14 noyabr 2025 13:50
84

Ağalıya növbəti köç karvanı çatıb

Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Zəngilan rayonunun Ağalı kəndində ikinci mərəhələ üzrə sakinlərin məskunlaşdırılması prosesi davam edir. Bu gün yola çıxan ailələr artıq doğma yurdlarına qovuşublar.

“İki sahil” xəbər verir ki, Böyük Qayıdışın ilk ünvanı olan Ağalı kəndi bu gün daha 41 ailə olmaqla, 110 nəfərə qucaq açıb.

Ağalı kəndinin ikinci mərhələsində istifadəyə veriləcək evlərin sayı 103 ədəddir. Bunlardan 55-i ikiotaqlı fərdi evlərdən, 3-ü isə üçmərtəbəli 2 bloklu “Townhouse” tipli binalardakı mənzillərdən ibarətdir. 36 ədəd birotaqlı, 12 ədəd isə ikiotaqlı mənzil inşa edilib. Kənddə bütün evlərə kommunikasiya xətləri çəkilib, yaşayış və qeyri-yaşayış binalarının hamısı qazla təmin edilib, evlərdə kombilər quraşdırılıb. Burada ümumi sahəsi 2 hektardan çox olan park salınıb.

Kəndə qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşub və kənddə yaradılan gözəlliyi seyr ediblər. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.