24 may 2026 20:02
107

İbrahim Kalın: Müasir Türkiyə tarixin gedişatını istiqəmətləndirən aktordur

Müasir Türkiyə qlobal proseslərin kənar müşahidəçisi deyil, tarixin gedişatını istiqamətləndirən aktordur.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın hibrid təhdidlərə qarşı mübarizə mövzusunda keçirilən konfransda deyib.

MİT rəhbəri Ankaranın sülhün təşviqində, o cümlədən İranla bağlı razılaşmaların əldə edilməsində fəal rolunu vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə regional miqyaslı oyunçular sırasından çıxaraq ziddiyyətlərin və böhran vəziyyətlərin həllində kömək üçün müraciət edilən ölkəyə çevrilib.

İran mövzusuna toxunan İ.Kalın bildirib ki, fevralın 28-dən etibarən regionda davam edən gərginlik artıq təkcə regional təhlükəsizlik problemi deyil, qlobal enerji və iqtisadi böhran xarakteri alıb. “İran və ABŞ tərəfindən faktiki olaraq ikiqat blokada altında saxlanılan Hörmüz boğazı danışıqlar prosesinin əsas mövzularından biridir. Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırıqlarına uyğun olaraq, böhranın həlli istiqamətində fəal iştirakımızı davam etdiririk”, – deyə MİT rəhbəri vurğulayıb.

O qeyd edib, Türkiyənin Təhlükəsizlik Doktrinası yalnız dövlət sərhədlərinin qorunmasına deyil, həm də regionda balansın təmin edilməsinə, böhranların mənbəyində aradan qaldırılmasına və problemlərin sağlam düşüncə əsasında həllinə yönəlib.

İ.Kalın çıxışında “Terrorsuz Türkiyə” prosesinə də toxunaraq bildirib ki, Ankara müxtəlif terror təşkilatlarına qarşı eyni vaxtda mübarizəni davam etdirir. “PKK terror təşkilatının özünü buraxması və tərksilah olunması, həmçinin bu qanlı təşkilatın üzvlərinin ölkəmizi tərk etməsi istiqamətində mühüm mərhələyə çatmışıq. Terrorçuların Şimali İraqdakı bazalarının ləğvi prosesi davam edir. Sağlam düşüncə, səbir və cəmiyyətin bütün təbəqələrinin konstruktiv yanaşması olduğu təqdirdə, prosesin Ankaranın hazırladığı Yol Xəritəsinə uyğun şəkildə uğurla başa çatacağına qəti inanırıq. Başladığımız işi uğurla yekunlaşdırmaq üçün səylərimizi davam etdirəcəyik”, – deyə İ.Kalın qeyd edib.