09 iyun 2026 12:13
140

"Paramount" "Netflix"i ittiham edib

ABŞ-ın media və əyləncə sektorunda diqqətçəkən qarşıdurma yaşanır. "Paramount Global" və "Skydance Media" ABŞ Ədliyyə Nazirliyinə ünvanladıqları məktubda "Netflix" şirkətini Warner Bros. Discovery-nin satın alınması ilə bağlı planlaşdırılan sövdələşməni pozmağa cəhd göstərməkdə ittiham ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Məktubda qeyd olunur ki, "Netflix" təxminən 110 milyard dollar dəyərində qiymətləndirilən sövdələşməyə qarşı “tammiqyaslı kampaniya” aparır. "Paramount"un iddiasına görə, şirkət müxtəlif vasitələrlə sövdələşmənin əleyhinə ictimai və siyasi rəy formalaşdırmağa çalışır.

İttihamlar nəqliyyat işçilərini təmsil edən həmkarlar ittifaqının sövdələşmənin iş yerlərinə mənfi təsir göstərə biləcəyini əsas gətirərək onun dayandırılmasına çağırış etməsindən sonra səsləndirilib. "Paramount" hesab edir ki, "Netflix" həmin həmkarlar ittifaqını sövdələşməyə qarşı çıxmağa təşviq edir və bu prosesdə dolayı rol oynayır.

Məlumata görə, "Netflix" əvvəllər Warner Bros. Discovery-nin alınmasında maraqlı tərəflərdən biri olub. Lakin şirkət bu ilin fevral ayında satınalma yarışından geri çəkilib. Paramount isə iddia edir ki, bundan sonra Netflix sövdələşmənin nüfuzuna zərbə vurmaq və onun təsdiqlənməsinə mane olmaq üçün tənzimləyici qurumlar və həmkarlar ittifaqları vasitəsilə təzyiq göstərməyə çalışır.

Sövdələşmə baş tutacağı təqdirdə "Paramount" və "Warner Bros. Discovery"nin aktivləri birləşdirilərək təxminən 200 milyon abunəçisi olan nəhəng striminq platforması yaradılacaq. Bu isə hazırda 325 milyondan çox abunəçi ilə bazarın lideri olan Netflix üçün daha güclü rəqabət mühiti formalaşdıra bilər.