KÖŞƏ

Taleh Bağırov

Dağıdıcı müxalifət “liderləri” istefa verəcəkmi?

05 dekabr 2016 14:52
2733

2013-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində dağıdıcı müxalifət tərəfindən çox böyük ümidlərlə yaradılan “Milli Şura” adlı qurum indi ümidsiz çırpıntılar içində öz acı sonunu gözləyir. Qurumun daxilində son zamanlar yaşanan proseslər daha acınacaqlı və diqqətçəkəndir. Bu isə onsuz da bərbad olan vəziyyətin daha da gərginləşməsinə yol açıb. Yadınızdadırsa elə yarandığı gündən bir müddət sonra Müsavat Partiyası “Milli Şura”nı tərk etmişdi. Sonra İsgəndər Həmidov, “EL” Hərəkatının aparat rəhbəri Zəfər Quliyev və digərləri ardıcıl olaraq istefa verdi. Bəzi şura üzvləri isə seçim qarşısında qalaraq AXCP sədri Ə.Kərimlini kortəbii də olsa, fəallığını artırmağa sövq etdi. “Azadlıq” qəzetinin səhifələrində “Milli Şura”dan istefa verənlər “satqın”, “xəyanətkar” adlandırıldı. Hansı ki, Əli Kərimli bu gün də bu əməlindən əl çəkmir. AXCP sədri ondan üz çevirənləri tənqid və təhqir etməsini  özünün başlıca amalı hesab edir. Hazırkı mərhələdə “Azadlıq” qəzetinin internet səhifəsi olan “Azadlıq.info”da alternativ AXCP-nin sədri Razi Nurullayevin, Almaniyada mühacir həyatı yaşayan keçmiş cəbhəçi Azər Məmmədovun, Sahib Kərimlinin, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu  və digərlərinin şəxsiyyətinin alçaldılması Ə.Kərimlinin düşmənçiliyinin ən aciz yolu sayıla bilər. Bütün bunlara baxmayaraq Ə.Kərimlinin ittihamları heç də cavabsız qalmır. R.Nurullayevin konkret faktlarla Ə.Kərimlini ifşa etməsi ona vaxtında verilən tutarlı cavab idi. R.Arifoğlu da susmaq fikrində olmadığını açıqladığı ittihamlarla nümayiş etdirib. R.Arifoğlu bildirib ki, AXCP adlanan qurumun bütün heyəti Ə.Kərimlinin sifarişi ilə onu gözdən salmağa çalışırlar: “Mən buna etiraz edirəm, ictimaiyyəti, ölkənin demokratik təsisatlarını, liderləri bu məsələyə müdaxilə etməyə çağırıram. Görünməmiş bir hadisə baş verir, bir siyasi lider bir qəzet baş redaktorunu, qəzetin kollektivini mənəvi terrora məruz qoyur, müxtəlif texnologiyalardan istifadə edir, sosial şəbəkələrdə təhqir etdirir”.

Göründüyü kimi, artıq əksər müxalifət funksionerləri arasında gərginlik daha da artmaqda davam edir. Təbii ki, əgər dağıdıcı müxalifət hələ də meydan təfəkküründən qurtula bilməyibsə partiya sədrlərinin istefası qaçılmazdır. Bu isə, çox çətin məsələ kimi görünür. Çünki Ə.Kərimli, A.Hacılı, İ.Qəmbər və digərləri sədrlik kreslosunu Avropadakı himayədarları ilə yaxın ünsiyyət vasitəsi hesab edirlər.