxımından bugünkü qərar strateji əhəmiyyət kəsb edir” söyləyən SOCAR-ın prezidenti vurğuladı ki, yeni qurulacaq platformanın istismar dövrü ərzində 3 mlrd. barreldən artıq əlavə neftin hasil olunması, Hasilatın Pay Bölgüsü Sazişinin növbəti dövrü ərzində neft sənayemizə daha 40 milyard dollardan çox sərmayə  yatırılması nəzərdə tutulur: “Layihənin mühüm sosial əhəmiyyət daşıması da qeyd olunmalıdır. Tikintinin pik dövründə inşaat-quraşdırma işlərinə 8 minə qədər yerli vətəndaş cəlb olunacaq. Platformanın bütün əsas qurğuları Azərbaycanda inşa ediləcək. Bütün bunlar işsizliyin aradan qaldırılması, qeyri-neft sektorunun genişlənməsi, gənc milli kadrların karyera yüksəlişi üçün əlavə imkanlar yaradacaq.” 

R.Abdullayev sonda bu inamı da ifadə etdi ki,  yeni layihə Azərbaycan iqtisadiyyatının sabit və dayanıqlı inkişafına, xalqımızın maddi rifah halının daha da yaxşılaşdırılmasına, ölkəmizin regionda və beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi mövqelərinin möhkəmlənməsinə mühüm töhfə olacaq.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons  bildirdi ki, bugünkü bəyanat Hasilatın Pay Bölgüsü Sazişini uzadarkən qarşıya qoyduğumuz uzunmüddətli hasilat planlarını dəstəkləyir. Bu qərar Azərbaycan hökuməti və SOCAR-la sıx əməkdaşlıq etmək, AÇG yatağının ehtiyatlarını daha da səmərəli və rəqabətədavamlı şəkildə reallaşdırmaq niyyətimizi nümayiş etdirir.”

O da vurğulandı ki, bu  layihə çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Platformadan əldə olunacaq neft və qaz məhsulunun Səngəçal terminalına qoşulan mövcud AÇG-2 ixrac kəmərinə ötürülməsi məqsədilə yeni yataqdaxili sualtı boru kəmərləri də inşa ediləcək.

Tədbirdə qeyd olundu ki,  gündəlik hasilat gücü 100 000 barrel olan yeni platformanın 2023-cü ildə istifadəyə verilməsi gözlənilir. Yeni layihənin başlanğıcı “Əsrin müqaviləsi”nin 25-ci ildönümünə təsadüf edir.  “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin  işlənməsi üzrə Rəhbər Komitənin (SOCAR, BP, “Chevron”, “INPEX”, “Equinor”, “ExxonMobil”, “TPAO”, “ITOCHU” və “ONGC Videsh”) təsdiqlədiyi 6 milyard dollarlıq layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barrel neft hasilatını təmin edəcək qurğular daxildir. Platformanın istismar müddəti ərzində 300 milyon barrel neftin hasil oluması proqnozlaşdırılır. İlk hasilatın başlaması 2023-cü ildə gözlənilir.  Bu, 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişinin  2049-cu ilə qədər uzadılmasından sonra ilk böyük investisiya qərarıdır.

AÇG layihəsində iştirak edən şirkətlərin səhm payları aşağıdakı kimidir:  BP (30.37 faiz), SOCAR (25 faiz), “Chevron” (9.57 faiz), “INPEX” (9.31faiz), “Equinor” (7.27 faiz), “ExxonMobil” (6.79 faiz), “TPAO” (5.73 faiz), “ITOCHU” (3.65 faiz), “ONGC Videsh Limited”  (2.31faiz).

Sonda SOCAR-ın prezidenti Rövnəq Abullayev və  BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons “Azəri Mərkəzi-Şərqi” layihəsini imzaladılar.

Yeganə Əliyeva, Röya Rasimqızı,
Vüsal Cahanov (foto), 
“İki sahil”