Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə "Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində əhali arasında kompleks tibbi müayinələr, eyni zamanda, sağlamlığın təşviqi ilə bağlı maarifləndirici aksiyaların keçirilməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, noyabrın 14-də nazirliyin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim heyəti, o cümlədən artroloq, nevroloq, terapevt, pediatr, dermatoveneroloq, ginekoloq, fizioterapevt-reabilitoloq və tibb bacıları tərəfindən Cəbrayıl rayonunda əhali üçün səyyar müayinələr keçirilib.
Aksiya çərçivəsində sakinlər arasında nevroloji, artroloji, dermatoloji, ginekoloji, fizioterapevtik, pediatrik reabilitasiya istiqamətlərində, eyni zamanda, nevroloqlar tərəfindən EMQ (Elektromioqrafiya) müayinələri aparılıb. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.
Ortayaşlı əhalidə onurğa, sinir, dayaq-hərəkət, mədə-bağırsaq, dəri-zöhrəvi, həmçinin ümumi serebrovaskulyar xəstəliklərin aşkar edilməsi, 16-65 yaş əhali arasında skolioz və digər vertebrogen problemlərin diaqnostika və bərpası, habelə 14 yaşa qədər uşaqlara pediatr baxışı üzrə müayinələr aparılıb.
Aksiya iştirakçılarına institutun fizioterapevt və reabilitoloqlar tərəfindən profilaktik tövsiyələr verilib. Bildirilib ki, fizioterapiya zamanı yaş, əsas və yanaşı gedən xəstəliklər və həyat fəaliyyəti nəzərə alınmalıdır. Eyni zamanda, medikamentoz terapiya ilə yanaşı, fizioterapiyanın həm təbii, həm də süni fiziki faktorlarını fərdi olaraq təyin etməklə, sağlamlığın erkən əldə olunmasına köməklik etdiyi diqqətə çatdırılıb.
Aksiya zamanı 220-yə yaxın vətəndaş müayinələrdən keçirilib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad edilən digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.
Onlayn qumar oyunlarının təşkilində təqsirləndirilən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib
DİN və AQTA birgə əməliyyat keçirib: 2 tona yaxın yararsız ət məhsulu aşkar olunub/VİDEO