09 iyun 2026 16:41
90

Avropa Komissiyasından Rusiya nefti ilə bağlı təklif

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Rusiya neftinə tətbiq edilən qiymət tavanının 2027-ci ilin yanvar ayınadək dəyişdirilmədən saxlanılmasını təklif edib. O, bu barədə Rusiyaya qarşı hazırlanmış 21-ci sanksiyalar paketini təqdim edərkən keçirilən brifinqdə məlumat verib.

“İki sahil” xəbər verir ki,  Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, hazırda bir barel üçün 44,10 dollar səviyyəsində müəyyən edilmiş qiymət tavanı mexanizmi bazarda kəskin təlatümlərin baş verdiyi şərait üçün nəzərdə tutulmayıb. O qeyd edib ki, xüsusilə Hormuz Boğazı ətrafında yaranan gərginlik və boğazın bağlanması ilə bağlı risklər dünya enerji bazarlarında qeyri-müəyyənliyi artırıb.

Ursula fon der Lyayenin fikrincə, mövcud şəraitdə qiymət tavanının dəyişdirilməsindən çəkinmək məqsədəuyğundur. Onun sözlərinə görə, növbəti aylarda bazarın sabitləşəcəyi gözlənilir və bu müddət ərzində mövcud mexanizmin qorunub saxlanılması daha məqsədəuyğun yanaşmadır.

Xatırladaq ki, Avropa İttifaqı 2025-ci ildə Rusiya mənşəli Urals nefti üçün yeni qiymət tənzimləmə mexanizmi tətbiq edib. Həmin qaydalara əsasən, qiymət tavanı hər altı aydan bir dünya bazarındakı orta qiymətdən 15 faiz aşağı səviyyədə avtomatik müəyyən edilir.