KÖŞƏ

Taleh Bağırov

Dağıdıcı müxalifətin “səfirlik planları”

08 dekabr 2016 22:59
2723

Məlum olduğu kimi, dağıdıcı müxalifət funksionerləri hər zaman xarici ölkələrin (əsasən də Avropa ölkələri) Azərbaycandakı diplomatik nümayəndələri ilə gizli görüşlərdə, müəyyən “fikir mübadiləsində” və nəticə etibarilə maliyyə yardımı almaqda maraqlı olub. Dağıdıcıların bu separat görüşmələri isə haqlı olaraq onlar haqqında müəyyən fikirlərin yaranmasına səbəb olub. Sirr deyil ki, bu cür siyasət seçən dağıdıcı müxalifət partiyaları bununla dövlətin və xalqın mənəfeyinə zərbə vurmağa çalışırlar. Digər tərəfdən, Azərbaycanda fəaliyyət göstərən xarici səfirliklərin diplomatları, hətta səfirlərin özlərinin belə ölkənin dağıdıcı müxalifəti ilə görüşlər keçirmələri anlaşılmaz olaraq qalır.

Yadınızdadırsa bir sıra Qərb ölkələrinin Bakıdakı səfirləri (və yaxud səfirliklərin nümayəndələri) zaman-zaman AXCP sədri Ə.Kərimli və digər müxalifət liderləri ilə görüşürdü. Bu görüşlər barədə xəbər də “Azadlıq” qəzetində dərc edilirdi. Vurğulanırdı ki, görüşlərdə Azərbaycan və hər hansı Qərb ölkəsi arasındakı münasibətlər və digər məsələlər ətrafında fikir mübadilələri aparılıb. Amma “digər məsələlər” deyəndə nəyi nəzərdə tutduqlarını anlamaq olmurdu. Maraqlıdır, məgər Azərbaycan və Qərb ölkələri arasındakı münasibətləri ölkəmizin rəsmi şəxsləri ilə müzakirə etmək olmazdımı?! Əlbəttə ki, mümkündür və belə görüşlər onsuz da keçirilir. Sadəcə, dağıdıcılarla görüşün gözə görünməyən bir neçə tərəfləri var ki, bu da,  ilk növbədə, Qərb səfirliklərinin və səfirlərin tez-tez ölkəmizin daxili işlərinə müdaxilə etmə cəhdləridir. Hərçənd ki, dağıdıcı müxalifət bu görüşlərdə daha çox maliyyə məsələlərinə diqqət ayırır.                  

O ki, qaldı ölkədaxili məsələlərin araşdırılmasına, burada Qərb səfirlikləri diplomatik nümayəndəliyə uyğun olmayan hərəkətlər edirlər. Azərbaycanın daxili işlərinə qarışmağa heç bir dövlətin və ya onun nümayəndəliyinin haqqı yoxdur. Əgər onlar nəsə araşdırmaq istəyirlərsə, yaxşı olardı ki, gedib öz ölkələrində baş verən məsələləri araşdırsınlar. XXI əsr olmasına baxmayaraq Köhnə Dünyada hələ də çoxlu sayda köhnə qaydalar hökm sürür. Hər zaman insan haqlarından danışan, insanın hüquq və azadlığını hər şeydən uca tutduqlarını bəyan edən qərblilər nədənsə Şərq ölkələrində kütləvi şəkildə insan qanı tökülməyən bir günün belə olmasını istəmirlər. Hər halda Avropa ölkələrinin diplomatik nümayəndələri Azərbaycanda araşdırma aparıb daxili işlərimizə müdaxilə etməkdənsə, öz ölkələrinin bu işlərdə hansı səviyyədə iştirak edib-etmədiyini araşdırsalar daha yaxşı olar.